“Şampan süzüb, zorla məni içirtməyə çalışdı” - Cəfərovdan şok açıqlama

6-08-2016, 21:02           
“Şampan süzüb, zorla məni içirtməyə çalışdı” - Cəfərovdan şok açıqlama
Azərbaycan yığmasının yarımmüdafiəçisi Elnur Cəfərov Portuqaliyanın "Tondela" klubundan ayrılmasının səbəblərindən danışıb.

“Qafqazinfo”nun məlumatına görə, azerisport.com-a açıqlamasında o, bunları söyləyib:

"Məni Portuqaliyada çox yaxşı qarşıladılar. Müqavilə imzaladıq və dərhal da məşqlərə başladım. Mətbuatda yazırlar ki, müqavilədə mənim bir ay ərzində baxışda olacağıma dair bənd var imiş. Bu, doğru deyil. Belə bir şey olsaydı, heç razılaşmazdım. Baş məşqçi ilə də münasibətlərim yaxşı idi. İlk oyundan sonra hətta məni tərifləmişdi. Hazırlaşmağımı, komandaya lazım olduğumu söyləmişdi.

Hər şey AÇ-2016-nın final oyununa qədər yaxşı idi. Ederin finalda vurduğu qol Portuqaliyanı Avropa çempionu etdi. Komandanın baş məşqçisi Armandu Petit bu münasibətlə komandanın bütün futbolçularının qarşısına bakal, içki qoydu, qələbəni belə qeyd etməyə başladılar. Hamısı mənim müsəlman olduğumu bilirdi. Amma baş məşqçi mənə yaxınlaşıb niyə içmədiyimi soruşdu. Ona bildirdim ki, mən müsəlmanam, inanclarımız spirtli içki içməyə icazə vermir. Amma o, məni buna məcbur etməyə çalışdı. Bakala şampan süzüb, zorla məni içirtməyə çalışdı. Mən onun əlini kənara etmək istərkən təsadüfən bakal yerə düşdü və sındı. Hər şey də bununla bitdi.

Bu hadisə mənim "Tondela"dakı dönüş nöqtəm oldu. Ondan sonra mənə münasibət tam dəyişdi. Məni meydana az buraxmağa başladı. 5-10 dəqiqə şans verirdi. Bir oyunda 25 dəqiqə oynadım, qol da vurdum. Özümü tərifləmək istəmirəm, amma orada heç kimdən zəif deyildim. "Tondela" "Sportinq" və ya "Benfika" deyil ki, məndən elə-belə yerə imtina etsinlər. Baş məşqçi məşqlərdə də mənə qarşı prinsipial davranmağa başlamışdı".

Cəfərovun sözlərinə görə, bütün bunların nəticəsi kimi, klub onu başqa komandaya icarəyə göndərmək istəyirmiş: "Sonda mənə bildirdilər ki, səni beş aylıq ikinci liqa klublarından birinə icarəyə vermək istəyirik. Yoxlama oyunları zamanı ikinci liqa klublarına qarşı oynamışdım və düşündüm ki, orada inkişaf etməyim çətin məsələdi. Belə olan halda klubu tərk etməkdən başqa çarəm qalmadı. Qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verməli olduq. Qeyd edim ki, məni oradan heç kim qovmayıb. Təəssüf ki, bəzi mətbuat orqanlarında mənim bu klubdan qovulduğumu yazdılar. Artıq üstümdən xətt çəkənlər də var.

“Tondela”dan ayrılmağım mənim xaricdə oynamaq planlarımı dəyişdirmir. Yenə də ölkə xaricində oynamaq istəyirəm. Təklif də var. Yaxın günlərdə qərar verəcəyəm".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.