“Qarabağ”ın rəqiblərinitanıyaq

29-08-2016, 09:12           

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqibləri müəyyənləşib.

Bu mövsümdə “Qarabağ” İtaliyanın “Fiorentina”, Yunanıstanın PAOK və Çexiyanın “Slovan” klubları ilə birlikdə “J” qrupunda mübarizə aparacaq. Rəqiblərimiz haqda ətraflı məlumatı təqdim edirik.

“Fiorentina” (İtaliya)

“Fiorentina” klubu 1926-cı ildə yaradılıb və İtaliyanın Florensiya şəhərini təmsil edir. Komanda indiyə qədər ikiqat İtaliya çempionu, 6 dəfə İtaliya kuboku və bir dəfə də İtaliya Superkubokunun qalibi olub. “Fiorentina” iki dəfə UEFA kubokunun finalında iştirak edib. Ötən mövsümü isə İtaliya A Seriyasını beşinci pillədə başa vurub və Avropa Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanıb. Florensiya təmsilçisi ev oyunlarını 47 min 282 nəfərlik tutuma malik olan “Artemio Franki” stadionunda keçirir. Komandanın hazırda baş məşqçisi portuqaliyalı Paulu Souzadır və “Fiorentina” hazırda UEFA klubların reytinq sıralamasında 34-cü pillədə qərarlaşıb. Komandanın heyətində Argentina, Polşa, Sloveniya, Çili, Xorvatiya, İspaniya kimi ölkələri təmsil edən futbolçular çıxış edir.

PAOK (Yunanıstan)

PAOK klubunun əsası 1877-ci ildə İstanbulda qoyulub. Ancaq klub həmin illərdə futbol yox, idman klubu kimi fəaliyyət göstərirdi. PAOK türklərlə yunanlar arasında müharibə başladıqdan sonra Salonikə köçməyə məcbur olur. 1926-cı ildə isə futbol klubu kimi fəaliyyət göstərməyə başlayır. Komandanın adı dörd sözün birləşməsindən yaranıb. PAOK – Panthessalonikeios Athlitikos Omilos Konstantinoupoliton (Konstantinapolun Pan-Saloniki İdman Klubu). Klub Yunanıstan nəhənglərindən sayılmasa da, bu ölkənin sayılıb-seçilən komandalarından hesab olunur. Yunanıstan təmsilçisi iki dəfə ölkə çempionu olmaqla yanaşı, dörd dəfə də ölkə kubokuna sahib çıxıb. Rəqibimiz ötən mövsüm Yunanıstan Superliqasını dördüncü pillədə başa vurub. Komandanın baş məşqçisi serbiyalı Vladimir İviçdir. Rəqibin heyətində yunanıstanlı futbolçular çoxluq təşkil etsə də, Braziliya, İspaniya, Argentina kimi ölkələrdən də legioner futbolçuları var. Komanda ev oyunlarını 28 min 700 yerlik tutuma malik “Tumba” stadionunda keçirir. PAOK-un ev oyunlarında bir qayda olaraq anşlaq olur. Sözügedən komanda UEFA klubların reytinq sıralamasında 67-ci pillədə qərarlaşıb. Komanda bu mövsüm Avropa Liqasında pley-off mərhələsindən mübarizəyə başlayıb və Gürcüstanın “Dinamo” klubunu iki oyunun nəticəsinə görə 5:0 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb.

“Slovan” (Liberets, Çexiya)

“Slovan” klubu 1958-ci ildə yaradılıb və Liberets şəhərini təmsil edir. Rəqibimiz ev oyunlarını 9 min 900 yüz nəfərlik tutuma malik olan “U Nisı” stadionunda keçirir. “Slovan” üçqat Çexiya çempionudur və iki dəfə də ölkə kubokunun qalibi olub. Ötən mövsüm isə çempionatın bürünc mükafatçısı olub. Komandaya çexiyalı İndrix Trpisovski rəhbərlik edir. Kollektiv əsasən yerli futbolçulardan ibarətdir və komandada cəmi beş legioner futbolçusu var (ikisi Slovakiya, ikisi Rusiya və biri isə Nigeriyanı təmsil edir). Liberets təmsilçisi hazırda UEFA klubların reytinq sıralamasında 81-ci pillədə yer alır. Bu mövsüm Avropa Liqasında üçüncü təsnifat mərhələsindən mübarizəyə başlayan Çexiya klubu Avstriyanın “Admira” , pley-off-da isə Kiprin “AEK Larnaka” komandasını mübarizədən kənarlaşdırıb(azərtac).












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.