Çexiya milli komandasının futbolçuları ekstazi həbləri almaqda şübhəli bilinir

19-04-2017, 09:40           
Çexiya milli komandasının futbolçuları ekstazi həbləri almaqda şübhəli bilinir
Çexiya milli komandasının futbolçuları Ondrjey Vanek və Yan Kopits Praqa məhkəməsinə şahid qismində çağırılıblar.
"Report"un "iDNES" nəşrinə istinadən məlumatına görə, hər iki yarımmüdafiəçi ekstazi həbləri almaqda şübhəli bilinir.
Onların adları narkotik satışında ittiham olunan Vitezslav Meyşner işində hallanır. İttiham aktına əsasən, Vanek Meyşnerdən narkotik vasitələr əldə edib, Kopits isə cəmi bir aydır tanıdığı narkodilerə yarım milyon kron ödəyib.
Araşdırma mövzusu olan hadisələr 2016-cı ilin yazında baş verib. Həmin vaxt hər iki oyunçu "Viktoriya"da çıxış edib. Güman edilir ki, hazırda Rusiyanın "Ufa" komandasının formasını geyinən Vanek Meyşnerdən narkotik vasitəni gecə klubunun girişində alıb. Şahidlərdən biri də onların tanış olduqlarını təsdiqləyib. Həmin şəxs Meyşneri elə Vanekin vasitəçiliyi ilə tanıdığını bildirib.
Polis narkodilerin indiyədək 8 min həbdən çox ekstazi satdığını ehtimal edir. Həbs olunarkən onun üzərində yarım kiloqramdan çox kokain aşkarlanıb.
Qeyd edək ki, Ondrjey Vanek "Ufa" ilə 2016-cı il iyulun 8-də müqavilə bağlayıb. Yan Kopits isə hələ də "Viktoriya"da forma geyinir. O, Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la həm ev (0:0), həm də səfər (1:1) matçlarında meydana ikinci hissədə daxil olub. Kopits cavab görüşündə Ağdam klubunu mübarizəni dayandırmağa vadar edən bərabərlik qolunun ötürməsinin müəllifi olub.
Hər iki oyunçu həm də Çexiya yığmasının üzvüdür. Lakin 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində hələ oynamayan Vanekdən fərqli olaraq, Kopits bir oyunun iştirakçısı olub. 27 yaşlı yarımmüdafiəçi 2016-cı il sentyabrın 4-də Şimali İrlandiya ilə ev oyununda (0:0) meydana ikinci hissədə daxil olub. Onun adı Azərbaycan millisinə qarşı ötən ilin 11 oktyabrında Ostravada keçirilmiş görüş (0:0) üçün dəvət alan futbolçuların ehtiyat siyahısında olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.