Ermənistan Laçın və Kəlbəcəri niyə qaytarmaq istəməyib? - ARAŞDIRMA

20-10-2020, 09:18           
Ermənistan Laçın və Kəlbəcəri niyə qaytarmaq istəməyib? - ARAŞDIRMA
Suqovuşan, Sərsəng, Xaçınçay su anbarı, Xudafərin, Füzulidə Köndələn çayının üzərində 3 kaskad anbarlar bu illər ərzində ermənilər tərəfindən istismar edilib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov danışıb.

Onun sözlərinə görə, erməni Sərsəng su anbarından daim zərər vermək üçün istifadə edib. Belə ki, Tərtərə su lazım olanda suyu kəsib, daşqın olanda, suya ehtiyac olmayanda isə su verib:

"Biz hələ Sərsəng su anbarını almamışıq. Qarabağın düzən hissəsinin su mənbəyi olub. Erməni deyir ki, 5 rayon qaytarılsa da, 2 rayon qaytarılmayacaq. Buna səbəb kimi isə Tərtər və Həkəri çaylarının mənbəyi Kəlbəcərdədir. Onlar bizim anbarlarımızı daim istismar ediblər. Məsələn, Xudafərin Cəbrayıl ərazisindədir. Xudafərin su anbarından 12 kilometr aşağıda "Qız qalası" su qovşağı var. İran və Azərbaycan Xudafərindən heç vaxt su götürməyib. Biz hər zaman "Qız qalası"ndan su götürmüşük".
Mütəxəssis bildirir ki, Xudafərin su anbarının və "Qız qalası" su qovşağının layihəsi Bakıda hazırlanıb. Əslində anbar və qovşaq 1980-cı illərdə tikilməli idi: "Layihə qəribə hazırlanmışdı. Körpünün biri bənd olan yerə düşürdü. Su anbarları dərələrin əlverişli yerlərində tikilməlidir. Ən əlverişli yer bənd olan yer idi. Bizim tarixçilərin müdaxiləsindən sonra körpülər bir az yuxarı sürüşdürüldü. Və körpülər su altında qalmaqdan xilas edildi".

Ekspertin sözlərinə görə, Azərbaycanda 140 su anbarı var. Ancaq işğal altında olan su anbarlarının ən önəmlisi məhz Sərsəng su anbarıdır. Belə ki, Sərsəng su anbarı düzən yerdə tikilib. Ermənilərin həmin ərazilərdə suvarılacaq yerləri azdır:

"Onlarda əkin sahəsi yoxdur. Əraziləri dərə-təpədir. Sərsəng su anbarı bizə xidmət edirdi. Ermənilər çox alçaqcasına yazırdılar ki, su anbarı elə tikilib ki, ermənilər istifadə edə bilməsin. Ancaq bunlar başa düşmür ki, anbarlar dərələrin dar olduğu ərazilərdə tikilir. Bu zaman görülən işin həcmi azalır. Sərsəng su anbarının yeri uyğun olduğuna görə orada tikilib. Dağlıq Qarabağa su o qədər də lazım deyil. Həmin yerlərə düşən atmosfer yağıntısının miqdarı buxarlanmanın miqdarından yuxarıdır".
Mütəxəssis bildirir ki, Suqovuşanın və Cəbrayılın işğaldan azad edilməsi Azərbaycan iqtisadiyyatına fayda verəcək: "Bizim torpaqlar dəmyə torpaqlardır. Orada suvarma olmadan belə üzüm, taxıl əkilirdi. Məhsulumuz bol olurdu. Belə ki, hektara 20-25 sentner məhsul götürürdük. Amma Kür-Araz düzənliyində Mingəçevir anbarından Xəzərə qədər Kürün, Arazın sahilləri boyu düzən ərazilərdə suvarma aparmadan 1 kiloqram da məhsul götürmək mümkün deyil".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.