“Son vaxtlar Türkiyədə iqtidara yaxın media Özəli CHP lideri kimi dolayısıyla təbliğ edir...”
7-05-2024, 16:24
“Keçmiş CHP sədri Kamal Kılıçdaroğlu “X” sosial şəbəkəsində hazırkı sədrə bu mövzuda ciddi iradlar bildirir və Ərdoğan- Özgür görüşünün pariyaya nə qədər minus gətirəcəyini ifadə edir...”
“Birincisi, Türkiyə ölkənin iqtisadi böhran, inflyasiya, işsizlik problemləri ilə üzləşdiyi və cəmiyyətin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Prezident seçkilərindən öncə verdiyi vədlərə əməl etməsini gözlədiyi bir ərəfədə 31 mart bələdiyyə seçkilərinə getdi. Və nəticə də o oldu ki, son 21 il ərzində hakim AKP və onun lideri ilk dəfə məğlubiyyətini etiraf etdi. CHP-nin yeni lideri Özgür Özəl isə ilk dəfə olaraq partiyası ilə seçkilərə getdi və ciddi qələbə qazanaraq Türkiyənin birinci partiyası olduğunu isbatladı”.
Bu fikirləri Moderator.az-ın “Partiyası bələdiyyə seçkilərində məğlub olmuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 illik fasilədən sonra CHP lideri ilə görüşməsi kimi olaylar bu ölkə üçün hansı siyasi gələcək vəd edir?” sualını cavablandırarkən İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı, beynəlxalq münaisbətlər üzrə analitik Teymur Qasımlı ifadə edib.
“Qısa olaraq onu deyim ki, Ərdoğanın bələdiyyə seçkilərində məğlub olmasının ən önəmli səbəblərindən biri o oldu ki, o, bir il öncəki Prezident seçkilərində verdiyi iqtisadi vədlərin heç birini yerinə yetirə bilmədi. Nəticədə ölkədə inflyasiya, bahalaşma, işsizlik getdikcə artmaqdadır. Və CHP-yə gedən səslərin çoxu da AKP-yə son 21 ildə verilmiş səslərin sanki bir qəzəb səsi idi. Düzdü, seçkilərə qədər Ərdoğan praqmatik bir siyasət apararaq xarici dəstək almağa nail olmuşdu. Lakin daxili siyasətdə bunu edə bilmədi...
Konkret 8 ildən sonra ana müxalifət lideri ilə görüşməsi məsələsinə gəldikdə... Birincisi, hələ ötən ilin payızında Özgür Özəl CHP-yə yeni sədr seçildikdən sonra Ərdoğan onu qəbul etmirdi, ona qarşı sarkazmlı ifadələr işlədirdi. Lakin bələdiyyə seçkilərindəki məğlubiyyətdən sonra o, dövlət başçısı və AKP lideri olaraq yeni bir taktika seçməli oldu. Belə ki, son vaxtlar Türkiyə hakimiyyətə yaxın telekanal, qəzet və saytlar Özgür Özəli bir CHP lideri kimi təqdim və təbliğ edirlər. Məqsəd odur ki, Ərdoğan 2028-ci ildə Mənsur Yavaş və Əkrəm İmamoğlunun namizəd olmaması üçün bu gün Özgür Özəli dolayısıyla təbliğ edilməsini məsləhət bilib. İkincisi, Prezidentlə bu görüşmə ilə sanki Türkiyə müxalifəti və CHP daxilində müəyyən intriqalar yaradılmasına nail olmaqdır. Üçüncü səbəb isə ondan ibarətdir ki, qarşıda yeni Konstitusiya – Ana Yasa dəyişikliyi gözlənilir. Və burada AKP liderinin öz oyun və taktikaları var. Məqsəd ondan ibarətdir ki, Prezident üsul idarəsi ləğv edilsin, parlament idarəçiliyi bərpa olunsun və Ərdoğan yenidən baş nazir seçilsin. Hesab edirəm ki, Ərdoğanın 8 ildən sonra ana müxalifət lideri ilə görüşməsinin taktiki səbəbləri bunlardır. Ancaq həmin taktikanın nə dərəcədə uğurlu olacağını zaman göstərəcək”, -deyə davamında şərhçi bildirib.
“Bu arada CHP cinahından, müxalifət cinahından Özgür Özələ qarşı sərt ittihamlar var. O, Prezident Ərdoğanla görüşdüyünə görə qınanılır. Hətta keçmiş CHP sədri Kamal Kılıçdaroğlu “X” sosial şəbəkəsində hazırkı sədrə bu mövzuda ciddi iradlar bildirir və həmin görüşün pariyaya nə qədər minus gətirəcəyini ifadə edir. Onu da deyim ki, Ərdoğan-Özəl görüşündə mətbuata açıqlanan-açıqlanmayan maraqlı məqdamlar da olub.
Bütün bunları təhlil edəndə belə nəticəyə gəlmək olur ki, müxalifətin qələbəsi ilə başa çatan son bələdiyyə seçkiləri də, Türkiyə dövlət başçısının 8 ildən sonra ana müxalifət lideri ilə ilk dəfə görüşməsi də Türkiyə xalqına daha demokratik, daha sivil və iqtisadi, siyasi, elmi və s. cəhətdən inkişaf etmiş bir ölkə vəd edir”, - deyə analitik vurğulayıb.
Sultan Laçın