Faşizm üzərində Qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi - Israfil Kərimovun yazısı

7-05-2024, 10:28           
Faşizm üzərində Qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi -
Faşizm üzərində Qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi
1941–1945-ci illər Böyük Vətən müharibəsində qazanılan qələbədə
Azərbaycan xalqının böyük payı olub. Bu müharibədə respublikamızın 600
mindən çox nümayəndəsi iştirak edib. Müharibə illərində Azərbaycan SSR
ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, həmçinin bir neçə milli
diviziya formalaşdırıldı. Həmçinin 11 mindən artıq qadın səfərbərliyə alındı,
260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəldi.
Hərbi hissələr üçün 15 min tibb işçisi və sanitar drujinaçısı, 750 rabitəçi, 3
min sürücü hazırlandı. Müharibə illərində göstərdikləri igidliyə görə 170
mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.
Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 271,
396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı
döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad,
Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış
məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar
Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da
yaxından iştirak ediblər.
Faşizmə qarşı mübarizədə 121 nəfər Azərbaycan SSR vətəndaşı
(onlardan 43 nəfəri azərbaycanlıdır) Sovet İttifaqı Qəhrəmanı adına, 30
nəfər (onlardan 15 nəfəri azərbaycanlıdır) “Şöhrət” ordeninin tam üç
dərəcəsinin kavaleri oldu. Azərbaycanlılar Fransa, İtaliya və digər
dövlətlərin orden və medallarını almışlar. Xalqımızın qəhrəman övladları
yüzlərlə yaşayış məntəqəsi uğrunda igidliklə döyüşüb, Yuqoslaviya, Polşa,
Çexiya və digər ölkələrin azad olunmasında yaxından iştirak ediblər. 1941
– 1945-ci illər Böyük Vətən müharibəsində Həzi Aslanov, İsrafil
Məmmədov, Mehdi Hüseynzadə, Gəray Əsədov, Hüseynbala Əliyev,
Züleyxa Seyidməmmədova, Ziya Bünyadov kimi Azərbaycan övladları
böyük rəşadət göstərərək adlarını müharibənin tarixinə qızıl hərflərlə
yazıblar.
Bakı neftçiləri 1941–1945-ci illər Böyük Vətən müharibəsinin ən böyük
qəhrəmanlarından biri idi. Azərbaycan neftçiləri şücaət göstərərək cəbhəni
və sənayemizi yanacaqla təmin ediblər. Müharibə illərində neftçilərimiz
ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları
veriblər, aviasiya benzini almaq üçün Akademik Yusif Məmmədəliyevin
rəhbərliyi ilə yeni texnologiya yaradılıb. Ümumilikdə, SSRİ-nin müharibədə
sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin isə 80 faizi Azərbaycanın
payına düşüb. Həmin dövrün tanınmış siyasətçiləri, hərbçiləri Azərbaycan
neftçilərinin fəaliyyətini yüksək qiymətləndirib, neftçilərimizin müharibədə
qazanılan qələbədəki payından bəhs ediblər. Cəbhədə düşmənə ağır
zərbələr endirməyə imkan verən yüksək oktanlı aviasiya yanacağının da
Azərbaycanlı alimlər tərəfindən kəşf olunması ölkəmizin bu müharibədə
göstərdiyi əzmkarlıq və rəşadətin bir nümunəsidir.
Həmin illərdə Bakı SSRİ-nin ən vacib silah istehsalat mərkəzlərindən
birinə çevrilmişdi. Artıq müharibə illərində Bakıda müxtəlif növlərdə silah,
sursat, hərbi mərmi və əşya istehsal olunurdu, qırıcı, maşın yığılan
zavodlar yaradılırdı. 1941–1945-ci illər Böyük Vətən müharibəsi illərində
Azərbaycanın nəqliyyatçılarının və xalq təsərrüfatının da xüsusi fəaliyyəti
olmuşdur. Bakı dəmiryolçuların şücaəti nəticəsində cəbhəyə və xalq
təsərrüfatının ehtiyacları üçün 1 milyon 600 min vaqon, o cümlədən 480
min vaqona qədər quru yük göndərilmişdir.
1941-ci ildə Azərbaycan SSR-də 66 hərbi hospital yaradılması, donor
hərəkatının genişləndirilməsi, müxtəlif dərman preparatlarının hazırlanması,
professor Əziz Əliyevin sədrliyi ilə “Yaralı Döyüşçülərə və Xəstələrə Kömək
Komitəsi” – nin yaradılması xalqımızın tibb sahəsində də necə fədakarlıq
göstərdiyini bir daha sübut edir. Müharibə illərində dahi bəstəkarlarımız da
vətənpərvərlik mövzusunda yeni əsərlər, mahnılar hazırlayaraq orduya və
xalqa dəstək olmağa çalışırdı.
Ulu Öndər Heydər Əliyev Böyük Vətən müharibəsində qələbənin əldə
olunmasında Azərbaycanın xüsusi rolu olduğunu hər zaman vurğulamış,
müharibə veteranlarının xidmətlərini çox yüksək qiymətləndirmişdir. Heydər
Əliyev müharibə iştirakçılarına qayğı göstərmək, hörmət etmək, onların
bütün problemlərini həll etməyin vacibliyini həmişə diqqət mərkəzində
saxlamışdır. 1941–1945-ci illər Böyük Vətən müharibəsində faşizm
üzərində qazanılan qələbə hər il ölkəmizdə dövlət səviyyəsində təntənəli
olaraq qeyd edilir. Prezident İlham Əliyev hər zaman müharibə
veteranlarına və onların ailə üzvlərinə olan qayğının artırılması üçün yeni
sərəncamlar imzalayır, qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla
anır, müharibə veteranları ilə görüşür. Hər il cənab Prezident İlham Əliyev
tərəfindən imzalanmış sərəncamla 1941-1945-ci illər Böyük Vətən
müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş
döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və
medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi ölkə
rəhbərliyi tərəfindən qəhrəmanlarımıza olan qayğını bir daha sübut edir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.