Zərdüşt Əlizadədən ŞOK SÖZLƏR: - "Putin xuliqanın biridir"

29-06-2020, 19:17           
Zərdüşt Əlizadədən ŞOK SÖZLƏR: -
Moskvada iyunun 24-də keçirilən hərbi parad, həmin parad öncəsi Putinin məqalə ilə çıxış edərək, müəyyən mesajlar verməsi, Rusiyada keçiriləcək referendum, eləcə də rəsmi Moskvanın Belarusun və Ermənistanın daxilində siyasi gərginliyi artırdığına dair iddialar hazırda keçmiş SSRİ məkanında ən çox müzakirə olunan mövzulardandır.

KONKRET.az politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edir:

– Zərdüşt bəy, MDB ölkələri iyunun 24-də Moskvada faşizm üzərində qələbənin 75-ci ildönümü münasibətilə təşkil edilən tədbirə ciddi maraq göstərmədilər. Sizcə, bu nə ilə bağlıdır?

– Əvvəla, MDB artıq öz əhəmiyyətini tədricən itirir. 1991-ci ildə SSRİ dağılanda sonuncu dəfə sabiq sovet respublikalarının rəhbərləri Alma-Ata şəhərində toplaşdılar və MDB haqqında müqavilə imzaladılar. O zaman Ayaz Mütəllibov da Alma-Ataya getmişdi, hərçənd ki, onu oraya dəvət etməmişdilər. Amma Mütəllibov Nazarabayevə zəng edərək, oraya getdi. Sözsüz ki, Nazarbayev də buna şərait yaratdı. Hansı ki, o zaman bunda nə Rusiya, nə də Ermənistan rəhbərliyi maraqlı deyildi. Amma Mütəllibov MDB haqqında müqaviləni imzaladı. O, Bakıya qayıdanda kefi kök idi. Əfsuslar olsun ki, bundan sonra Bakıda AXC və onun şəbəkəsi isterikaya düşdü. Bəyan etdilər ki, Mütəllibov yenidən imperiyanın tərkibinə gayıdır və s.

Hikmət Hacızadə də Moskvada səfir olanda Bakıda hakimiyyətdə əyləşən AXC hökumətinə hey yazırdı ki, gəlin Moskvaya, yoxsa ruslar ora gələcək. O vaxt MDB-yə üzv olmadığına görə, Azərbaycanın başına bəlalar gəldi. AXC devrildi. Heydər Əliyev gəldi və MDB-yə daxil oldu. Beləcə, aydın oldu ki, MDB imperiya deyil, beynəlxalq təşkilatdır. İndi MDB-nin yaranmasından az qala 30 il keçir və bu qurum yavaş-yavaş ölür. Ölkələr tədricən MDB-dən çıxır. O ölkələr çıxır ki, artıq onların başına hansısa bəlalar gəlib. Məsələn, Gürcüstan MDB üzvü olmadı, nəticədə Qamsaxurdiya devrildi, Şevardnadze gələndən sonra ölkə MDB-yə üzv oldu, amma gec idi. Nəticədə Abxaziya və Osetiya itirildi. İndi isə MDB-nin əhəmiyyəti qalmır. Əvəzində, Avrasiya Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yaranıb. MDB-nin əhəmiyyəti ancaq ondadır ki, bu quruma üzv olan ölkələr arasında viza rejimi yoxdur, gediş-gəliş sərbəstdir.

24 iyunda keçirilən parada gəldikdə isə məlumdur ki, bu tədbir pandemiya səbəbindən təxirə salınmışdı. Putin düşünürdü ki, ora böyük dövlətlərin başçıları gələcək. ABŞ, Fransa, İngiltərə prezidentləri Moskvada paradı seyr edəcək. Amma bu, pandemiyaya görə alınmadı. Hərənin öz dərdi var, ölkələrdə iqtisadi böhran baş verir. Məsələn, heç kəsin ağlına gələ bilməzdi ki, qüdrətli Amerika koronavirusa görə bu hala düşər. Digər ölkə başçılarına gəldikdə, onlar da məhz pandemiyaya görə parada getmədilər. Amma bundan bəhanə kimi istifadə edənlər də oldu.

Ermənistan Baş naziri Paşinyanın parada getməməsi təbii ki, maraqlı idi. Əvvəla, Rusiya açıq-aydın onların daxili işlərinə qarışır. Putinin göstərişi ilə Ermənistan məhkəməsi Robert Köçəryanı həbsdən azad etdi. Məhz Rusiyanın açıq dəstəyi ilə erməni müxalifəti fəallaşır. Belə şəraitdə sırtıq Paşinyanın gəlib paradda özünü Putinin dostu kimi göstərməsi real görünmürdü.

Belarusda isə avqustda prezident seçkiləridir. Artıq Lukaşenkoya müəyyən problemlər yaradılır. Əlbəttə ki, əhali də Lukaşenkodan bezib.

Azərbaycanın Moskvadakı parada getməməsinin isə öz səbəbi var. Azərbaycan israrla tələb edir ki, Moskva Ermənistana dəstəyi dayandırsın. Ancaq Rusiya İrəvana dəstək verməkdə davam edir.

Odur ki, indi hamı pandemiyanı əsas gətirir, digər tərəfdən Rusiyanın əvvəlki nüfuz və təsir gücü yoxdur. Bu, göstərir ki, əgər belə demək mümkünsə, camaat onunla ehtiram məsafəsi saxlamağa üstünlük verir.

– Sizcə, Lukaşenkonun Moskva səfərini yarımçıq kəsərək təcili Minskə qayıtması, Xorvatiya liderinin “təyyarəsinin xarab olması” səbəbindən Moskvaya gələ bilməməsi kimi hallar təsadüfdürmü?

– Əslində, bunlar göstərir ki, Rusiya əvvəlki Rusiya deyil. Düşünün, bir qüdrətli imperiya süquta doğru gedirsə, bu zaman ətrafdakı ölkələr daha çox sərbəst olmağa başlayır. XX əsrin əvvəllərində dünyada ən qüdrətli imperiya İngiltərə imperiyası idi. Hindistan, indiki Pakistan ərazisi, eləcə də Afrikanın çox hissəsi imperiya ərazisi hesab olunurdu. Amma bu imperiya dağılmağa başladı. Beləcə, proses davam etdi və gəlib İngiltərənin özünə çatdı. Artıq Şotlandiya Londonun nəzarətindən çıxmaq istəyir, ola bilsin ki, nə zamansa İrlandiya da bu məsələni qaldıracaq və s. Belə bir tənəzzül proses nə üçün Rusiyadan yan keçsin? Bəli, SSRİ qüdrətli dövlət idi. Amma o, hakimiyyətin başında duran şəxslər sayəsində dağılmağa başladı. Hətta SSRİ respublikalarının özlərinin içərisində parçalanma müşahidə edildi. Qarabağda separatçılar baş qaldırdı, Moldova parçalandı, Ukrayna da parçalandı. Bu, Rusiyada da olacaq. Bir dəfə silah və zor gücünə Çeçenistanı saxladılar. Amma kim zəmanət verə bilər ki, buna oxşar bir hadisə yenidən baş verməyəcək?

Üstəlik, Rusiyada hakim zümrənin aşınması da göz önündədir. Məmurlar ölkəni talayır, qanunlara hörmət etmirlər, əhalinin təhsil, elmi səviyyəsi aşağı düşüb. Bu, bir qlobal prosesdir ki, gedir. Məsələn, gözümüz önündə Türkmənistan yuvarlanıb orta əsrlərə getdi, Tacikistanda vətəndaş müharibəsində 80 min insan öldü, Qırğızıstanda 4 prezidentdən 3-ü qaçıb, biri həbsdə yatır. Bunlar göstərir ki, əslində iqtisadi, siyasi, humanitar böhran prosesləri bütövlükdə bu məkanı əhatə edib. Azərbaycanın özünü götürək. Neft pulları hesabına tikintilər aparılıb, Bakının siması bir qədər dəyişib. Amma problemlərin həlli məsələsi yoxdur.

– Putinin II Dünya Müharibəsinə dair məqaləsi xüsusi maraq doğurur. Məqalədə bəzi ölkələrin SSRİ-yə daxil olarkən Rus xalqının onlara torpaqlar verdiyi, amma bu ölkələrin ayrılarkən həmin torpaqları özlərinə götürdüyünə dair fikirlər var. Sizcə, bununla Kreml hansı mesajlar verir?

– Bu məqalə xaric üçün hesablanmamışdı. Məqalədə xaricə hesablanan cəmi bir məqam vardı. Putin təklif edirdi ki, BMT Təhlükəsizlik Şurasının üzvlərindən dördü toplaşsın və dünyanın nizamını yenidən qurmaq üçün məsləhətləşsin. Bu, təklif idi. Məncə, heç bir dövlət başçısı bu təklifə ciddi yanaşmadı. Axı onlar nəyə görə, özlərinə aid olan məsələləri Rusiya ilə oturub müzakirə etməlidirlər? Götürək Çini. Hazırda Çin-ABŞ münasibətləri gərgindir. Çin Sakit Okeanda süni adalar qurur, nüvə texnologiyasını inkişaf etdirir, kosmik tədqiqatlarını gücləndirir, iqtisadi problemlərinin həllinə çalışır. Çin bütün bunları həm də ABŞ-la rəqabət mühitində edir. Belə olan halda, nəyə görə Çin, dəfələrlə zəifləyən Rusiya ilə öz problemlərini müzakirə edib ortaq məxrəcə gəlsin? Yaxud, Çinin dərin böhran içində olan İngiltərə ilə öz problemini müzakirə etməsi nə dərəcədə ciddi addım olardı? Hamı bilir ki, İngiltərə ABŞ-ın quyruğunda sürünən kiçik dövlətdir. Nə olsun ki, nüvə silahı var? Və ya, Çin nəyə görə, Fransa ilə öz problemlərini həll etməlidir? Bu kontekstdən hesab edirəm ki, Putinin məqaləsində irəli sürdüyü həmin təklif ciddi qarşılanmadı.

Konkret məqalədə siz qeyd etdiyiniz məqama gəldikdə, məncə, bu fikir daha çox daxili auditoriyaya hesablanmışdı və bununla yanaşı, həm də yaxın ətrafı hədələmək üçün idi. Yəni “özünüzü yığışdırın, biz belə də edə bilərik” deyilirdi. Bəli, Rusiyanın qorumaq gücü olmasa da, dağıtmaq gücü çoxdur.

– Və Putin bu mesajı məhz hərbi paraddan əvvəl verir…

– Bəli, məqalə paraddan əvvəl yazılmışdı. Amma xatırladım ki, ötən ilin sonunda MDB dövlət başçılarının toplantısında da Putin tarixdən “mühazirə” oxumuşdu. MDB dövlət başçıları da onun “mühazirəsi”nə qulaq asmışdı.

Amma bu dəfə Putinin məlum məqaləsinə İsrailin sabiq kəşfiyyat rəhbəri maraqlı reaksiya verdi. Bildirdi ki, məqalədə ən böyük qüsur odur ki, Putin birləşmiş Avropanın niyə SSRİ-yə, kommunizmə qarşı durduğunu deyə bilməyib. Əslində, Putin bunu deyə də bilməzdi. Tarixi həqiqəti etiraf edə bilməzdi ki, II Dünya Müharibəsinin əsas səbəblərindən biri qərb dünyasının kommunizmə, sosializmə qarşı vuruşması idi.

– Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili son müsahibəsində qeyd edib ki, Vladimir Putin MDB dövlət başçıları ilə ünsiyyətdə çox kobudluq edir. O, şəxsən Putinin onun özünə qarşı davranışından danışıb, Rusiya liderini onu hədələdiyini bildirib. Sizcə, bütün bunlar nə dərəcədə inandırıcıdır?

– Bəli, bu həqiqətdir. Putin Leninqradın məhəllələrində böyüyüb. Xuliqan kimi yetişib. Heç kəs də deyə bilməz ki, Putinin yüksək mədəniyyəti, kübarlığı var. İdmanla məşğul olan zaman onu bir qədər “yonublar”. KQB-də çalışanda isə başa salıblar ki, hislərini büruzə vermə və sair. Amma əslində, Putin xuliqanın biridir. Onun özü bir dəfə qeyd etmişdi ki, küçə davası elminin əsası birinci vurmaqdır. Məhz bu səbəbdən də, Gürcüstanı birinci vurdu, Ukraynanı birinci vurdu, Moldovanı vurdu və s. İndi də Orta Asiya ölkələrinin liderlərinə hədə-qorxu gəlir. Onlar da Ukraynanı, Moldovanı, Gürcüstanı görüb Putinə qorxa-qorxa baxırlar və bilirlər ki, onun əlindən belə şeylər gələr. Ona görə də hamı Rusiyaya böyük təhlükə mənbəyi kimi baxır və hərə bir üsulla özünü sığortalamağa çalışır. Hətta Lukaşenko kimi adamın kürsüsünü “sən bizə tabe olmursan” deyərək, laxladırlar.

– Sizcə, Putinin məlum məqaləsində milli hisslərin qabardılması, o cümlədən pandemiya dövründə hərbi paradın keçirilməsi ona hesablanmırmı ki, Rusiya əhalisi onun daha 12 il hakimiyyətdə qalmasına dair Konstitusiya dəyişikliyinə səs versin?

– Bəli, bu həm də təbliğat kampaniyasıdır. Və bu, əslində Putinin zəifliyinin əlamətidir, gücünün yox. Bu, həm də onu göstərir ki, 20 il ərzində Putin öz siyasi kursunun davamlılığını təmin edə bilən sistem yarada bilməyib. Nəticədə, hər şey bir şəxsə bağlıdır. Özü də o, yaşlıdır, mümkündür ki, səhhətində problemlər var. Amma siyasi sistem yarada bilməyib. Ona görə məcburdur desin ki, mən yenə qalmalıyam. Sözsüz ki, Rusiyada buna gülənlər, onu ələ salanlar da var. Lakin siyasi alətlər onun əlindədir və hər kəsə bəllidir ki, indiki rejim Putinin şəxsi personası ilə bağlıdır. Putin getsə, hər şey dağılmağa başlayacaq.

– Bəs səsvermədən sonra Putin yenidən hakimiyyətdə qalmaq şansını əldə edəcəksə, Rusiya hansı istiqamətdə irəliləyəcək?

– Sözsüz ki, səsvermə və Konstitusiya dəyişikliyi baş tutacaq. Rəqəmləri saxtalaşdırıb, məsələni yoluna qoyacaqlar. Bundan sonra isə hansısa yeni fövqəladə bir proses olmayacaq. Indiyə qədər nə olmuşdusa, bundan sonra da o olacaq. Rusiyanın əlində nə imkan var ki, bundan sonra nə edə bilsin? İndiyə qədər edə bildiyini edib. Bizə, gürcülərə, moldovanlara, ukraynalılara pislik edib. Lazım gəlsə, Orta Asiya ölkələrinə də edəcək. Amma Rusiya əvvəlki Rusiya deyil.

Rusiyanı heç vaxt SSRİ ilə qarışdırmaq olmaz. SSRİ-nin əlində nəhəng resurs vardı – kommunizm ideologiyası. Bütün zəhmətkeş insanlar bu ideologiyaya dayanaraq, özünü bir-birinin qardaşı hesab edirdi. Məhz bu ideologiya Azərbaycanda Nəriman Nərimanov kimi insanları üzə çıxara bilmişdi. Üstəlik, Azərbaycanda kommunistlər hamısı bu ideologiyaya inanırdı. İtaliyada, Fransada, Latın Amerikasında böyük kommunist partiyaları yaranmışdı. Amma bu artıq yoxdur, tarix oldu. Rusiyada bu ideologiyanın yerinə standart burjua ideologiyası gəldi – “qazan və cibini doldur” məsələsi. Onda da başqa xalqların liderləri deyirlər ki, onsuz da biz özümüz bunu bacarırıq, sənə nə ehtiyac var?

Bir sözlə, Rusiyada diqqət çəkən, xüsusi cəlbedici ideologiya yoxdur. Hamı deyir ki, Avropa kimi yaşamaq istəyirəm. Heç kəsin Rusiyaya yaxınlaşmaq, inteqrasiya etmək niyyəti yoxdur. İran və Hindistan Rusiyaya silah, Çin isə xammal mənbəyi kimi baxır. Belarus ona enerji daşıyıcıları mənbəyi kimi yanaşır. Yəni heç kəs Rusiyanı cazibədar model kimi görmür, onun kimi yaşamaq istəmir. Əksinə, onunla məsafə saxlamağa çalışır. Belədə isə iflas qaçılmaz görünür.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.