Sərdar Cəlaloğlu -"Harada demokratiya boğulursa, orada antidemokratiya meydana çıxır."

29-08-2015, 11:01           
Sərdar Cəlaloğlu -"Harada demokratiya boğulursa, orada antidemokratiya meydana çıxır."
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Trend-ə müsahibəsini təqdim edir:

- Sərdar bəy, parlament seçkilərində iştirak edəcək namizədlərinizin ilkin siyahısını artıq ictimaiyyətə açıqlamısınız. Hazırda partiya seçkilərlə bağlı hansı işləri həyata keçirir?

- İşlər davam etdirilir, partiyamız seçkilərə hazırlaşır. Sentyabrın birinci ongünlüyündə partiyanın Məclisini çağıracağıq. Məclisdə ümumi siyahımızı təsdiqləyəcəyik, seçki ilə bağlı proqram qəbul edəcəyik və seçkilərdə iştirak edəcəyik.

- Seçkilərə uzun müddət əməkdaşlıq etdiyiniz Ümid Partiyası ilə ayrı-ayrılıqda getmək qərarı verdiniz. İndi Ümid Partiyası ilə münasibətləriniz hansı səviyyədə qalır?

- Heç bir münasibətimiz yoxdur. Onlar 125-lər layihəsində seçkiyə gedirlər, biz ayrılıqda seçkiyə gedirik. İndi seçkilərdə həm də artıq rəqibik. Ona görə də heç bir əməkdaşlığımız yoxdur.

- Seçkilərdən sonra Ümid Partiyası ilə hansısa formada əməkdaşlıq etməyi düşünürsünüz?

- Hələlik bu barədə ideya yoxdur, gələcəkdə baxarıq.

- İki partiyanın yollarını ayırmasına nə səbəb oldu?

- Bizim Ümid Partiyası ilə yaratdığımız koalisiya məqsədlərinə çatıb. O zaman koalisiya yaratmaqda məqsədimiz Ümid Partiyasının təklənməsinin qarşısını almaq idi. İndi artıq Ümid Partiyasında belə bir problem yoxdur. Ümid Partiyası özü də son seçkilərdə nümayiş etdirdi ki, başqa qüvvələrlə də əməkdaşlıq edə bilər, istənilən layihəni həyata keçirə bilər. Ona görə də düşünürəm ki, artıq əməkdaşlığımızın limiti tükənib. Yəni, əməkdaşlığımız üçün elə böyük bir zərurət yoxdur.

- Ümid Partiyası ilə ayrıldıqdan sonra hansısa partiya əməkdaşlıq üçün sizə müraciət edib?

- Elə bir təklif gəlməyib, heç buna zərurət də yoxdur. Çünki faktiki olaraq seçkidə kimin necə iştirak etməsi ilə bağlı konkret ideyalar yoxdur. İdeyalar meydana çıxdıqdan sonra digər partiyalarla əməkdaşlıq məsələsinə baxarıq.

- Son zamanlar AXCP-də baş verən parçalanma proseslərini necə izah edərdiniz?

- Bu, Azərbaycan müxalifətinin yanlış siyasətinin nəticəsidir. Uzun müddət üzvlərini intriqalara, həmrəyliyin əleyhinə tərbiyə edən partiyaların hamısında indi üzvlər özləri de-inteqrasiya olur, intriqalara cəlb olunurlar. Bu baxımdan bu, AXCP-nin üzvlərinə hazırladığı siyasi nəticədir ki, indi qarşısına çıxır.

- AXCP-dən narazı olan bir çox üzv yaranmış vəziyyətdə partiya sədri Əli Kərimlini günahlandırır.

- Əli Kərimli Azərbaycan xalq hərəkatına gələndən onun haqqında birmənalı fikir olmayıb. Sadəcə olaraq, AXCP ilə əməkdaşlıq naminə zaman-zaman onun şəxsi qüsurlarını heç kim qabartmayıb. Amma faktiki olaraq hələ 88-ci ildən Əli Kərimli çox qüsurlu şəxsiyyəti ilə bu proseslərdə iştirak edib. Elçibəy hakimiyyətinin parçalanmasına da o səbəb olub. Ondan sonrakı dövrdə də Elçibəyin müavini kimi ona qarşı mübarizə aparıb, işlərini pozub. Sonrakı dövrlərdə Azərbaycan müxalifətinin bir araya gəlməsinə əngəl olub. Yəni bu adam separatist, müxalifət birliyinin əleyhinə olan destruktiv bir qüvvədir. Biz əvvəllər bunu deyəndə deyirdilər ki, başqa partiyaya qarşı qərəzlilik edirsiniz. Bu gün onun yanında olan ikinci nəsil müavinləri belə eyni iddianı edir. Əli Kərimlinin birinci nəsil müavinləri, yəni əvvəldən hərəkatda olanlar onun yanından getdi. Sonra Əli Kərimli yeni bir komanda yaratdı. Bu komanda da eyni iddialarla çıxış edib onun yanından uzaqlaşır. Bu da onu göstərir ki, bizim onun haqqında dediklərimizin hamısı doğrudur, obyektivdir, reallıqlara uyğundur.

- Sərdar bəy, Müsavat Partiyasında da son qurultaydan sonra parçalanma prosesləri başladı. Bunun səbəbini nədə görürsünüz?

- Harada demokratiya boğulursa, orada antidemokratiya meydana çıxır. Bu gün Müsavat üzvlərinin atdığı addımlar demokratik addımlar deyil. Çünki seçkilər ərəfəsində Müsavatın qurultayını şübhə altına almaq, məsələni Ədliyyə Nazirliyində qaldırmaq partiyanı seçkidən kənarda qoya bilər. Əgər belə bir iradları var idisə, qurultaydan dərhal sonra məhkəmədə bu məsələni həll edə bilərdilər. Amma bunu etmədilər. İndi Ədliyyə Nazirliyi qurultayın araşdırılması ilə bağlı qərar verərsə, Müsavat Partiyasının bu seçkilərdə iştirakı qeyri-mümkün olacaq. Əslinə baxanda, bir nailiyyətsizlik sindromu var və bu sindroma görə, hamı hamını ittiham edir, hamı hamını agent görür, yanlış yolda olduğunu deyir. Amma bunun səbəbi odur ki, aparılan siyasi mübarizənin bir səbəbi yoxdur, ona görə də təşkilatlar daxilində parçalanma baş verir. Amma mənə elə gəlir ki, İsa Qəmbərin Müsavat başqanlığından getməsi bütün bu proseslərin başlıca səbəbidir. Bir məşhur söz var, deyir ki: “Döngələrdə atları dəyişməzlər”. Yəni indiki bu qaçaqaçda İsa Qəmbərin guya bir demokratiya oyunu oynaması, Müsavatın rəhbərliyindən getməsi bütünlükdə Müsavat Partiyasını dağıtdı və bununla da Azərbaycan müxalifətini zəiflətdi.

- Parlament seçkiləri ərəfəsində ümumi müxalifətin durumunu necə dəyərləndirirsiniz?

- Qənaətbəxş deyil. Müxalifətin ümumi aktivliyi zəifdir. Həm də müxalifət seçkilərdən əvvəl apardığı siyasəti davam etdirir. Yəni bir məşhur ərəb misalı var: “Bir şeydə ərəblər birləşiblər ki, heç bir şeydə birləşməsinlər”. Azərbaycan müxalifəti də bir şeydə həmrəydir ki, heç vaxt həmrəy olmasınlar.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.