RUSİYA “ÖZ ƏRAZİSİNƏ” NÜVƏ ZƏRBƏSİ ENDİRƏCƏK? – Yaxud Rusiyanın Ukrayna ilə “yeni sərhədləri” haradan keçir?

5-10-2022, 16:19           
RUSİYA “ÖZ ƏRAZİSİNƏ” NÜVƏ ZƏRBƏSİ ENDİRƏCƏK? –
Məlum olduğu kimi, sentyabrın 30-da Putin Ukraynanın işğal edilmiş Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin anneksiyasına dair sənədlər imzalayıb. Bu gün isə Putin həmin vilayətlərin Rusiyaya birləşdirilməsi ilə bağlı sazişləri ratifikasiya edib. Lakin heç bir sənəddə həmin ərazilərin sərhədləri barədə məlumat yoxdur. Yəni, məlum deyil ki, Rusiyanın Ukrayna ilə “yeni sərhədləri” haradan keçəcək.

Məsələ ondadır ki, Kreml “yeni sərhədləri” elan etməkdə böyük çətinlik çəkir. Çünki işğalçı ordu 4 vilayətin heç birinin Ukrayna ərazisindəki inzibati sərhədlərinə çıxa bilməyib. Buna görə də həmin vılayətlərin tam olaraq öz sərhədləri çərçivəsində Rusiyaya birləşdirildiyini bəyan etmək olmur.

Xatırladaq ki, son olaraq Kreml tərəfindən “xüsusi əməliyyat”ın məqsədləri elan ediləndə bildirilmişdi ki, əsas hədəf Luqansk və Donetsk vilayətlərinin inzibati sərhədlərinə çıxmaqdır. Buna baxmayaraq, bir neçə ay əvvəl yalnız Luqansk vilayətinin tam işğal olunduğu bəyan edilsə də, son əks-hücumlar nəticəsində bu vilayətin də xeyli hissəsi Ukrayna Silahlı Qüvvələri tərəfindən geri qaytarılıb. Həmçinin, Donetsk və Zaporojye vilayətlərinin cəmi 60 faizə yaxın ərazisi hələ ki, işğalçı qüvvələrin nəzarəti altındadır. Xerson vilayətində isə Ukrayna Ordusunun sürətli əks-hücumu davam etdiyindən, burada da Rusiyanın nəzarətində olan ərazilər günü-gündən azalmaqdadır. Bu halda isə təbii olaraq, Kreml üçün “yeni sərhədləri” müəyyən etmək və bunu elan etmək böyük müşkülə çevrilib.
Ukrayna Prezident Ofisinin sözçüsü Mixail Podolyak Kremlin nədən “yeni sərhədləri” elan etməməsinin səbəbləri barədə açıqlama verib. Podolyak deyib ki, əsas səbəb Ukrayna Ordusunun uğurlu əks-hücumudur: “Putin Rusiyası getdikcə daha çox metakainatın “6 nömrəli palatası”nı xatırladır: virtual ərazilər, uydurma qələbələr, mövcud olmayan düşmənlər...”

Podolyak deyib ki, Rusiya “yeni sərhədləri” ona görə elan edə bilmir ki, “Rusiya əraziləri” günbəgün Ukrayna Ordusunun əməliyyatları nəticəsində kiçilir.

Qeyd edək ki, bundan öncə Putinin sözçüsü Dmitri Peskov Rusiyanın işğal etdiyi ərazilərin haradan keçəcəyi, Ukrayna ilə “yeni sərhədlər”in yeri barədə suala cavab verməkdə çətinlik çəkib. Kremlin çətin durumda olduğunu dolayısı ilə etiraf edən Peskov gülünc formada deyib ki, “Xerson və Zaporojye vilayətlərinin sərhədləri yerli əhali ilə məsləhətləşmədən(?) sonra müəyyən ediləcək. Lakin bununla bağlı yeni referendum keçirilməsi nəzərdə tutulmur”. Peskov əlavə edib ki, Donetsk və Luqansk vilayətləri 2014-cü il sərhədləri ilə Rusiyaya birləşdirilir. Lakin məsələ ondadır ki, Rusiya faktiki olaraq, bu vilayətlərin də yalnız bir qisminə nəzarət edə bilir. O da hələlik...

Göründüyü kimi, çaşqınlıq içərisində olan Putin hakimiyyəti adı keçən 4 vilayətin heç birinin ərazisinə tam nəzarət edə bilmədiyindən və bu əraziləri günbəgün itirdiyindən “yeni sərhədləri” müəyyənləşdirə bilmir. Onun artıq itirdiyi işğal olunmuş əraziləri yenidən qaytaracağı isə imkansız görünür. Əksinə, Ukraynanın uğurlu əks-hücumu davam edir. Rusiyada bir çox “şahinlər” hesab edirlər ki, həmin ərazilərin işğalının və Ukraynanı məğlub etməyin yeganə yolu nüvə silahının tətbiqidir. Lakin bu halda da belə çıxır ki, Rusiya özü “öz ərazisinə” nüvə silahı atacaq.../azpolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.