“Sonra da deyirlər müsəlman dünyası niyə bu gündədir?”

17-09-2016, 21:57           
“Sonra da deyirlər müsəlman dünyası niyə bu gündədir?”
KİV yazır ki, İranda ermənilər üçün 48-ci erməni olimpiadası keçirilib və işğalçı Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsindəki separatçı, cinayətkar erməni rejiminin təmsilçiləri də orada iştirak ediblər.
Azərbaycana dost ölkə deyən İranın ermənilər üçün olimpiada keçirməsi nə qədər üzüntü və narahatlıq doğursa da ortada bundan daha da dəhşətli məsələ isə həmin olimpiadaya Dağlıq Qarabağdan da emənilərin dəvət edilməsi və onların da geyimində cinayətkar-separatçı rejimin yaratdığı və beynəlxalq aləmin tanımadığı qurumun embleminin olmasıdır.
İran tərəfi bununla bağlı ciddi açıqlama verməlidir. Çünki bu açıq şəkildə separatçılığın dəstəklənməsi və Azərbaycan qarşı düşmənçilik kimi qiymətləndirilə bilər. Həmin tədbirdə İranın rəsmi şəxsləri iştirak edib. Bu hadisə bütün azərbaycanlıları ciddi narahat edir və biz bu kimi təxribatları ciddi şəkild pisləyirik, etirazımızı bildiririk.
İran səfirinin açıqlaması isə yaranmış bu qədər ciddi problemlə bağlı çox bəsit görünür. Səfirin ermənilərin geyimlərindəki rəmzlərin təşkilat komitəsiylə razılaşdırılmadığı haqda dediklərinə gəlincə adama soruşmazlar ki, sizin təşkilat kömitəsi Azərbaycanın işğal altında olan ərazilərində qurulmuş separatçı-cinayətkar qurumdan niyə adamlar dəvət edir? Bilmirdilərmi bu separatçılığın dəstəklənməsi kimi qəbul ediləcək və ordan gələnlər hər cür təxribata əl ata bilərlər.
İkincisi, bu adamlar o geyimlə göydən düşməyiblər ki.. Bəs təşkilat komitəsi üzvləri onlar hər kəsin önünə çıxana qədər hara baxıb? İrandakı bəzi qüvvələrin bu erməni sevgisinin arxasındakı dayanan məqamları çox yaxşı bilir artıq insanlarımız. Amma orada yaşayan milyonlarla soydaşlarımız bu cür Azərbaycan əlehinə işlərə laqeyd, biganə qalmamalıdırlar və etiraz səslərini ucaltmalıdırlar. İran rəsmiləri ölkələrimiz arasında normal münasibətlərə mənfi təsir göstərən bu cür təxribatların baş verməsinə yol verməməlidir. Çünki işğal altında olan torpaqlarımızla bağlı məsələ dövlətimiz və bütün insanlarımız üçün ən həssas məsələdir və bu məsələdə yol verilən təxribatlar hər bir azərbaycanlını ciddi şəkildə narahat edən məsələdir.

P.S. Sonra da deyirlər müsəlman dünyası niyə bu gündədir? Qonşusundakı müsəlman ölkəsinin Azərbaycanın torpaqlarının 20 faizini 20 ildən artırdır ki, işğalda saxlayan Ermənistana, Azərbaycan torpaqlarında qurulan cinayətkar-separatçı erməni rejiminə İranın bəzi dairələrinin bu cür isti münasibəti və bu kimi bir çox acı həqiqətlər həmin suala cavab tapmaq istəyənlərə kömək edə bilər…
Qənirə Paşayeva, millət vəkili












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.