“Made in Azerbaijan” brendi - dünyaya nə çıxara bilərik?

18-10-2018, 09:03           
“Made in Azerbaijan” brendi - dünyaya nə çıxara bilərik?
Ekspert: “Marka tanıtımı üçün illər və on milyonlarla vəsait lazımdır”
Prezident İlham Əliyev 2016-cı ilin 5 oktyabr tarixində qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında xarici bazarlarda genişmiqyaslı təbliğini nəzərdə tutan fərman imzalayıb. Bu isə ölkənin qeyri-neft sektorunun inkişafına və bu sahədə istehsal olunan məhsulların dünya bazarlarına çıxarılmasına yeni imkanlar yaradıb.

Fərmana əsasən, “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 10 fərqli dəstək mexanizmi işlənib hazırlanıb. Bu dəstək tədbirlərindən asılı olaraq onların həyata keçirilməsi ilə bağlı xərclər tam və ya qismən dövlət büdcəsi hesabına qarşılanır. Ən başlıcası isə Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı ilə məşğul olan hər bir ixracatçı bu dəstək tədbirlərinə müraciət etmək hüququna sahibdir.

“Made in Azerbaijan” brendli məhsulların yaradılması isə ölkəmizdə yeni qurulan bir neçə sənaye parkında istehsal olunur və gələcəkdə onların istehsal həcmi daha da artırılacaqdır. Məlumatlara görə, ölkəmiz bu gün dünyanın 50 faiz istehlakçısını əhatə edən 50 ölkəyə məhsul ixrac edir.

Bu ilin avqust ayında yayılan məlumatlarda qeyd edilir ki, hazırda neftlə yanaşı, aqrar məhsullar, kimya, metal və ondan hazırlanan məmulatlar, plastik borular və s. kimi yerli məhsullar dünya bazarına çıxarılır. Kənd təsərrüfatı məhsulları sırasından Azərbaycan narı, pomidor, fındıq qlobal arenada kifayət qədər tanınır. Emal sahəsindən də tanınan məhsullarımız az deyil. Bunlara şərablar, şirələri, kimya məhsullarını, plastik məmulatları, energetika sahəsində istehsal olunan avadanlıqları misal göstərmək olar.

Sovet dövründə Azərbaycanda soyuducu, kondisioner kimi məişət avadanlıqları da istehsal olunub, əsasən indiki MDB ölkələrinə ixrac edilirdi. Bu gün də adını çəkdiyimiz məhsulların ölkədə istehsalı həyata keçirilir. Bəs Azərbaycanda bu kimi məhsullar xarici bazara “Made in Azerbaijan” brendi adı altında çıxara bilərmi?


“Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli söyləyib ki, Azərbaycanın bu kimi məhsulları da xarici bazara çıxarması mümkündür. Lakin bunun üçün müvafiq addımlar atılmalıdır: “Bunun üçün əlavə yatırımlara ehtiyac yaranacaq. Çünki dünya bu texnologiyalar üzrə xeyli irəli gedib. Bu baxımdan biz bazarda yer tutmaq istəyiriksə, yaxın çevrə ölkələrinə ixrac etməyi düşünürüksə, bu məhsulların yenidən rebrendinqinə ehtiyac var. Yəni Azərbaycan şirkətinin dünyada ən məşhur şirkətlə birlikdə fəaliyyət göstərməsi, bazarda yerini tutmasına daha çox köməklik edə bilər. Məsələn, istənilən Yaponiya, Cənubi Koreya, yaxud da Almaniya şirkətlərinin birinin marka dəyərini də onun üzərinə gəlsək və birgə istehsal təşkil olunsa, bu, bazara asan çıxmağa imkan yaradar. Belə olarsa, artıq yenidən marketinq, tanıtım fəaliyyəti ilə bağlı pul və zaman xərcləməyə ehtiyac qalmaz. Həm də bu yolla yeni texnologiyaların daha asan tətbiqinə imkan yaranacaq. İri şirkətlər özlərinin texnologiyalarını gətirəcəklər. Azərbaycanda istənilən sahədə xarici investorlar üçün rahat bir iqtisadi düzən olmalıdır ki, onların ölkədə istehsalla məşğul olmasına imkanlar yaransın. Çox təəssüf ki, enerji sektorundan başqa, digər sahələrdə xarici investorların normal fəaliyyət göstərməsi üçün kifayət qədər problemlər var. Enerji sektoru bura daxil deyil. Çünki orada qəbul olunmuş müqavilələr parlament tərəfindən təsdiqlənir və çox yüksək qorunaqlığı var. Digər sahələrdə isə belə deyil. Ona görə də əsas məsələ xarici investorların üzərindədir ki, onlar həm soyuducu, televizor, həm də digər bu kimi texnologiyaları istehsal etsinlər. Belə cəhdlər də olub. Bir zamanlar Şamaxıda televizorla bağlı cəhd oldu, ancaq uğursuz alındı. Çünki dünyada bu texnologiya çox inkişaf edib. Artıq internetə qoşulan televizorlar daha populyardır. Buna görə də yerli texnologiyaların tətbiqinə ehtiyac var”.

Ekspert bildirib ki, Azərbaycan təkbaşına bazara girərsə, marka tanıtımı üçün xeyli xərci çıxacaq: “Marka tanıtımını həyata keçirmək üçün illər və on milyonlarla vəsait lazımdır ki, bir marka dəyəri yaratsınlar. Ona görə də Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı əsas şərtdir. İstənilən xarici ölkədə biz öz məhsulumuzu satışa çıxarsaq, o bazarda, məsələn, Cənubi Koreya məhsulu varsa, insanlar həmin məhsulu seçəcəklər. Nəzərə alaq ki, bazarda Yaponiya, Almaniya kimi ölkələrin də şirkətləri olacaq. Qiymətlərə gəlincə isə bu da böyük fərq etməyəcək. Nəticədə alıcı bizim markaya üstünlük verməyəcək. Ona görə də marka dəyərini yaratmaqdansa, dünyada tanınan şirkətlərlə iş qurmaq bizim üçün asan olar. Bu yolla məhsullarımızı bazara çıxara bilərik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.