Yeni təyin olunan məmurlar media qarşısına nə zaman çıxacaq - "Bu proses də gedir və heç cür də dayana bilməz"

7-11-2019, 10:44           
Yeni təyin olunan məmurlar media qarşısına nə zaman çıxacaq - "Bu proses də gedir və heç cür də dayana bilməz"
Prezident İlham Əliyev ölkədə ciddi kadr islahatları həyata keçirir. Ölkə başçısı yeni təyin etdiyi kadrlar qarşısında şərtlər qoyur, onlara xalqa xidmət etməyi, əyri yolla getməməyi tapşırır. Təbii olaraq, bütün bunlar ictimaiyyət tərəfindən müsbət qarşılanır və yeni kadrlardan cəmiyyət də yeniliklər gözləyir.

Prezidentin vəzifələrindən azad etdikləri məmurların əsas hissəsi mediaya da qapalı idi. Onlar hər hansı bir mətbuat konfransı keçirmir, hansısa tədbirdə jurnalistlərin suallarını cavablandırmaq istəmirdilər.

Yeni kadrların ictimaiyyətə, mediaya da açıq olacağı gözlənilir.

Öncə bu kadrların kim olduqlarını bir daha xatırladaq. Belə ki, prezident ötən günlərdə iki rayona gənc icra başçıları təyin etdi. Xaçmaz rayonuna başçılıq edəcək Elnur Rzayev bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini olub. Onun 39 yaşı var.

E.Rzayev birinci müavin olmadan öncə Gəncə “ASAN xidmət”in rəhbəri vəzifəsində çalışıb. O, 1980-ci ildə Qərbi Azərbaycanın Aşağı Şorca kəndində anadan olub. Dövlət İqtisad Universitetində “Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, həmin universitetdə “İstehsal sistemlərinin idarəedilməsi” ixtisası üzrə magistr təhsili alandan sonra Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və Bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsilini davam etdirib.

2004-2009-cu illərdə DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 2009-2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində işləyib.

Yevlax rayon icra başçısı vəzifəsinə təyin olunan Anar Tağıyev isə paytaxtın Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini idi. O, 1981-ci ildə Bakı şəhərində anadan olub.

Bakı Dövlət Universitetini, ardınca isə Moskva Dövlət Vilayət Universitetini bitirib. Müxtəlif illərdə hüquqşünas, Bakı Dərin Özüllər Zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışıb.

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləyib. 2008-2010-cu illərdə Nəsimi Rayon İcra Hakimiyyətinin “İctimai təşkilatlar və siyasi partiyalarla iş” şöbəsinin, 2010-2011-ci ilədək isə “Ərazi idarəetmə və yerli özünü idraəetmə orqanları ilə iş” şöbəsinin müdiri vəzifələrinə təyin olunub. 2011-ci ildən Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışıb.

Zeynal Məmmədli: ““Nələr dəyişəcək?” sualının cavabı üçün “nələri dəyişmək istəyirik?” sualına cavab verilməlidir"

“Yeni Müsavat”a danışan media üzrə ekspert Zeynal Məmmədli bildirib ki, yeni kadrlar mətbuat konfransı keçirib, hansı işləri görəcəklərini açıqlamalıdırlar:

“İslahat proqramları ilə bağlı dolğun məlumat verilməlidir. Bilinməlidir ki, islahatlar hansı müddəti, sahələri əhatə edir. İslahatı kimlər gerçəkləşdirəcək, son hədəfi nədir, son məqsədə çatmağı yoxlamaq üçün əlimizdə hansı vasitələrin olduğu açıqlanmalıdır. Hətta düşünürəm ki, yeni kadrların mətbuat konfransı keçirmələri artıq gecikir. Sahələr üzrə hansı dəyişiklik varsa, yeni gələnlər hansı islahat paketinə uyğun olaraq dəyişikliklər nəzərdə tutublarsa, onu açıqlamalıdırlar. Medianın əlində bu baxımdan informasiya olmalıdır. ”Nələr dəyişəcək?" sualının cavabı üçün “nələri dəyişmək istəyirik?” sualına cavab verilməlidir. Bu suallara da mətbuat konfransında cavab verilməlidir. Hökumət mətbuata açıqlamalar verməlidir. Fərq etməz ki, bu açıqlamanı ayrı-ayrı sahə rəhbərləri açıqlasın, yoxsa hökumətin əsas nümayəndələri. Bunlar bir-birini tamamlayan hallardır".

Media eksperti Qulu Məhərrəmli “Yeni Müsavat”a bildirib ki, təyinatlar cəmiyyət tərəfindən kifayət qədər yüksək qarşılanır:

“Çünki hər hansı dəyişikliyi aparmaq üçün kadr bazası toplanmalıdır. Bu proses də gedir və heç cür də dayana bilməz. Yeni təyin olunan adamların bəzilərini cəmiyyətdə yaxşı tanıyırlar. Bəziləri isə böyük kütlə tərəfindən tanınmasa da müəyyən çevrə tərəfindən tanınır. Onların mətbuat konfransı keçirməsi vacib deyil. Məncə, hazırda bir qədər fərqli PR texnologiyalar var. Həmin kadrlar bundan istifadə edib, özlərini ifadə edə bilərlər. Ancaq bütün hallarda onlar ictimai şəxslərdir və bu adamların cəmiyyətə təqdim edilməsi vacibdir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.