Məşhur mağazaya saxtakarlıq İDDİASI - Müştəriləri aldadır

7-11-2019, 19:15           
 Məşhur mağazaya saxtakarlıq İDDİASI - Müştəriləri aldadır
Bakı sakini məşhur brendi saxtakarlıqla günahlandırır.

Primetime.az-ın məlumatına görə, belə ki, Hüseynova Aybəniz Sahil qızı "Pandora" brendindən şikayətçidir. Bu barədə saytımıza açıqlama verən A.Hüsyenova bildirib ki, mağazanın "28 Mall"dakı filialından alınan qolbaq 3 gündən sonra rəngini dəyişməyə başlayıb:

“Əslində onu mən almamışam, hədiyyədir. 17 oktyabrda həmin mağazadan alınıb. Alınandan bir həftə sonra qolbağı taxdım, lakin 3 gündən sonra saralma olduğunu hiss elədim. Amma qolbağa ətir vurulmayıb, ya da su dəyməyib. O baxımdan mağaza ilə əlaqə saxlayıb məsələni dedim. Bildirdilər ki, ya ətir vurmusunuz, ya da çimmisiniz. Pandoranın məhsullarına nə vaxtdan su və ya ətir dəyəndə saralır? Daha sonra direktor Nailə xanıma yaxınlaşdım. Sertifakatın göstərilməsini istədim, brend menecerlə danışmaq istədim, heç biri olmadı. Sosial şəbəkə səhifələrinə də yazdım, cavab vermədilər. Şikayət edəcəyimi bildirdim, lakin “nə istəyirsən, et”, - deyə bildirdilər”.

Şikayətçinin sözlərinə görə, buna oxşar hadisə yaxınlarından birinin də başına gəlib:

“Öz başıma gələndə anladım ki, "Pandora" həqiqətən də insanları aldadır. Əsl gümüş bilirsiniz, maksimum 3-4 aydan sonra qarala bilər. Amma mənə alınan qolbaq şəkildən göründüyü kimi sapsarıdır. Bildirim ki, qolbağın qiyməti 170 manatdır”.

Məsələ ilə bağlı mağazanın direktoru Nailə Əliyeva ilə əlaqə yaratdıq. O, saytımıza açıqlamasında bildirib ki, qeyd edilən qolbaq mağazadan 17 oktyabr tarixində alınıb:

“Xanım mağazaya yaxınlaşdı və sertifikat soruşdu və mən bildirdim ki, var. Həmçinin xanıma başa saldım ki, qolbağa ətir, krem dəyməməlidir, çimməməlidir. O isə qarşılığında “siz çimmirsiniz və ya ətir dəymir qolbağınıza?” kimi sual ünvanladı. Belə başa düşdüm ki, nəsə olduğuna görə belə reaksiya verdi. Həm də əşya 17 oktyabrda alınıb, bu baxımdan bildirdim ki, əgər belə bir şey olubsa, gərək zamanında bizə müraciət edərdiniz. Xanım isə 20 gün keçəndən sonra yaxınlaşıb. Ona görə də təklif etdim ki, bizim zərgərimiz bərpa edəndən sonra qaytara bilərik. Həm də ödəniş biz tərəfdən olmaqla. Lakin xanım istəmədi, şikayət etməyin tərəfdarı oldu. Problem olmadığını deyib saytımızın ünvanını verdim”.

N.Əliyeva həmçinin qeyd edib ki, "Pandora"nın Danimarkada 5-6 zavodu var:

“Bu, sirr deyil. Hamısı Danimarkada istehsal olunur və əl işidir. Əgər məhsul Azərbaycanda "Pandora"nın mağazasından alınırsa, o, saxta məhsul ola bilməz. Bizim çekimiz varsa, məhsulun təmiz olduğuna cavab veririk. Yox əgər məhsul qıraqdan alınırsa, o zaman heç nə deyə bilmərik. Çünki Azərbaycanda distribüter ancaq bizik”.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.