“Burada banklar da, dövlət də, ictimaiyyət də birgə iştirak etməlidir” - AKTUAL

27-10-2020, 09:41           
“Burada banklar da, dövlət də, ictimaiyyət də birgə iştirak etməlidir” - AKTUAL
Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində hərbi əməliyyatlarını davam etdirir. Bu günlərdə bütün Azərbaycan cəmiyyəti ordumuzun dəstəklənməsi istiqamətində səfərbər olub. Hər kəs əlindən gəldiyi qədər ordumuza dəstək verməyə çalışır. Həmin dəstəklərdən biri də cəbhədə döyüşən, yaxud şəhid, qazi olan insanların banklara olan borcunun silinməsidir.

Hər zaman həmrəy olan Azərbaycan xalqı şəhid ailələri, qazilər və səngərdə döyüşən əsgərlərimizə dəstəyini ifadə edib. Sevindirici haldır ki, artıq bu gün banklar ön cəbhədə vuruşan, şəhid olan əsgər və hərbiçilərimizin kredit borclarını silir.
"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin açıqlamasında bildirilir ki, bu tarixi günlərdə Azərbaycan bank ictimaiyyəti də hər zamankı kimi Ordumuzun, dövlətimizin yanındadır. Azərbaycan bankları ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən qəhrəmanlarımıza, Vətən uğrunda canından keçən Şəhidlərimizin ailə üzvlərinə bütün dövrlərdə xüsusi diqqət və ehtiramla yanaşmış və bu münasibət hər zaman davam edəcəkdirş Bir sözlə, düşmən təxribatı nəticəsində həyatını itirmiş vətəndaşlarımızın banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinəcək”.

Mövcud durumla əlaqədar bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Sherg.az”a bildirib ki, qanuna əsasən, borclu insanın hərbi səfərbərliyə cəlb olunması fors-major, yəni qarşısıalınmaz qüvvənin yaranmasına görə öhdəliyini icra etməməsinin üzürlü səbəbidir:

“Buna görə də hərbi xidmətdə olduğu dövr ərzində hərbçimizin borcunun üzərinə əlavə faiz və cərimə hesablana bilməz. Bu qayda əslində onun borclu ailə üzvlərinə də aiddir.

Çünki ailə başçısı hərbi xidmətdə olduğu dövrdə ailənin gəliri azalıb və ya ümumiyyətlə yoxdur. Bütün dediklərimdən yalnız bir istisna var: hərbçimizin işəgötürəni onun əmək haqqını əvvəlki qaydada tam ödəməyə davam edirsə. Qanuna görə, elə məhz belə də olmalıdır.

Amma hər kəsin rəsmi iş yeri yoxdur. Digər tərəfdən isə pandemiyaya görə bəzi işəgötürənlərin də maliyyə vəziyyəti pisləşib. O ki qaldı şəhid olan borclularımıza, bununla bağlı təəssüf ki, qanunda istisna yoxdur.

Yəni onların borcu ümumi qaydada əmlakları hesabına ödənilməlidir. Bu halda əmlak vərəsələrinə keçirsə, onlar onlara keçən miras əmlak həddində borcu ödəməlidirlər. Əmlak yoxdursa, borc silinməlidir.

Əlbəttə ki, şəhidin əmlakından borcun tutulması mənəviyyatsızlıq olar. Tutaq ki, onun evi var idi. İndi evi ailəsindən alacaqlar? Yaxud ailə üzvlərindən borcu tələb edəcəklər? Onun ailəsi vətən üçün onsuz da ən böyük qurbanı verib axı"

Ekspert hesab edir ki, məsələyə kompleks yanaşmaq lazımdır:

“Cəbhədə şəhid olan və hazırda döyüşən vətəndaşlarımızın kreditlərini silmək lazımdır. Burada banklar da, dövlət də, ictimaiyyət də birgə iştirak etməlidir.

Məsələni tamamilə bankların da üzərinə qoymaq olmur. İstehlak kreditlərini qoymaq olar. Onların məbləği onsuz da yüksək deyil. Orta hesabla bir kreditin məbləği təxminən 5000 manatdır.

Amma yenə də ola bilər ki, bir bank üzrə belə kredit çox olsun və bank üçün ağır yük olsun. Kommersiya kreditləri isə ümumiyyətlə banklar üçün ciddi problemə çevrilə bilər. Bir kreditin məbləği bəzən yüz minlərlə və hətta milyonlarla ölçülür. Banklarımız bu yükün altına girə bilməyəcək.

Buna görə də təklifim ondan ibarətdir ki, bununla bağlı xüsusi fond yaradılsın. Banklar, sahibkarlar, adi vətəndaşlar, nəhayət dövlət qurumları da həmin fonda pul köçürə bilər. Şəhidin borcunu ödəmək böyük savabdır. Qoy hamı bu işdə bacardığı qədər iştirak etsin”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.