Xəzərdə suyun səviyyəsi niyə azalır? - Səbəb açıqlandı

30-11-2018, 06:55           
Xəzərdə suyun səviyyəsi niyə azalır? - Səbəb açıqlandı
Yer kürəsində göl sularının 40 faizi dünyanın ən böyük daxili su hövzəsi - Avropa və Asiya arasında uzanıb gedən Xəzər dənizindədir. Böyük akvatoriyasına görə “dəniz” adlanan Xəzər, həmçinin Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistan sahilləri boyu nəhəng regionun iqlimini müəyyən edən unikal ekoloji sistemdir. Hazırda bu dəniz-göl özü də qlobal miqyasda baş verən iqlim dəyişikliklərinin təsirinə məruz qalıb və bunun nəticəsində su hövzəsinin səthində temperatur 1 dərəcə selsi yüksəlib. 2015-ci ilə doğru Xəzərdə suyun səviyyəsi 1,5 metr düşüb və bu proses davam etməkdədir.
Xəzərdə suyun səviyyəsi ilə bağlı dəyişikliklər necə baş verir və hansı amillərdən asılıdır? Yaranmış vəziyyətin əsas səbəbi nədir? Dəniz suyunun səviyyəsinin enməsinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Daxili suların dayazlaşması nədən baş verir?
Muxalifet.az xəbər verir ki, bu və digər sualları noyabrın 29-da “Sputnik Azərbaycan” multimedia mətbuat mərkəzində keçirilən mətbuat konfransında Xəzər Tədqiqatları Mərkəzinin rəhbəri, coğrafiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Çingiz İsmayılov cavablandırıb.
Mütəxəssisin sözlərinə görə, təbiətin bizə məlum olmayan bir çox sirləri var. Məhz bu səbəbdən biz genezis, təbiətdə baş verən dərin proseslər haqqında çox az məlumata malikik. “Xəzərin səviyyəsinin enməsi ilə bağlı bir çox fərziyyələr və şərhlər var. Lakin alimlər bir məsələdə həmfikirdir – burada bir çox amillərin interferensiyası mövcuddur. Bu, təkcə antropogen fəaliyyətlə deyil, həmçinin qlobal iqlim dəyişiklikləri, Günəşin aktivliyi, tektonik proseslər və su balansının dəyişməsi ilə əlaqədardır”, -deyə alim bildirib.
Ç.İsmayılov qeyd edib ki, dünya ictimaiyyətini narahat edən ən vacib problemlərdən biri də qlobal iqlim dəyişiklikləridir. Təsadüfi deyil ki, iqlim dəyişiklikləri və onun fəsadları ilə təcili mübarizə tədbirləri BMT-nin Dayanıqlı İnkişaf Proqramının əsas müddəalarından biridir. O əlavə edib: “Xəzər dənizinin səviyyəsinin alətlər vasitəsilə müşahidə edilməsi üzrə işlər ilk dəfə 1829-cu ildə aparılıb və zamanın da göstərdiyi kimi, su səviyyəsinin enməsi prosesi 15-18 il davam edir. Bununla yanaşı, geoloji və paleocoğrafi tədqiqatlar da regionun uzaq keçmişinə nəzər salmağa kömək edir. Bir çox tanınmış mütəxəssislərin ortaq rəyinə görə, Xəzər dənizinin səviyyəsinin enib-qalxması Günəş aktivliyi ilə əlaqədardır. Günəş aktivliyinin dövriliyi 150, 110, 90, 45 və 11 illik müxtəlif dövri mərhələlərdən ibarətdir. Təbii ki, bu amil qlobal iqlim dəyişikliklərinə də təsir edir. Belə ki, son yüz ildə havanın temperaturu əhəmiyyətli dərəcədə yüksəlib. Onsuz da isti olan regionlarda indi quraqlıq hökm sürür. Biz təkcə arid zonalarda deyil, həmçinin mülayim iqlim qurşaqlarında da səhraları görürük”.
Alimin sözlərinə görə, temperaturun yüksəlməsi şirin sudan istifadəni də artırıb. “Məlum olduğu kimi, Xəzər dənizində olan şirin suyun 80 faizi Volqa çayının mənsəbindən tökülür. Volqaboyunda quraqlıq dövrünün uzun sürdüyü vaxt Xəzərə daha az həcmdə şirin su daxil olur. Temperaturun yüksəlməsi, həmçinin Xəzər dənizinin səthində buxarlanmanı artırır. Liman təsərrüfatı obyektləri ilə əlaqəli kommunikasiya sistemləri olan ölkələr, təbii olaraq, suyun səviyyəsinin enməsinin mənfi təsirini hiss edəcəklər. Bundan başqa, Xəzər dənizinə çirkab suları da axıdılır”, - deyə Ç.İsmayılov sözlərinə yekun vurub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.