Dövlətin milyonlarını ələ keçirib, 20 ildən çox gizlənən Xəlilovun cinayət işi

4-12-2018, 17:05           
Dövlətin milyonlarını ələ keçirib, 20 ildən çox gizlənən Xəlilovun cinayət işi
"İnterpol"un tutduğu azərbaycanlı hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Xəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş İbrahim Səfərov dindirilib.

O, deyib ki, RİÇ firmasının təsisçisi olub. Zərərçəkmiş bildirib ki, 1996-99-cu illərdə "Azərbaqqaliyə" TTK-dan bir neçə dəfə şəkər tozu alıb.

Onun sözlərinə görə, xaricdən mal almaq üçün pulu Emil Xəlilova verilib. Emil Xəlilov da ölkəyə gətirdiyi malı "Azərbaqqaliyə" TTK-ya satırmış. İbrahim Səfərov da "Azərbaqqaliyə" TTK-dan qazancı ilə birlikdə pulunu alırmış. Amma sonuncu dəfə aldadılıb. Zərərçəkmiş İbrahim Səfərov o zamankı məzənnə ilə ona 675 min manat zərər dəydiyini söyləyib. O, pulunun ödənməsini istəyib.

Məhkəmə iclası dekabrın 6-da davam etdiriləcək.

Qeyd edək ki, E.Xəlilov dövlətin milyonlarını ələ keçirməkdə ittiham edilir. Belə ki, o, 1996-1999-cu illərdə faktiki rəhbərlik etdiyi "AİA", "Emil-96", "Titanus" və digər firmalarla Ticarət Nazirliyinin "Azərbaqqaliyə" TTK arasında müqavilələr bağlayaraq ölkəyə şəkər tozu gətirəcəyini bildirib. Lakin dövlət tərəfindən ayrılan vəsaiti ələ keçirib. Həmçinin "RİÇ" firmasına da şəkər tozu gətirmək vədi verib.

Hazırkı məzənnə ilə E.Xəlilovun vurduğu zərər ümumilikdə 3 milyon 381 min manatdır. Xəlilov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (sənədləri məhv etmə) maddələri ilə ittiham edilir.

Xatırladaq ki, E.Xəlikov uzun müddət beynəlxaql axtarışda olub. O, bu il avqustum 8-də Ukraynada həbs edilib və Azərbaycana ekstradisiya olunub. Onun barəsində mətbuatda fərqli məlumatlar da var. Belə ki, bu ilin avqust ayında Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin özünün “Facebook” səhifəsində Xəlilov haqda yazıb.

O, qeyd edib ki, azərbaycanlı E.Xəlilov Ukraynada saxta sənədlərlə yaşayıb və mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib. Y.Yenin yazıb ki, E.Xəlilov Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib: "Bu yaxınlarda Emil Xəlilov status qazanıb və “vor zakon” olmağa can atır. Deyə bilərəm ki, saxlanılan şəxs Ukrayna mənşəli “vor zakon”ların cinayətkar fəaliyyəti ilə bağlı çox vacib ifadələr verib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.