Məhəmməd Məmmədov, Əli Abbasov.. - Bu, hələ başlanğıcdır!
17-11-2015, 14:25
Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən qəfil yola salındıqdan sonra bir-birinin ardınca “MTN işi” ilə bağlı gerçəkləşən həbslər davam etməkdədir. İndi hansı daşı qaldırsan altından sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun “əli” çıxır. Yəni, buna şübhə yeri belə qalmır.
Adama təsir edən odur ki, 9 il ərzində milləti ayaqüstə yuxuya verməyi bacarmaq hər dövlət adamının görəcəyi ya da görə biləcəyi iş deyil. Ölkənin dörd bir tərəfinə səpələnən qoçu dəstələri bu illər ərzində millətin qanını içirmişlər.
Ard-arda baş verən həbslər onu deməyə əsas verir ki, siyasi elitanın bir çox üzvləri MTN-nin dövləti talama, vəzifə hüdudlarını aşma prinsiplərinə daha sadiq formada “nökərçilik” edirmişlər.
Dövlətin ana sütunu olan təhlükəsizlik orqanında anarxiya ab-havasının olması da Eldar Mahmudovun xalqın milyonlarla pulunu, zinət əşyalarını evinə daşımasından başlamışdı.
Görünür, sabiq səhiyyə naziri Əli İnsanovun eyni adlı talançılıq ssenarisini təkrarlamaq üçün Eldar Mahmudovun kürəyini rahatca söykəyəcəyi nələrsə varmış. Yoxsa, asanlıqla sabiq həmkarının keçdiyi yola “sadiqlik” bu formada inkişaf edə bilməzdi.
Əsas səbəblərdən biri kimi milli təhlükəsizlik naziri olmaq idi ki, bu vəzifə ona həvalə olunmuşdu. Digər tərəfdən isə MTN-nin səlahiyyətlərinə cavabdehlik, üstəgəl, bu sahəyə idarəçilik ölkənin “təhlükəsizlik Allahının” əlində idi. Həmçinin, ölkəni talamağı gözə almaqla yanaşı, sadə vətəndaşdan tutmuş yüksək çinli məmuru vassalına çevirməsi dövlətə ağalıq etmək istəyinin olmasını da istisna etmirdi.
Neçə gün idi ki, işdən qovulan Milli Təhlükəsizlik Nazirliyi(MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun həbs edilməsi ətrafında qeyri-rəsmi məlumatlar yer alırdı. Nəhayət, “təhlükəsizliyimizin qarantı” olan Akif Çovdarov da həbs edildi.
Əslində, Akif Çovdarov Azərbaycan mətbuatına heç də “yabançı” ad-soyad deyildi. Hətta, o dərəcədə “doğma” idi ki, quldur dəstələrinin başında gözləri “parıldayırdı”. Zarafat deyil. Azərbaycana gələn iş adamlarının cibini soymağın müqabilində haram pullara sahiblənirdi.
Artıq Akif Çovdarovun da “monopoliya oyunu” sona yetdi. Bir məqam həmişə diqqət çəkib. Çirkli yollarla pul mənimsəmədən vəzifədə oturmaq olmur?! Yoxsa, Azərbaycan qanunvericiliyində yazılmamış qanunları tətbiq etmək kimi missiyamı mövcuddur?!
Suallar çoxdur. Cavabı isə budur ki, heç bir məmur puldan imtina etməyi ağlının ucundan keçirmir. Bu səbəbdən də hansı yola desən- soyğunçuluq, adam öldürmə, baş kəsmə kimi metodlarla müvəqqəti var-dövlətə yiyələnə bilirlər. Amma sonda mütləq qan qusurlar.
Nəticədə isə əlbir fəaliyyət sahəsində etibara sui-qəsd ediləcəyi heç vaxt proqnozlaşdırılmadığından sonda hər şey “çökür”. Görünür, hələ də dövləti yerindən tərpətmək istəyənlər var. Hakimiyyətdə yüksək mövqe tutanların içində hələ də sapı özümüzdən olan baltaların olmamasını da əminliklə söyləmək sadəlövhlük olardı.
Təəssüf ki, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarovun general rütbəsi daşıdığı ölkədə generalların talançılıq meyli o dərəcədə qalib gəlib ki, siyasi cinayətkarlıq yolu ilə ölkənin altını üstünə çevirməyi belə gözə ala bilibmişlər. İndi generalların nə üçün həbs edilməsi barədə 6-cı sinifdə oxuyan şagirdin sualları qarşısında özümüzü özümüzə necə təqdim etməyi düşünmək belə ağırdır.
Və sonda Əli Abbasovun vəzifə postu ilə vidalaşması “bu, hələ başlanğıcdır” deməyə söz yeri qoyur. Azərbaycanın müstəqilliyinin 24-cü ildönümünə bir gün qalmış Eldar Mahmudov nazir vəzifəsindən getdi. Azərbaycanın Konstitutsiyasının 20-ci ilinin tamamında rabitə və yüksək texologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edildi.
Azərbaycanın Milli Azadlıq hərəkatının 27-ci ildönümündə isə “Aztelekom”-un baş direktoru Məhəmməd Məhəmmədov həbs edildi.
Təsadüf, ya da düşünülmüş olduğunu demək çətin olsa da, ortada bir gerçəklik var. Vəzifəyə təyinat alan hər kimsə əsl azərbaycanlı kimi xidmət etməli olduğunu unutmamalıdır. Dövlətin və xalqın mənafeyinə xidmət paralel şəkildə aparılmalıdır.
Siz nə qədər çalışıb milyonlara, brilyantlara sahib olsanız, xalqın malı yenə xalqa qismət olacaq. Ona görə də sizə həvalə olunan vəzifəyə təpik atmayın, cənab məmurlar!...
Əks halda, vəzifədən sui-istifadə etməklə sonunuzu necə təsəvvür etmək elə də çətin deyil.