36 nəfərin zəhərləndiyi dönər evinin sahibi AzTV-nin əməkdaşlarına hücum etdi - AÇIQLAMA
Bu gün, 08:10
Tovuz rayonunda 36 nəfərin zəhərləndiyi obyektin sahibi və işçiləri Azərbaycan Dövlət Televizyasının (AzTV) Qərb bölgəsi üzrə xüsusi müxbiri Alməmməd Nəbiyevə hücum edib.
Bu barədə Teleqraf-ın yerli bürosuna xüsusi müxbirin özü bildirib.
Onun sözlərinə görə, peşə fəaliyyətini yerinə yetirən zaman o və operator hücuma məruz qalıb.
"Qeyd olunurdu ki, guya dönər evi bağlanıb, amma elə deyil. Əgər dönərxana bağlanıbsa, möhür niyə vurulmayıb? İçəri girdikdə obyekt sahibi və işçilərin təhqirləri, hücumları ilə üzləşdik. Hətta operatora dedim bir-birimizi qoruyaq fiziki təziq göstərə bilərlər. Dönərxananın içərisində anti-sanitar vəziyyət hökm sürürdü." - deyə A.Nəbiyev bildirib.
Qeyd edək ki, iyunun 26-da Tovuzda 36 nəfər "022 Dönər evi"ndən alıb yedikləri dönərdən zəhərləniblər.
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri iaşə müəssisəsindəki qida məhsullarından nümunələr götürərək laborator müayinələrə cəlb ediblər.
Dönər evinin fəaliyyətinin məhdudlaşdırıldığı bildirilir.