"Trampın NATO zəfəri və Putinin çaşqınlığı" - "Deutsche Welle"
Bu gün, 07:54

"Trampın siyasi instinkti və Putinin anlaşılmaz mövqeyi..."
Donald Tramp bu gün NATO sammitindən qalib kimi çıxır. Sanki illər öncə ittifaqı "borc ödəməməkdə" ittiham edən Trampın dedikləri gerçəkləşib - NATO ölkələri indi onun tələb etdiyi kimi müdafiəyə daha çox vəsait ayırmağa razılaşıb.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
Nəşr qeyd edir ki, eyni zamanda bu uğurlar Rusiya lideri Vladimir Putinin Trampı anlamamaqda davam etməsi ilə də təzad təşkil edir. Və bu anlaşılmazlıq, ola bilsin ki, Kreml üçün həlledici strateji səhvə çevriləcək.
"Tramp vergisi": NATO-nun yeni müdafiə öhdəlikləri
Haaqada keçirilən son NATO sammitində qəbul edilən qısa, lakin önəmli bəyannaməyə əsasən, 2035-ci ilə qədər istisnasız olaraq bütün müttəfiqlər (İspaniya xaric) ÜDM-lərinin 5 faizini müdafiəyə ayırmağı öhdəlik kimi qəbul edib. Bu məbləğin 3,5 faizi sırf hərbi məqsədlərə, 1,5 faizi isə infrastruktur, kibertəhlükəsizlik və mülki müdafiənin gücləndirilməsinə yönəldiləcək.
Tramp əvvəllər NATO-nun 5-ci maddəsi - kollektiv müdafiə öhdəliyi ilə bağlı qeyri-müəyyən mövqe sərgiləsə də, bu dəfə açıq və birmənalı şəkildə dəstəkləyib. Bundan başqa, Ukraynaya dəstəyin davam etdirilməsi də bir daha təsdiqlənib.
Ən diqqətçəkən məqamlardan biri isə sammitdə Trampın Avropadakı ABŞ hərbi mövcudluğunu azaltmaq kimi əvvəlki ritorikasını kənara qoyması olub. Bu, xüsusilə Mərkəzi və Şərqi Avropa ölkələri üçün rahat nəfəs almaq imkanı yaradıb.
Trampı necə məmnun etmək olar?
Sammitin uğurla təşkilində başlıca rol oynamış NATO-nun baş katibi Mark Rüttenin "Tramp strategiyası" da diqqət çəkir. O, anlayıb ki, Tramp tərif və diqqəti sevir və onu məmnun etməyin ən effektiv yolu onu tərifləmək və özünü onunla razı göstərməkdir. Rütte sammit ərəfəsində ABŞ prezidentinə yazdığı məktubda onu İran böhranındakı "uğurlu həllə" görə təbrik edib.
Məktubun tonu təlxəklik sərhədində olsa da, Tramp məktubu məmnuniyyətlə sosial şəbəkələrində paylaşıb, o, məqsədinə çatıb. Niderland kralı Villem Aleksandrın Trampı sarayda gecələməyə dəvət etməsi isə protokolda nadir rast gəlinən jest idi. Bu diqqət və ehtiram Trampın davranış və qərarlarına da təsirsiz qalmayıb.
Paralel dünyalar: Tramp və Putin bir-birini anlamır
Sammitin təşkilində diqqətəlayiq detallar da olub. Məsələn, şam yeməyində elə oturacaq düzümü qurulub ki, Tramp və Zelenski birbaşa qarşılaşmasın. Çünki onların şəxsi münasibətləri heç də isti sayılmır. Amma Zelenski buna baxmayaraq Trampla qapalı görüş keçirib və görüşdən sonra kifayət qədər məmnun görünüb.
Tramp isə Putin barədə açıq tənqiddən yenə çəkinib. "Təcavüz" və ya "cinayət" kimi ifadələr işlətməsə də, onun Putinə münasibətində artıq bir uzaqlaşma hiss olunur. Tramp getdikcə onu anlaşılmaz və təcrid olunmuş birisi- yəni "razılaşmaq şansı olan bir adam" yox, əksinə, bu şansı əldən verən bir fiqur kimi görür.
Tramp üçün müharibə konkret maraqlara - resurslara, bazalara, təsir sahələrinə görə aparılır. Əgər danışıqlar mümkün olarsa, o zaman müharibə bitməlidir. Amma Putin üçün savaş başqa bir şeydir - ideoloji, tarixi və hətta mifoloji məqsədlərlə aparılır. Tramp üçün bu, sadəcə anlamsızdır. Ona görə də Putinlə danışıqlar aparmaq çətindir və bu, Trampı əsəbiləşdirir.
İki fərqli lider, iki fərqli mahiyyət
Tramp ambisiyalı, tərifə meylli, bəzən kinli, amma əslində qəddarlıqdan uzaq bir insandır. Onun ukraynalı jurnalistlə emosional dialoqu bir daha göstərib ki, siyasətçi Tramp hələ də insan Trampı tam udmayıb. Putində isə əksinə - insanlıq artıq siyasətçi obrazında tam itib. Onlar eyni masada otura bilsələr belə, fərqli planetlərin adamlarıdır. Və bu fərq uzaq olmayan gələcəkdə Putinin ziyanına çox şeyi dəyişəcək.
Müəllif: Konstantin Eqqert