Ölkəni qışa necə hazırlayırlar? - İndidən düşünməliyik...

13-08-2019, 10:04           
Ölkəni qışa necə hazırlayırlar? - İndidən düşünməliyik...
Hava şəraitinin kəskin şəkildə dəyişməsi payız-qış mövsümünə hazırlığı gündəmə gətirib.

Bir neçə gündür ki, hava soyuyub, güclü yağış və külək fəsadlar yaradıb.

Komunal xidmət sektoru payız-qış mövsümünə necə hazırlaşır?

“Azəriqaz”ın İcitmaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, qəza olan xətlərdə təhlükəsizlik tədbirləri görülür: “Sızma müşahidə etdiyimiz yerlərdə bizim mühəndislər, həm bu sahənin mütəxəssisləri birgə çalışır. dərhal bunun qarşısını almağa çalışırıq. Qaz təchizatını dayandırır və prosesin qarşısını alırıq. Lakin təchizatı dayandırmazdan əvvəl öz rəsmi səhifəmizdə və facebook səhifəmizdə məlumat veririk. Hətta saytlara da məlumat göndəririk. Bu işləri “Qaz İxrac İdarəsi” ilə birgə həyata keçirik. Hazırda Bakının özündə böyük kəmərlərdə sazlama işləri gedir. Bakı-Sumqayıt enişində (Şamaxı yolu ərazisi) böyük bir kəmərin 2 mərhələli hardasa 400 metr məsafədə alternativi çəkilir. Bu 108000 abonentin qaz təminatının yaxşılaşdırılması üçün nəzərdə tutulub. Çünki orada köhnə kəmər həm sürüşmə zonasında yerləşir, həm də keçən əsrin 70-ci illərindən çəkilib. Artıq o bizim üçün payız-qış mövsümündə problem yarada bilərdi. Əmircanda, Pirşağı-Bilgəh yolunun kənarında, Saatlıda şəhər xətdində, İsmayıllıda Heydər Əliyev prospektində, Gəncədə N.Nərimanov prospektində hazırda böyük layihəli işlər gedir. Bunlardan əlavə bizdə gündəlik olaraq sazlama işləri də gedir. Bu işlər həm paytaxtı, həm də bölgələri əhatə edir. Biz dövlət proqramına uyğun olaraq qazlaşdırılmayan ərazilərin qazlaşdırılması işlərinin tamamlanması mərhələsindəyik. Bu haradasa bu il üçün 58 yaşayış məntəqəsi və 27 yeni yaşayış masividir. Bunların qazlaşdırılması ölkə başçısının 2018-ci il 22 fevralda imzaladığı sənəd əsasında aparılır. Məsələn, 3 gün əvvəl Göygöl rayonunda bir kəndi qazlaşdırdıq. Şamaxının Çıraqlı kəndinə qaz veriləcək. Ölkə üzrə haradasa 25-30 belə tamamlanmış yaşayış məntəqəsi istismara hazırdır ki, sadəcə qazın verilməsinə başlanır. Payız-qış mövsüm tədbirləri üçün həyata keçirilən böyük layihələri sentyabrın ortalarına qədər tamamlayacağıq”.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, təmsil etdiyi qurum elektrik enerjisinin fasiləsiz verilməsinə çalışır: “12-13 ildə aparılan yenidənqurma işləri ilin bütün fəsillərində 24 saat dayanıqlı kefiyyətli enerji təchizatının təmin olunması həyata keçirilir. Hətta əvvəllər elə olurdu ki, sərfiyyat yayda az olurdu. İndi isə enerji ilə işləyən məişət avadanlıqlarının və fabrik, zavodların açılması nəticəsində yaydakı sərfiyyat qışdakından daha çox olur. Təbii ki, hazırlığımız olur. Ancaq bu yalnız payız-qış mövsümünə deyil, bütün fəsillərə aid olur. Hər ilin özünə uyğun tədbir planları var. Orda qeyd olunur hansı rayonda hansı yenidənqurma işləri aparılmalıdır. Hazırda Goranboy, Sabirabad, Gədəbəy və Daşkəsən rayonlarına yeni materiallar tökülür. Yəni 2019-cu ilin tədbirlər planının ikinci yarımilliyinə uyğun olaraq hazırda Ağstafa, Lerik, Yardımlı dağlıq və dağətəyi rayonlarda, o cümlədən Mərkəzi Aran rayonlarında ilin sonuna qədər yenidənqurma işlərimiz var. Bu rayonlarda yeni elektrik işıq xətlərinin çəkilməsi, dayaqların, yeni yarımstansiyaların qurulması kimi işlər görülür”.

"Azəristiliktəchizat" ASC-nin abonentlərlə xidmət şöbəsinin müdiri Rafiq Əliyev isə təmsil etdiyi qurum haqqında danışaraq deyib ki, qurumun payız-qış mövsümü ilə əlaqədar tədbirlər planı var: “Hər il mövsüm başa çatanda mövcud istilik təchizat obyektlərinin, məhəlli magistral xətlərin vəziyyəti araşdırılır, magistral xətlərdə hidravlik təziqlər yoxlanılır, zəif yerlər müəyyənləşdirilir. Eyni zamanda qazanxanalarda nəzarət ölçü cihazları, elektrik avadanlıqları, qazanlar, suyumşaldıcı qurğular və digər avadanlıqlar təftiş olunur və rəhbərlik tərəfindən müvafiq tədbirlər planı hazırlanır. Bunun əsasında da aidiyyatı üzrə işlər struktur bölmələrinə həvalə olunur. Aidiyyatı istilik sistemləri istismar sahələri ilə birlikdə bu fəaliyyət həyata keçirilir. Hazırda bu istiqamətdə işlər gedir və hər bir qazanxana işləri başa çatdıqda qazanxanalar “Azəristiliktəchizat”ın tərkibində qəbul komisiyaya təhvil verilir. Bu sıra ilə 550 qazanxana, 92 istilik məntəqəsi və eyni zamanda bütün magistral xətlər üzrə tədbirlər planına uyğun olaraq işlər davam edir. Tədbirlər planına uyğun işlər aprel ayının 15-dən başlayır və oktyabr ayının 1-də başa çatır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.