“Azərbaycanın geosiyasəti” - Yunus Oğuz yazır...

23-11-2015, 17:56           
“Azərbaycanın geosiyasəti” - Yunus Oğuz yazır...
Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Qeyd edək ki, əgər Dağlıq Qarabağ münaqişəsi hələ sovetlər dönəmində yaranmasaydı və Ermənistan bölgədə normal siyasət yürütsə, Rusiyanın forpostuna çevrilməsəydi, bəlkə də Azərbaycan tərəfi dənizə çıxmayan, ucuz başa gələn layihələrdən birini bu ölkənin ərazisindən keçirməklə reallaşdıra bilərdi. Təəssüflər olsun ki, Ermənistan müharibələr, qarşıdurmalar, münaqişələrlə müşaiyət olunan proseslərə rəvac verdi və regionda stabilliyin qarantını pozan ölkə kimi dünyada tanındı.

Azərbaycanın Gürcüstanla geosiyasi, geoiqtisadi, geostrateji əməkdaşlığı Ermənistanın Rusiya ilə quru əlaqələrinə də ciddi zərbə vurmaqda davam edir. Bu xüsusiyyətləri nəzərə alaraq, müəllif ABŞ alimi S. Kornelə istinadən yazır ki, Gürcüstanın hazırki hərbi təhlükəsizliyinin təminatı daha çox Azərbaycan, Türkiyə və NATO-nun Cənubi Qafqazdakı güclü geostrateji mövqeyə malik olmasından və regionda Rusiya-Ermənistan blokunun hərbi gücünə balans yaratmasından asılıdır. Onun fikrinə görə birincilərin hərbi-geostrateji cəhətdən güclənməsi Gürcüstanın xeyrinə, ikincilərin güclənməsi isə ziyanınadır. Qeyd etdiyimiz kimi, Gürcüstan tərəfi ərazisini ABŞ bazası üçün açıq elan etmək ərəfəsindədir və artıq bu ölkədə NATO-nun təlimləri və treyninqlərinin keçirilməsinə start verilib. Təbiidir ki, Rusiya Cənubi Qafqazda belə vəziyyətə biganə qala bilməz. Bu regionda hegemonluğunu qorumaq üçün Rusiya ölkəsində məskunlaşmış yüz minlərlə gürcünün mümkün deportasiyasını, dondurulmuş Cənubi Osetiya və Abxaziya münaqişəsini, yaxud Cavaxetiyada erməni-gürcü qarşıdurmasını qabarda və alovlandıra bilər.

Gürcüstanın Azərbaycanla münasibətinə gəldikdə isə Əli Həsənov yazır: “Gürcüstan Cənubi Qafqazın regional təhlükəsizliyi sahəsində və qarşılıqlı milli təhlükəsizliklərinin təminatı məsələsində Azərbaycanın ən yaxın strateji tərəfdaşlarından hesab olunur. Lakin iki ölkə arasındakı münasibətlərdə əsas maraqlar və məqsədlər üst-üstə düşsə də, onların yürütdüyü regional və beynəlxalq siyasi kurs, malik olduğu geoiqtisadi şərait, ölkədaxili ictimai-siyasi və sosial vəziyyət, milli-hərbi təhlükəsizlik taktikası və s. məsələlərə yanaşmasında müəyyən fərqlər müşahidə olunur... Azərbaycan bölgədə marağı və nüfuzu olan ölkələrlə dostluq və tərəfdaşlıq əlaqələri saxlamaqla... Gürcüstan rəhbərliyi yalnız onların Qərblə inteqrasiya kursunu dəstəkləyən dövlətlərlə əməkdaşlığa üstünlük verir”. (Bax. s. 499)

Ermənistan. Cənubi Qafqazın geosiyasi və geoiqtisadi maraqlarını təhlükə altına qoyan, hər üç respublikanın geosiyasi mənafe baxımından birgə addım atmasını əngəlləyən, daima münaqişələr ocağına çevirməyə cəhd edən, bölgədə ümumi maraqları təhdid edən Ermənistandır. Bu ölkə Azərbaycana və Türkiyəyə açıq, Gürcüstana isə gizli şəkildə ərazi iddiası ortaya qoymaqla və “Dənizdən-dənizə” mifik ideyanı həyata keçirmək təşəbbüsü onu beynəlxalq aləmdə nüfuzdan salmaqla yanaşı, regionda etibarlılıq dərəcəsinə də kölgələr salmaqda davam edir. Belə ki, Ermənistan dövləti Rusiyanın hərgi-geostrateji tərəfdaşı olmasına baxmayaraq, geosiyasi və geoiqtisadi tərəfdaşlıq baxımından etibarlı hesab edilmir və çox zaman bu dövlət Rusiyanın əlavəsi kimi qəbul edilir, çünki rəsmi Moskvanın izni olmadan adı çəkilən dövlət heç bir beynəlxalq təşkilatların iclaslarında müstəqil söz sahibinə çevrilə bilmir.

Hörmətli professor Ermənistanla münasibətlərdən yazarkən onun tarixən təşəkkül tapmasından söz açmaya bilmir. O qeyd edir ki, hələ XVIII əsrdə Çar I Pyotr dövlətinin cənubunda geosiyasi, geoiqtisadi, hərbi-geostrateji maraqlarını həyata keçirməyə qonşu dövlətlərdən işğal etdiyi ərazilərə erməni ünsürlərini köçürməyə başlamışdır. Yaxın Şərqdən Cənubi Qafqaza köçürürlən erməni axını, xüsusən İran-Pusiya müharibələri zamanı (qeyd edək ki, İran o zaman Qacar dövləti adlanırdı, 1813-Gülüstan, 1828-Türkmənçay müqavilələri) daha geniş vüsət aldı. Məhz bu dövrdə yerli əhalini Qarabağ bölgəsindən sıxışdırmaqla onlar bu bölgədə məskunlaşdılar. Sonralar yerli əhalini soyqırıma məruz qoymaqla Ermənistan adlanan dövlət yarandı. Təbiidir ki, Rusiyanın maraqlarına cavab verdiyi üçün bölgədə münaqişələrə rəvac verən bir dövlət elan olundu.

Təkcə XX əsrdə ermənilər tərəfindən üç dəfə-1905-1920; 1948-1955 və 1988-1993-cü illərdə Azərbaycanın tarixi ərazilərində (İrəvan, Naxçıvan, Xoy, Urmiya, İğdır, Zəngəzur, Qarabağ, Gəncəbasar, Bakı, Şirvan, Quba və b.) yerli əhalinin əksəriyyətini təşkil edən azərbaycanlılara qarşı kütləvi soyqırım və “təmizləmə” əməliyyatı həyata keçirilmiş, milyonlarla dinc əhali qətlə yetirilmiş, yaxud öz ata-baba yurdlarından didərgin salınmışdır. Bunun nəticəsi olaraq hər il mart ayının 31-də Azərbaycanda “soyqırımı” günü qeyd olunur, tarix hər dəfə yenidən araşdırılır, ermənilərin yerli əhaliyə qarşı etdiyi vəhşiliklər, soyqırım (Xocalı soyqırımı, fevralın 26-sı, 1992-ci il) faciəsi bütün dünyaya çatdırılır.

XX əsrin əvvəllərində Pusiya imperiyası dağıldıqdan sonra ermənilər Azərbaycanın tarixi torpağı olan İrəvan xanlığını ələ keçirmiş, burada Ermənistan respublikasını elan etmiş, yerli əhalini isə zaman-zaman ya məhv etmiş, ya da deportasiyaya məruz qoymuşlar. Fakt odur ki, XX əsrin sonlarında Ermənistan dünyada yeganə dövlət olaraq monoetnik respublikaya çevrilmişdir. Əslində bu onların qapalı psixoloji durumundan xəbər verir, bir ərazidə başqa heç bir etnosla yola gedə bilmədiklərindən digər etnoslara qarşı aqressivlik nümayiş etdirməsinə gətirib çıxardır.

Cənubi Qafqaz respublikalarında (qeyd etmək yerinə düşərdi ki, hər üç respublikada sovet hakimiyyəti rus ordusunun birbaşa müdaxiləsi vasitəsilə qurulub) sovet hakimiyyəti qurulduqdan sonra Ermənistan sovet hökuməti və bolşevik-daşnak hakimiyyəti nümayəndələrinin dəstəyindən bəhrələnərək Zəngəzur mahalını ələ keçirmiş, Azərbaycanın Naxçıvan və Türkiyə quru əlaqələrini tam kəsmiş, bu torpaqlardan tam istifadə edərək özünə İranla geosiyasi dəhliz yaratmışdır.

Ermənilər Moskva havadarlarının köməyindən istifadə edərək, vaxtilə Çar Rusiyası tərəfindən Qarabağda məskunlaşan erməni əhalisi üçün xüsusi status almağa nail olmuş və bu status “Dağlıq Qarabağ Muxtar Vilayəti” adı ilə yekunlaşmışdır. Bununla da, gələcək yeni ərazi iddialarının, separatizmin təməli qoyulmuşdur. Bu da baş vermişdir. Postsovet məkanı dağıldıqdan sonra Ermənistan rus ordusunun dəstəyi və köməyi ilə Azərbaycanın 20 % torpaqlarını işğal etmiş, bir milyon əhalinin qaçqın və köçkün şəklində yaşamasına rəvac vermişdir. Müəllif yazır ki, hazırda Ermənistan bölgədə Rusiyanın “forpostu” funksiyasını yerinə yetirərək, Cənubi Qafqazın ümumi geosiyasi, geoiqtisadi və geostrateji məsələlərinə təsir etmək istiqamətində “vasitə” kimi istifadə olunur. Ermənistanın bütün regional, geosiyasi, geoiqtisadi və hərbi-təhlükəsizlik məsələlərinə yanaşması bu “statusa” müvafiq olaraq formal xarakter daşıyır və sadəcə olaraq “digər bölgə ölkələrindən geridə qalmamaq” xatirinə “müstəqil dövlət” imitasiyası kimi həyata keçirilir.

Rusiyanın hərbi qüvvələrini öz ərazisində yerləşdirən, onun yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının heç bir tələbindən kənara çıxa bilməyən bir ölkənin müstəqil geosiyasət, yaxud təhlükəsizlik siyasəti yürütməsi, sadəcə olaraq mümkün deyildir.
Ardı var












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.