Fransa Prezidenti Emmanuel Makron NATO-nun Haaqada keçirilən sammiti çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə “Renault” şirkətinin Ukraynada pilotsuz uçuş aparatları istehsal etməsi imkanını müzakirə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro “LCI” telekanalına açıqlamasında bildirib.
“Bir neçə gün əvvəl müdafiə naziri Sebastyen Lekornu “Renault” ilə birlikdə Ukraynada dron istehsalına başlanacağını açıqlamışdı. Prezident Makron da bu məsələni NATO sammiti zamanı Zelenski ilə müzakirə edib”, – deyə Barro bildirib.
Nazirin sözlərinə görə, Fransa üçün Ukraynaya texnoloji dəstək və avadanlıqların istehsalında yardım göstərmək önəmli məsələdir.
Qeyd edək ki, Lekornu daha əvvəl hansı şirkətin bu layihəyə qoşulacağını açıqlamasa da, “France Info” bu şirkətin “Renault” olduğunu yazıb. Lakin “Renault” nümayəndəsi hazırda bununla bağlı rəsmi qərarın verilmədiyini bildirib.