"ABŞ İsfahana "süper bomba" atmadı - niyə?" - CNN

Bu gün, 09:34           
"ABŞ İsfahana "süper bomba" atmadı - niyə?" - CNN
"Təhlükəli seçimlər, yarımçıq nəticələr və İranın gizli silah sirri..."

ABŞ İranın nüvə obyektlərinə hücum edərkən, çoxlarının gözlədiyi kimi İsfahandakı yeraltı kompleksə qarşı özünün ən dağıdıcı silahı olan "Massive Ordnance Penetrator" (MOP) "super bombasını" istifadə etmədi.

Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, bu qərar texniki məhdudiyyətlər və strateji zərurətlərin birləşməsindən doğub.

Niyə bu bombadan istifadə etmədilər?

ABŞ Ordusunun Baş Qərargah rəisi general Den Keyn Konqresdə qapalı brifinq zamanı bildirib ki, İsfahandakı yeraltı nüvə obyektləri o qədər dərində yerləşir ki, 13 tonluq bunker deşici bombanın belə effektiv zərbə vurması real görünmür. Odur ki, Vaşinqton bu dəfə fərqli yol seçdi: İsfahana "Tomahawk" qanadlı raketləri ilə zərbə endirildi. Bu raketlər ABŞ-ın sualtı qayıqlarından buraxılıb və əsasən obyektin infrastrukturunu hədəfə alıb.

Əslində hədəfdə nə olub?

"İstihbarat"ın məlumatlarına görə, İsfahanda İranın zənginləşdirilmiş uran ehtiyatlarının mühüm hissəsi saxlanılır, bu da nüvə silahı hazırlamaq üçün əsas komponentdir. Ancaq zərbələr həmin maddənin özünü məhv etməyə yox, yalnız bəzi texniki strukturları sıradan çıxarmağa xidmət edib. Pentaqonun ilkin qiymətləndirməsi belədir: obyekt zədələnib, amma tam sıradan çıxmayıb. Üstəlik, ehtimal var ki, İran hücumdan öncə materialların bir hissəsini daha təhlükəsiz yerlərə köçürə bilib.

Peyklər nə göstərir?

Kommersiya peykləri hücumdan sonra İsfahandakı yeraltı tunellərin girişində fəallıq qeydə alıb. Bu da onu göstərir ki, obyekt tamamilə bloklanmayıb və İran hələ də nüvə infrastrukturuna çıxış imkanını qoruyur.

ABŞ qanunvericiləri etiraf edir ki, bu hücum məhdud xarakter daşıyıb. Bəli, müəyyən infrastrukturlar dağıdılıb, amma İranın nüvə potensialı toxunulmaz qalıb. Ekspertlərin qənaətinə görə, bu zərbə sadəcə Tehranın proqramını bir müddət ləngidə bilər, onu dayandırmaqdan söhbət gedə bilməz.

Əməliyyatın arxa planı

İyunun 22-nə keçən gecə ABŞ ordusu ilk dəfə real döyüş şəraitində özünün məşhur GBU-57 bombalarını istifadə edərək İranın nüvə infrastrukturlarına hücum edib. Hədəflər arasında Fordo, Nətənz və İsfahan kimi strateji obyektlər olub. Xüsusilə Fordo üzərinə tam döyüş yüklü bombardman həyata keçirilib. Ancaq İsfahan fərqli yanaşma tələb edib və Vaşinqton risk etməyib.

Bu hücum bir tərəfdən ABŞ-ın İrana xəbərdarlığı kimi qiymətləndirilə bilər. Amma digər tərəfdən bu, həm də Tehran rejiminə bir siqnaldır: "Əsasınız hələ məhv edilməyib". İranın nüvə ambisiyaları hələ də canlıdır və bu, regionda sabitliyi daim risk altında saxlayacaq. ABŞ-ın isə gələcək addımlarında nə qədər irəli gedəcəyi artıq Tehran deyil, Vaşinqtonun özündə veriləcək qərarlardan asılı olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.