Siqaretlərin qiyməti 70-80 faiz qalxdı - SƏBƏB
14-01-2016, 10:08
Tütün məhsullarının qiymətinin artması dolların bahalaşması ilə əlaqələndirilsə də, bahalaşma devalvasiya faizindən hiss olunacaq dərəcədə çox oldu. 50 faizlik devalvasiyanın müqabilində qiymətlər 70-80 faiz artırıldı. Bu da qiymətlərin bazar tərəfindən deyil, bazarda monopolist olan “gizli əl” tərəfindən müəyyənləşdirildiyini göstərir.
Bu isə bazarda tütün məhsullarının alıcılığına təsir göstərir. Şəhərdəki mağaza və köşklərdə çalışan satıcıların sözlərinə görə, son bir həftədə siqaret satışı iki dəfədən çox azalıb. Artıq insanlar tütün məhsullarından istifadədə qənaət rejiminə keçiblər. Köşkdə satıcı işləyən şəxs isə artıq bəzi insanların siqareti qutu ilə almağa imkanlarının çatmadığını və dənə ilə aldıqlarını bildirib.
Təbii ki, buradan qazanan siqaret monopoliyasına nəzarət edən şəxslərdir.
Aktual.az xəbər verir ki, musavat.com-a açıqlamasında durumu şərh edən iqtisadçı ekspert Qadir İbrahimli ölkədə “siqaret xaosu”nun yaranmasının səbəbini bu bazarın monopoliyada olması ilə əlaqələndirib:
“Siqareti monopoliyada saxlayanlar bazardakı qiymətləri diqtə edirlər. Çünki, bazarda alternativ yoxdur. Alternativ olmadığı üçün qiymətləri istədikləri kimi bahalaşdırırlar. Ümumiyyətlə, devalvasiyadan öncə də dəfələrlə siqaretin qiyməti hər qutuya görə 10-20 qəpik, bahalı siqaretlərdə isə daha çox artırılırdı. Son iki-üç ildə həmin monopolistlər mütəmadi olaraq, siqaretin qiymətini artırırdılar. Bu gün devalvasiya onlara əlavə bir şərait yaratdı. Lakin monopolistlər siqaretin qiymətini devalvasiya tempinə görə yox, şəxsi biznes maraqlarına uyğun olaraq qaldırdılar. Əgər devalvasiya 50 faizdirsə, bəzi siqaretlərdə qiymət artımı 70-80 faiz oldu. Bu da həmin monopoliyanın nəticəsidir. Bu, devalvasiyanın həmin monopolistlərə yaratdığı münbit şəraitdir”.
Ekspert həmçinin qeyd edib ki, kartla satışın həm istehlakçılar, həm də sahibkarlar üçün problem yaradacağı və gec-tez ləğv olunacağı bəlli idi:
“Bunun nəticəsi o oldu ki, bir çox mağazalar siqaret satışını dayandırdı, bəzilərində satıcılar gizli şəkildə piştaxtanın altından satdılar. Anormal bir situasiya yarandı. İndiki vaxtda kartla satışa keçid düzgün deyildi. Çünki, müvafiq baza yaradılmayıb, terminallar quraşdırılmayıb və bu işlər başa çatmamış belə bir qərarın verilməsi çox səhv bir addım idi. Buna tədricən getmək olardı. Ancaq bu qərar ona gətirib, çıxartmışdı ki, piştaxtalardan siqaret yığışdırılmışdı. Hökumət doğru olaraq, öz qərarını ləğv edib, əvvəlki qaydada siqaret satışını bərpa etdi”.
Qeyd edək ki, bazarlarda yaranan bu vəziyyətə cavabdeh olan İqtisadiyyat və Sənaye Nazirliyindən isə bir neçə gün öncə bildirilib ki, hazırda tütün məmulatlarının bahalaşması ilə bağlı araşdırma aparılır, ictimaiyyətə bahalaşmanın səbəbləri və araşdırmanın nəticələri açıqlanacaq.
Aktual.az