İlham Əliyev ölkəni tamamilə dəyişəcək islahatlara start verir: Rayonlar birləşdiriləcək - Ləğv ediləcək nazirlik və komitələrin adları

14-01-2016, 23:51           
İlham Əliyev ölkəni tamamilə dəyişəcək islahatlara start verir: Rayonlar birləşdiriləcək - Ləğv ediləcək nazirlik və komitələrin adları
Azərbaycanda dövlət qurumların təkmilləşdirilməsi prosesində yeni islahatların aparılacağı gözlənilir.

Avropa.info xəbər verir ki, vaxtilə bir örnək kimi götürülən Rusiyanın federativ idarəetmə strukturlarına uyğun yaradılan qurumların ləğvi məsələsi yenidən gündəmə gəlib. Belə ki, Nazirlər Kabineti çoxsaylı nazirlik, komitələri özündə birləşdirir. Mərkəzi icra hakimiyyəti orqanı statusunda olan 40-dan çox quruma qənaət rejimində ehtiyac qalmır. Gürcüstanda, Ukraynada, Polşada və digər ölkələrdə Nazirlər Kabineti orta hesabla 18-20 nəfərdən ibarətdir. Bu ölkələrdə baş nazirin 2 müavini var, onlar da paralel olaraq həm də nazirlərdir. Azərbaycanda isə baş nazirin 6 müavini var. Dövlət büdcəsinə qənaət ilində onların sayının azadılacağı ehtimal edilir. Dünya bazarlarında xam neftin qiymətinin kəskin enməsi nəticəsində xarici valyutada daxilolmaların azalması, ölkənin tədiyyə bazarında keyfiyyətcə yeni vəziyyət yaratmış və manatın məzənnəsinin əhəmiyyətli enməsini qaçılmaz edib.

Qlobal iqtisadi proseslərin Azərbaycanın inkişafına mənfi təsirləri ilə əlaqədar olaraq hökumətin və Mərkəzi Bankın atdığı addımlar yaranmış makroiqtisadi duruma adekvat idarəetmə sisteminin təkmiləşdirilməsinə yönəlib. Dövlət mülkiyyətində olan şirkətlərin idarə edilməsində islahatların aparılması nəzərdə tutlur. Dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinə əlavə təkan verilməsi, bank sisteminin köklü şəkildə konsolidasiyası və ona olan etimadın artırılması kimi məsələlər islahat zərfinə daxil edilib.

Bütün bunları, xüsusilə də «çevik və operativ idarəetmə mexanizmi», barədə deyilənləri nəzərə aldıqda, ehtimal etmək olar ki, Azərbaycanda son illər ərzində ilk dəfə olaraq regional formatda struktur dəyişiklikləri də aparılacaq. Mətbuatın verdiyi məlumata görə, rayonların birləşdirilməsinə də ehtiyac yaranıb. Qeyd edək ki, hazırda Azərbaycanda 66 rayon mövcuddur. Bu rayonların demək olar ki, hamısında çoxsaylı dövlət strukturları mövcuddur. Bəzi rayonlar həm iqtisadiyyatının və təsərrüfatının quruluşuna, həm də əhalinin həyat tərzi və tərkibinə görə, bir-birinə çox yaxındır. Bu mənada idarəetməni daha da təkmilləşdirmək, rayonların təsərrüfatının daha effektli idarə edilməsi və iqtisadi faydalılığının artırılması üçünonların birləşdirilməsi mümkündür.

Avropa.info saytının ekspert qrupu bu istiqamətdə bələdiyyələrin səlahiyyətlərinin artırılmasını da məqbul hesab edir.

Bəzi amilləri nəzərə aldıqda – Salyan və Neftçala rayonlarının bir mərkəzdə birləşdirilməsi, Samux və Göygöl rayonlarının bir mərkəzdə birləşdirilməsi, eləcə də Qazax və Ağstafa rayonlarının bir mərkəzdə birləşdirilməsi səmərəli addım sayıla bilər. Qeyd edək ki, eyni metod Bakı rayonları üçün də keçərlidir. Proseslər onu göstərir ki, regional idarəetmənin təkmilləşdirilməsi qarşıdakı illərdə ölkəmiz üçün daha aktual olacaq.

Onu da qeyd edək ki, xərclərin ixtisarı dövlət aparatının saxlanılması üçün büdcədə nəzərdə tutulan xərclərin azaldılmasını da əhatə edəcək.

Avropa.info-nun əldə etdiyi məlumata görə, bu çərçivədə hökumət artıq bir çox nazirliklərə, dövlət komitələrinə, büdcədən maliyyələşən digər təsisatlara xərclərin azaldılması üçün ştat vahidlərinin ixtisarını nəzərdən keçirmək barədə təlimat göndərib. Habelə büdcədən maliyyələşən təşkilatlara xidməti avtomobillərin sayının azaldılması, ezamiyyət xərclərinin məhdudlaşdırılması istiqamətində də işlər başlayır. Məlumatlara görə, bu il hökumət qarşısında dayanan ən vacib məsələ neft bumundan sonrakı dövrə daha çevik və mobil idarəetmə strukturları formalaşdırmaqdır. Gözlənilir ki, struktur islahatı nəticəsində bir neçə nazirlik və dövlət komitəsi ləğv ediləcək.

Avropa.info-nun ekspert qrupu dəfələrlə bu istiqamətdə konkret təkliflərlə çıxış edib. Belə bir ehtimalla çıxış etmişdik ki, Gömrük Komitəsi ləğv edilərək səlahiyyətlərinin bir qisminin “ASAN xidmət” və Vergilər Nazirliyinə verilməsi nəzərdə tutulur. Ehtimal var ki, Kənd Təsərrüfatı Nazirliyi də ləğv edilsin, səlahiyyətləri İqtisadiyyat və Sənaye Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürülsün. Bundan başqa, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi, funksiyalarının İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin Maliyyə Nazirliyinə verilməsi nəzərdən keçirilir.

Əldə etdiyimiz məlumata görə, Gənclər və İdman Nazirliyi də ləğv ediləcək və səlahiyyətləri bölüşdürüləcək. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Komitəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin başqa qurumlara verilməsi nəzərdə tutulur.

Saytımızın araşdırmaçıları yerlərdəki maneələr aradan qaldırılmaq üçün icra hakimiyyəti orqanlarının funksiyalarının yerli bələdiyyələrə verilməsini də təklif edib. Bölgələrdə son günlər müşahidə edilən etiraz aksiyalarının əsas tələbi dövlət başçısına dəstək və yerli məmurların cəzalandırılmasından ibarət olub. Bir sözlə, hakimiyyət yuxarıda sadalanan islahatları həyata keçirməklə sosial bazasını daha da genişləndirə, hansı reformaların aparılmasının məqsədə uyğunluğu ilə bağlı sadə vətəndaşlarla müzakirələrə başlaya bilər.

Artıq indidən qəti şəkildə ehtimal edə bilərik ki, vətəndaşların problemlərini yerindəcə həll etmək istəməyən məmurlar ən ciddi şəkildə cəzalandırılacaq. Unutmaq olmaz ki, yerlərdə keçirilən heç bir aksiyada ölkə rəhbərindən narazılıq ifadə edilmir. Prezidentin qərarlarını sabotajı edənlər kiçik və böyük məmurlardır. Onlarla vidalaşmaq zamanı artıq çatıb. Bu məsələdə vətəndaş cəmiyyəti də eyni düşüncəyə malikdir. Bir sözlə, Azərbaycanda gözlənilən ciddi islahat dalğasına sosial sifariş yaranıb. Yaxın 2 il ərzində ölkədə aparılan islahatlar bütövlükdə cəmiyyəti əhatə edəcək.

Avropa.infonun ekspert qrupu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.