Nazirliklər milyonlarla manatı necə təhlükəyə atırlar? - İlginc iddialar
15-01-2016, 22:22
Azərbaycanda dövlət satınalmaları sahəsində qeyri-şəffaflıq hamıya yaxşı məlumdur. Bir sıra nazirliklərin külli miqdarda büdcə vəsaitinin xərclənməsini nəzərdə tutan sifarişləri bir sıra hallarda tender haqqında qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilir.
Bəzi hallarda isə ayrı-ayrı nazirliklərin iri dövlət vəsaitlərini yönəltdikləri şirkətlər haqqında kifayət qədər şübhəli, müəmmalı nüanslar meydana çıxır. Məsələn, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibb müəssisələrinin təmiri və tikintisi ilə bağlı sifarişlərini bir qayda olaraq, “Turqay” MMC həyata keçirir. Bu, Satınalamalar üzrə Dövlət Agentliyinin rəsmi saytında apardığı araşdırmadan sonra məlum olub.
Saytın keçirilən tenderlərin reyestri ilə bağlı bölümündəki məlumatlardan belə məlum olur ki, 2015-ci ildə təkcə Səhiyyə Nazirliyinin sifarişi ilə Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisi işlərinin satın alınmasına görə sözügedən şirkətə 11 milyon 120 min manat vəsait ödənilib.
Bundan başqa, Bakı şəhəri 1 saylı Kliniki Tibbi Mərkəzin təmir işlərinin satın alınması da ötən il adıçəkilən şirkətə həvalə olunub və bunun üçün “Turqay” MMC-yə 297 650,87 manat ödənilib.
Əvvəlki illərdə də bu şirkət Oqtay Şirəliyevin rəhbərlik etdiyi nazirliyin kifayət qədər yüksək büdcəli sifarişlərinin icrası ilə məşğul olub. Məsələn, iki il əvvəl Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 31 saylı Poliklinikanın təmiri məhz “Turqay” MMC-yə həvalə olunub və həmin vaxt bu məqsədlə adıçəkilən şirkətə 5 milyon manat ayrılıb.
Eyni ildə Respublika Talassemya Mərkəzinin təmir işlərinin satın alınması (294 245 manat) və Bakı şəhər 1 saylı Klinik Tibbi Mərkəzdə təmir işlərinin satın alınması da (59 745) də məhz “Turqay” MMC-yə həvalə olunub.
Bundan başqa, 2013-cü ildə istifadəyə verilən Cəlilabad Rayon Xəstəxanasının tikintisi və təchizatı üzrə 10 milyon 960 min manat həcmində müqavilə də “Turqay” MMC ilə bağlanılıb.
Maraqlıdır ki, hansı səbəbdənsə səhiyyə nazirinin dərin rəğbət və böyük etimadını qazanmış həmin şirkətlə bağlı ötən illər ərzində KİV-də heç də ürəkaçan məlumatlar yayılmayıb. Bunlardan ikisi xüsusilə heyrət doğurur. Belə ki, 10 il öncə - 2005-ci ilin dekabrında rəsmi dövlət agentliyi AzərTAc Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şəbəsinə istinadən belə bir məlumat yayıb: “Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergidən yayınma və qanunsuz sahibkarlıq faktları ilə bağlı daha 43 cinayət işi başlanmışdır”. Bunun ardınca həmin şirkətlərin adları və vergidən yayındırdıqları məbləğlər açıqlanıb. Onların arasında “Turqay” MMC-nin də adı var. Şirkətin dövlət büdcəsinə ödəməkdən yayındırdığı məbləğ isə tükləri biz-biz edir: 4 milyard 797,7 milyon manat!
İki il öncə mətbuatda bu şirkətlə bağlı yer alan məlumatda isə iddia edilir ki, onun rəhbəri Abbasov Tamerlan Yahya oğlu külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındığına görə Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.4-cü maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətində azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib.
Həmin iddia sonradan təkzib edilməyib.
O da qəribədir ki, kifayət qədər böyük məbləğlərlə ifadə olunan dövlət satınalmalarının həvalə olunduğu bu şirkətin rəsmi internet ünvanı yoxdur. İndiki dövrdə isə bu, anlaşılan və qəbuledilən deyil, müəyyən suallar yaradır.
İndi maraq doğuran Oqtay Şirəliyevin nazirliyinin kifayət qədər şübhəli imicə malik bir şirkətə dövlətin milyonlarla manatını hələ də niyə etibar etməsidir?!
Bu cür şübhəli halları digər nazirliklərlə bəzi şirkətlərin ortaqlıqları barədə də söyləmək olar. Hansı ki, belə hallar büdcə vəsaitlərinin korrupsiya predmetinə çevrildiyinə dair qəti fikirlər səsləndirməyə əsas verir.
Odur ki, Azərbaycanda dövlət satınalmaları sahəsində nəzarətin artırılması, şəffaflığın gücləndirilməsi prioritet məsələlərdən olmalıdır. Əks halda ölkəmizin gəlirlərinin kəskin azaldığı bir şəraitdə dövlət vəsaitlərinin təyinatdankənar xərclənilməsi, mənimsənilməsi davam edəcək.