Niyə inşa edilmişdi, üstündən kimlər keçdi? - Xudafərin körpüsü
19-10-2020, 20:08
Cəbrayıl rayonunun Qumlaq kəndində yerləşən Xudafərin körpüsündən zaman-zaman bəhs olunub. Haqqında romanlar, bayatılar yazılan bu tarixi abidənin başının üstündən qara buludlar əskik olmayıb. İki yerə parçalanmış Azərbaycanın ortasında XIX əsrdən başlayaraq sərhəd çayına çevrilmiş Araz üzərində yerləşməsi bu körpünü xalq düşüncəsində vətənin ərazi bütövlüyünün simvolu statusuna yüksəldib.
Mərhum yazıçı Fərman Kərimzadənin "Xudafərin körpüsü" romanı Şah İsmayıl Xətainin həyatı və dövlətçilik uğrunda mübarizəsinə həsr olunsa da, əsərdə həmçinin Xudafərin körpüsü qədimlik və türkün tarixi hünərlərinə şahidlik rəmzi kimi təsvir olunub.
Bu əzəmətli memarlıq abidələri haqqında dünyanın adlı-sanlı alimləri qiymətli fikirlər söyləsələr də, körpülərin nə zaman inşa olunması haqqında heç bir mənbədə dəqiq məlumat yoxdur. Ancaq alimlərin ehtimalına görə, Baş Xudafərin körpüsü daha qədim tarixə malikdir. Körpünün Əhəməni imperiyası zamanında ağacdan tikilməsi və Eldəgizlər dövləti zamanında isə daş və kərpiclə üzləndiyi güman edilir. Bəzi mənbələrdə isə ikinci körpünün (e.ə.558-529) ağacdan müvəqqəti qurğu kimi inşa edilməsi, Elxanilər dövləti zamanında (XIII əsr) isə daş və kərpiclə üzlənməsi haqqında mülahizələr irəli sürülür.
İran tarixçisi Həmdullah Qəzvini əsərlərində körpülərin adını "Xuda-Afərin" kimi yazır ki, bu da farsca "Allah tərəfindən yaradılmış", "Allaha mərhaba" mənalarını verir. Qəzvini yazır ki, Xudafərin körpüsü Məhəmməd peyğəmbərin yaxın adamı olan Bəkir ibn Abdulla tərəfindən miladi tarixlə 736-cı ildə inşa etdirilib. Başqa bir mənbədə isə Bəkir ibn Abdullanın körpünü tikdirmədiyi, yalnız təmir etdirdiyi yazılıb. Hətta belə bir rəvayət də dolaşır ki, Ərəb qoşunları Qarabağ ərazisinə yaxınlaşanda Cənubla-Şimalı birləşdirən körpünü görən sərkərdə Bəkir ibn Abdulla deyir, "Xudaya Afərin". Körpünün adının Xudafərin olmasının ordan gəldiyi ehtimal olunur.
Araşdırmaçıların çoxunun fikrincə, hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan onlara "Xudafərin" adı verilib. Bir sözlə hələlik Xudafərin körpülərinin sirri tam olaraq açılmayıb.
XIX əsr Gürcü tarixçilərindən biri yazır:
"Mələk Qavrilin səmadan yerə enərək Qarabulaqdan su içdiyi məkan məhz Qarabağdır". Qavril mələk Cəbrayılın latınca adı, Qarabulaq isə Cəbrayılda çay adı olub.
Xudafərin körpüsünün Makedoniyalı İsgəndər, ya da Roma sərkərdəsi Pompey tərəfindən tikilməsi barədə də fərziyyələr irəli sürənlər var. Tarixçilər sirlər arasında ünvansız dolaşaraq gah körpülərin səmtini dolaşıq salıb onları Culfa yaxınlığında abidə kimi göstərir, gah da 1027-ci ildə Şəddadi hökmdarı I Fəzl və I Şah Abbas tərəfindən tikildiyini deyirlər. Ancaq bu körpüləri inşa edən şəxsin adı barədə tarixi mənbələrdə heç bir dəqiq yazılı məlumat yoxdur.
Bu körpünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olduğu bilinir.
1213 və 1220-ci illərdə Azərbaycanda olmuş məşhur ərəb səyyahı və coğrafiyaçısı Yaqut Həməvi Arazı "möcüzəli çay" adlandıraraq eşitdiklərini "deyirlər, Araz boyunca min şəhər olub" şəklində ifadə etmişdi. Şəhərlərin sayı bu deyimdə şişirdilsə də Arazın hər iki sahilində ən qədim dövrlərdən sıx yurd salma şəbəkəsinin olduğu şübhəsizdir. Y.Həməvi öz əsərində başqa bir ərəb müəllifinə istinad edərək yazırdı:
"Araz çayının çıxdığı Balasaqan çölündə beş min tərk edilmiş kənd var ki, dağıntılardan salamat qalmış divar və tikililəri bu günəcən də qalmaqdadır. Deyirlər ki, bu kəndlər ulu Allahın Quranda xatırladığı Araz hakimlərinə mənsub olub".
Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdən olan Xudafərin körpülərindən bizə yalnız ikisi məlumdur. Onlardan birincisi "Baş Xudafərin körpüsü" adlanır, uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir.
Zaman-zaman hücumlara məruz qalan Xudafərin körpüləri 1797-ci ildə - Ağa Məhəmməd şahın Qafqaza ikinci hərbi yürüşündən öncə də dağıdılmışdı. Onbeşaşırımlı Xudafərin körpüsünün bu günkü vəziyyəti tarixçilərin məlumatlarını təsdiq edir. Belə ki, körpünün yenidən qurulan tağlarında arxivoltların uçurulmuş üst hissələri bişmiş kərpicdən yığılıb. Tağlararası hissələrdə də həmin dövrün təmir işləri kərpicdən aparılıb və bu yenidənqurma işləri körpünün qədim hissələrindən aydın seçilir.
Sovet imperiyası dövründə körpü ilə Arazın o tayına keçmək yasaq idi, çünki bu çay iki dövlətin - İran və SSRİ-nin sərhədində yerləşirdi. Lakin keçən əsrin sonlarında Azərbaycanda başlanan güclü azadlıq hərəkatının qollarından biri də "sərhəd hərəkatı" oldu. 1989-cu il dekabrın 31-də Araz çayının o tay-bu tayında yaşayan azərbaycanlıları ayıran sərhəd dirəkləri vətəndaşlarımız tərəfindən dağıdıldı.
Ümumdünya əhəmiyyətli tarixi hadisələrə və proseslərə bağlılığına, füsunkar təbiətlə sıx birliyinə, yüksək mühəndis-memarlıq həllinə görə Xudafərin körpüləri universal dəyərli abidələrdir. Bu körpünün üstündən 1068-ci ildə böyük səlcuq sultanı Alp Arslan qələbə yürüşü ilə, XVI əsrdə isə Aşıq Qurbani əsir kimi keçib:
Qolubağlı keçdim Xudafərindən.
Üzüm gülməz, heç açılmaz, ah, mənim!
Xudafərin körpüsü bizim üçün təkcə körpü rolu oynamayıb. Artıq 200 ildən çoxdur şimallı, cənublu Azərbaycanı birləşdirən Xudafərin körpüsü həm də bizim üçün simvolik abidədir. Bu körpüyə həsrət körpüsü də deyirlər. Araz Vətənin ortasında sərhəd çaya çevriləndən bəri hər iki sahil bir-birini bayatılarla haraylayır:
Əzizim bu yan dağlar,
Al qana boyan dağlar.
Bu yan zülmətxanadır,
Necədir o yan dağlar?!
Taleyi əzəldən qara gətirən həsrət körpüsü iki əsrdir azğın niyyətlərin hədəfinə çevrilib. Bir tərəfdən Qırmızı imperiyanın əsgərləri, bir tərəfdən Şah sərbazlarının hücumlarına mərzu qaldı. 27 il əvvəl ermənilər tərəfindən işğal olunan Xudafərin körpüsü bu gün azadlığına qovuşub. Artıq o qədim abidənin üstündə üç rəngli bayrağımız qürurla dalğalanır.
kulis.az