Bakıya gətirilən 16.8 milyard avroya görə təhqiqat gedir - BÖYÜK MÜƏMMA
2-02-2016, 14:58
İran vətəndaşı Seyid Saleh Hüseynin adına 2012-ci ilin fevralında Almaniyanın “Deutsche Bank”ından Bakıya göndərilən və Azərbaycan Beynəlxalq Bankına mədaxil edilən 16 milyard 800 milyon avro nəğd pulla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində təhqiqat gedir.
Bu haqda həmin şübhəli pul transferi barədə sənədləri açıqlayan keçmiş xüsusi xidmət zabiti, hazırda bizneslə məşğul olduğunu deyən Tofiq Rəcəbov “Yeni Müsavat”a bildirib.
Xatırladaq ki, həmin şəxs pulların hansısa mifik qüvvə tərəfindən “Azərbaycanda inqilab həyata keçirmək üçün” göndərildiyini, bu işdə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da daxil olmaqla bəzi nazirlərin də əlinin olduğunu demişdi. Lakin virtualaz.org tonlarla nəğd avro transferinə dair sənədlər əsasında araşdırma apararaq müəyyən etdi ki, sənədlərdə adı keçən Seyid Saleh Hüseyni Azərbaycan Baş prokurorluğu tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.
Hüseyninin İnterpol dosyesində göstərilir ki, bu şəxs 1972-ci il, yanvarın 5-də anadan olub, İran vətəndaşıdır. Azərbaycan və fars dillərində danışır. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarılır. Saxta sənədlər, ştamp, möhür, dövlət mükafatları, blanklar hazırlama və onlardan istifadə etmə, dələduzluq əməli törətməyə cəhddə ittiham olunur.
Habelə məlum oldu ki, Seyid Saleh Hüseyni 2015-ci ilin mayında İnterpol-un Türkiyə bürosu tərəfindən İstanbulda saxlanılıb, ancaq Azərbaycan tərəfindən beynəlxalq axtarışa verildiyi halda bir neçə saat sonra sərbəst buraxılıb və Türkiyədən deportasiya edilib. Türkiyə polisi Hüseyninin saxlanılmasını və sərbəst buraxılmasını məxfi saxlamağa çalışsa da bu fakt internetə sızıb. Emre Ercis adlı bloqqer-jurnalist Hüseyni sanksiyalardan yayındırılan İran pullarının daşınmasını təşkil edən Rza Zərrabla müqayisə edib.
Sənədlərdən məlum olurdu ki, “Deutsche Bank”ın Frankfurt filialından göndərilən hərəsində 100 milyon avro olmaqla 168 bağlama avronun (cəmi 16 milyard 800 milyon avro) Bakı aeroportuna gətirilib, daha sonra pullar Cahangir Hacıyevin imzasını daşıyan Azərbaycan Beynəlxalq Bankına mədaxil edilib. Bu baxımdan ehtimal edilirdi ki, həmin nəhəng məbləğ əslində sanksiyalardan yayındırılan İran pullarıdır və Azərbaycan Beynəlxalq Bankı üzərindən transfer edilib.
Lakin virtualaz.org saytı o vaxt həmin qalmaqal və Seyid Saleh Hüseyniyə qarşı qaldırılmış cinayət işi barədə Baş prokurorluqdan şərh ala bilmədi. Prokurorluq bu iş barədə susmağa üstünlük verdi. İndi baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin iş üzrə apardığı təhqiqat barədə şərh almaq üçün yenidən Baş prokurorluğa müraciət etdik. Lakin bu dəfə də prokurorluğun mətbuat xidməti şərh vermədi. T.Rəcəbov isə deyir ki, onu şahid qismində istintaqa çağırmışdılar və açıqlanan sənədlərin mənbəyi haqd soruşurdular...