“Qarabağa da rüşvətxor, savadsız kadrlarla dönəcəyiksə, Böyük Qayıdış baş tutmayacaq...” - ETİRAZ

1-05-2021, 14:08           
“Qarabağa da rüşvətxor, savadsız kadrlarla dönəcəyiksə, Böyük Qayıdış baş tutmayacaq...” - ETİRAZ
“Bu günlərdə Zəngilanda Prezidentin təməlini qoyduğu birinci “ağıllı kənd” layihəsi barədə bir neçə məmurun çıxışlarına qulaq asdım. Onların kimliyinə yaxşı bələdəm...”

Bu sözləri Moderator.az-a açıqlamasında digər ixtisası da kənd təsərrüfatıyla bağlı olan politoloq Cümşüd Nuriyev söyləyib.

“Təəccüblüdür ki, ölkədə kənd təsərrüfatının inkişafına cavabdeh olan qurumu artıq köhnə, yaşlı məmurlar yox, gənc kadrlar dağıdırlar. Sözün həqiqi mənasında... Belələri rayonlarda kənd təsərrüfatına dəxli olmayan şəxsləri, ingilis dili müəllimini, həkimi və s. traktorçu, kombaynçı adıyla sənədləşdiriblər. Və bu cür maxinasiyalar hesabına, bildiyimə görə, yalnız bir şöbəyə ayda 1 milyon manata yaxın rüşvət gəlir. İndi təsəvvür edin, işğaldan azad olunmuş rayonlarda kənd təsərrüfatının bərpası, inkişafı, oraya dönəcək keçmiş qaçqın soydaşlarımıza bunun üçün şərait yardılması məsələləri belələrinə tapşırılıb. Bu, çox qorxulu prosesdir... Çünki Qarabağa Böyük Qayıdışın özəyini Qarabağda məhz kənd təsərrafatının bərpası, inkişafı təşkil edir. Bu işlə digər bölgələrimizdə olduğu kimi, savadsız, üstəlik, rüşvətxor kadrlar, korrupsioner icra başçıları məşğul olacaqsa, o torpaqlara qayıdan keçmiş məcburi köçkünlər orada da korrupsiyanın, məmur özbaşınalığının əlindən bezib, yenə də iş, dolanışıq tapmaq üçün Bakıya qayıdacaq, baş götürüb Türkiyəyə, Rusiyaya gedəcəklər. Belə halda biz o torpaqları necə məskunlaşdıracağıq? Rüşvətxor xislətli məmurlar Zəngilanda, Qubadlıda, Laçında da və s. oraya dönüb fermer təsərrüfatları qurmaq istəyən insanların qarşısına onlardan rüşvət qoparmaq üçün elə ağır şərtlər qoyacaqlar ki... Odur ki, bu prosesə öncə ictimai nəzarət lazımdır. Amma bundan öncə dövlət işğaldan azad bölgələrin idarəçiliyi üçün oralara mümkün qədər təmiz əqidəli, eyni zamanda kənd təsərrüfatını, heyvandarlığı, bitkiçiliyi, arıçılığı və s. bilən yaşlı da olsa, təcrübəli, peşəkar məmurları seçib göndərməlidir. Ağıllı kəndləri xarici şirkətlərin də köməyi ilə tikmək asan işdi, nəinki o torpaqlarda kənd təsərrüfatını rəqəmlərdə yox, əsl mənada inkişaf etdirib insanların o yurdlarda məskunlaşmasını sürətləndirmək. Bunun üçün həm peşəkar, həm də Vətənini, xalqını sevən təmiz mənəviyyatlı, vicdanlı kadrlar gərəkdir. Bir sözlə, Qarabağa da rüşvətxor, savadsız kadrlarla dönəcəyiksə, Böyük Qayıdış baş tutmayacaq...”- deyə Cümşüd Nuriyev vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.