Hökumət büdcəni dəyişir: Neft 45 dollardan götürüləcək - GƏLİŞMƏ
13-10-2021, 16:33
Beynəlxalq Valyuta Fondu (BVF) cari il üçün orta neft qiymətləri proqnozunu 0,98 ABŞ dolları yüksəldərək 1 barel üçün 65,68 ABŞ dolları səviyyəsində müəyyən edib.
2022-ci il üçün orta neft qiymətləri üzrə proqnoz da 1,5 ABŞ dolları yüksəldilib və 64,5 ABŞ dolları səviyyəsində müəyyən edilib.
Bu barədə “World Economic Outlook” (WEO) fondunun oktyabr ayı üzrə hesabatında deyilir.
BVF-nin qiymətləndirməsinə əsasən, 2020-ci ildə neftin bir barel üçün orta qiyməti 41,29 ABŞ dolları təşkil edib. İyul ayında fond 2021-ci ildə neftin bir barel üçün qiymətinin 64,7 ABŞ dolları olacağını proqnozlaşdırmışdı.
Qeyd edək ki, bu gün “Azeri Light” markalı neftin bir barelinin qiyməti 85,15 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” nefti 1 barelə görə 83,33 dollar təşkil edib.
Ölkədə yeni ilin dövlət büdcəsinin müzakirəsi zamanı dünya bazarında neftin qiymətlərində baş verən dəyişiklik nəzərə alınacaqmı?
Millət vəkili Vüqar Bayramov Cebhe.info-ya bildirdi ki, neftə olan tələbin artması və eyni zamanda “OPEC+” alyansının hasilatı gözləniləndən daha az artırmaqla bağlı qərarı neft bazarına təsir göstərib:
“Artıq dünya bazarında neft qiymətlərində artımlar müşahidə olunur. 2014-cü ildən bəri ilk dəfə olaraq Azərbaycan neftinin qiyməti hər barel üçün 86 dollardan baha satılır.
2021-ci ilin dövlət büdcəsində bir barel neftin qiyməti 40 dollar nəzərdə tutulmuşdu. 2022-ci il üçün Maliyyə Nazirliyinin təqdim etdiyi ilkin qiymətləndirmədə neftin bir barelin 45 dollar olması təklif olunur. Ancaq bu ilkin qiymətdir.
Hesabatda da qeyd edildiyi kimi, bunun müzakirə olunması istisna edilmir. Ona görə də artıq neftin qiyməti büdcədə nəzərdə tutulandan cari qiymət iki dəfədən çox bahadır.
Eyni zamanda, orta qiymət 70 faiz bahadır. Ona görə də 2022-ci ilin dövlət büdcəsi tərtib edilən zaman neft bazarındakı mövcud vəziyyət nəzərə alınır və ona uyğun olaraq hesablamalar aparılır. Yaxın zamanlarda büdcə paketi parlamentə təqdim olunacaq və o zaman 2022-ci il üçün təklif olunan neftin bir barelinin daha konkret qiyməti müəyyənləşəcək.
Qiymətin yüksək olduğunu nəzərə alsaq təbii ki, büdcədə qiymətin mövcud bazardakı dəyişikliyə uyğunlaşdırılması məqsədəuyğundur. Nəzərə almaq lazımdır ki, istənilən zaman xarici faktorlar səbəbindən neftin dünya bazar qiymətində dəyişmələr, o cümlədən azalmalar müşahidə edilə bilər. Ona görə də bazardakı mövcud qiymət nəzərə alınsa belə, qiymətin müəyyənləşdirilməsində konservativ yanaşma daha məqsəduyğun olardı”.