Qış aylarında D vitamini ehtiyacını necə ödəyək?

9-01-2022, 09:23           
Qış aylarında D vitamini ehtiyacını necə ödəyək?
Həkim bildirir ki, yanvar-fevral aylarında orqanizmdəki D vitamini ehtiyatı minimuma enir.
D vitamini immunitet sisteminin hüceyrə yenilənməsi üçün çox əhəmiyyətlidir. Həmin vitamin orqanizmdə günəş şüaları nəticəsində yaranır. Qış aylarında isə günəşli günlərə ara-sıra təsadüf edilir.
Teref.az AZƏRTAC-a istinadla xəbər verir ki, həkim-endokrinoloq Sadiq Bəbirov qış aylarında D vitamini qəbulu barədə danışarkən deyib ki, gün ərzində, xüsusilə də saat 10-15 arası bədəni − əsasən qollar, ayaqlar, əllər və üz nahiyəsini günəş şüalarının təsirinə məruz qoymaq faydalıdır. Araşdırmalara əsasən, sutkada təxminən 15 dəqiqə günəşlənmək gündəlik D vitamini ehtiyacını ödəmək üçün kifayətdir.
Həkim-mütəxəssis bildirib ki, D vitamini günəş şüalarının bədən səthinə düşməsi nəticəsində yaranır və Azərbaycanın iqliminə əsasən, D vitamini sentyabr ayına kimi qəbul edilir: "Qış aylarında isə yayda depolanan D vitaminindən istifadə edilir. Nəticədə, müəyyən müddət sonra orqanizmdə D vitamini çatışmazlığı yaranır. Yanvar-fevral aylarında orqanizmdəki D vitamini ehtiyatı minimuma enir. Eyni zamanda, xüsusilə virus infeksiyalarının və autoimmun xəstəliklərin intensivləşməsi də məhz həmin dövrə təsadüf edir".
S.Bəbirovun dediyinə görə, günəş şüaları nəticəsində yaranan D vitamini uzunmüddətlidir: "Onun orqanizmdə qalma müddəti maksimum 6 aydır. Yəni, sentyabra qədər orqanizmə toplanmış vitamin D ehtiyatı yanvar-fevral aylarında bitmiş olur. Ona görə də xüsusilə qış aylarında həm uşaqlar, həm də böyüklərin D vitaminini dərman preparatları vasitəsilə qəbul etməsi lazımdır. Əlbəttə ki, D vitamini qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmə aparmaq və müayinə olunmaq mütləqdir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru