Yeni il axşamı kənd qəbiristanlığında xuliqanlıq –

10-01-2022, 18:34           
Yeni il axşamı kənd qəbiristanlığında xuliqanlıq –
Dekabrın 31-i gecə saat 21:00 radələrində spirtli içkinin təsiri altında olan bir qrup şəxs Ağcəbədi rayonu Qaravəlli kənd qəbiristanlığında təhqiramiz hərəkətlər ediblər.

Kənd camaatının yaydığı görüntülərdən aydın olur ki, qəbiristanlıqda onlarla məzar daşı dağıdılıb, gül çələngləri qoparılıb, qəbirlər təhqir olunub. Sakinlərin sözlərinə görə, hadisəni törədənlər də Qaravəlli kəndində yaşayırlar. Həmin şəxslər 1 yanvar tarixində saxlanılaraq polis bölməsinə gətirilsələr də, 48 saatdan sonra sərbəst buraxılıblar. Hadisədən zərər çəkənlər isə müvafiq qurumların həmin şəxslər barəsində tədbir görməsini tələb edirlər.

"AzPolitika.info"-nun əməkdaşı məsələni araşdırmaq üçün kənd sakinləri ilə əlaqə saxlayıb. Qaravəlli sakini Kənan Hüseynov bildirib ki, hadisə nəticəsində onlarla ailəyə maddi və mənəvi ziyan dəyib: "Hadisədən 10 günə yaxın vaxt keçsə də, həmin şəxslər hələ də cəzalandırılmayıb. Bununla bağlı Prezident Administrasiyasına, Respublika Prokurorluğuna və Daxili İşlər Nazirliyinə məktub ünvanlamışıq. Videodakı görüntülərin hamısını diskə yazaraq adıçəkilən qurumlara göndərmişik. Amma heç bir nəticəsi olmayıb. Mənim atamın və əmimin məzarına da ziyan dəyib. Hadisəni törədənlər isə 48 saat polis bölməsində saxlanıldıqdan sonra sərbəst buraxılıblar. Ehtimal edirik ki, onlar polisə rüşvət verərək azadlığa çıxıblar. Əsas narazılığımız müvafiq qurumların bu işə qeyri-ciddi yanaşmalarıdır. Göndərdiyimiz ərizələrə polis bölməsində baxılmır".

Müsahibimiz xatırladır ki, Cinayət Məcəlləsinin 245-ci maddəsinə görə, məzar daşının ətrafındakı bir ədəd gül qoparılsa belə bu cinayət əməli hesab olunur: "Bizə maddi və mənəzi ziyan dəyib. Hadisədən xəbər tutduqdan sonra qəbiristanlıqda içki şüşələri ilə rastlaşdıq. Gördük ki, mərhumların məzarlarının üzərinə spirtli içki tökülüb, qəbir daşındakı fotonun ağız nahiyəsinə təpik vurublar. Bu, bizə və mərhumlara qarşı böyük hörmətsizlikdir. Ona görə də hadisə iştirakçılarının dərhal cəzalandırılmalarını tələb edirik".

Kənd sakini Möhtərəm Haqverdiyev isə "AzPolitika.info"-ya bildirdi ki, bu cinayət əməlinin adı vandallıq və vəhşilikdir: "Hadisə zamanı mənim də qohumlarımın məzar daşları təhqir olunub. Spirtli içkini mərhumun məzar daşının üzərinə töküblər, qəbrini təpikləyiblər, gülləri sındırıblar və s. Hadisəni törədənlər İbrahimov Qorxmaz, İbrahimov Amil, İbrahimov Elgiz və Bayramov Ruslandır. Digər bir nəfərin adını bilmirik. Hadisədən sonra kənd camaatı günahkarları aşkar edərək polisə təhvil verib. Lakin bir gün sonra polis onları sərbəst buraxıb. Hadisəni törədənlər də etiraf edirlər ki, bu əməli onlar törədib. Polis bölməsinə 10-a yaxın ərizə vermişik, dəfələrlə DİN-in "102" qaynar xəttinə zəng etsimişik, amma heç bir nəticə yoxdur. Həmin cinayətkarlar deyirlər ki, biz pul vermişik, ona görə bizi heç kim tuta bilməz. Amma kimə veriblər, necə veriblər, bax, bunu bilmirik. Kənddə təxminən 3500-ə qədər əhali yaşayır, bütün camaat bu hadisədən narazıdır. Biz tələb edirik ki, bu iş ciddi araşdırılsın və günahkarlar cəzalandırılsın".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Ağcabədi rayonu Qaravəlli kəndindəki qəbiristanlıqda xuliqanlıq hərəkətlərinə yol verilməsi barədə kənd sakinlərinin şikayəti əsasında rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalara başlanılıb. Müəyyən edilib ki, hadisə zamanı qəbir daşlarına ziyan dəyməyib və qəbirlərə qarşı təhqiredici hərəkətlərə yol verilməyib. Həmin şəxslərin barələrində İnzibati Xətalar Məcələsinin müvafiq maddəsi ilə tədbir görülməsi üçün aidiyyatı üzrə yönləndirilib.

Elvin Bəyməmmədli

"AzPolitika.info"













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.