"Lavrov planı"nın narahatedici amili: - Bu plan Qarabağ münaqişəsinin həllinə nə vəd edir?

15-04-2016, 18:07           
"Lavrov planı"nın narahatedici amili: - Bu plan Qarabağ münaqişəsinin həllinə nə vəd edir?
Qarabağ cəbhəsindəki son olaylar münaqişə ilə bağlı danışıqlara yeni təkan verdi. Dünyanın güc mərkəzlərinin, xüsusilə də Rusiyanın bu prosesdə fəallaşması müşahidə olunur. Lakin qeyri-müəyyən vəziyyət də uzun müddət davam edə bilməz. Mövcud status-kvonun dəyişdirilməsi işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi deməkdir. Digər tərəfdən, yeni status-kvo geniş komplekslər sistemi kimi səciyyələndirilir və onun aparıcı elementi kimi işğal olunmuş ərazilərin azad edilməsi başa düşülür. Status-kvonun dəyişdirilməsi üçün “Kazan razılaşması”nda nəzərdə tutulan mərhələli həll planına - məhz 5+2 variantına uyğun olaraq işğal edilmiş ətraf rayonların boşaldılmasından başlanmalıdır.

Hazırda Qarabağ danışıqlarında yenilik adlandırıla biləcək başlıca məqam milli öz müqəddəratını təyinetmə prinsipinin tamamilə yeni rakursda təqdim edilməsidir. Beynəlxalq hüquqa görə, milli öz müqəddəratını təyinetmə yaşadıqları dövlətin içərisində də təyin edilə bilər. Yəni Dağlıq Qarabağ öz müqəddəratını Azərbaycanın ərazi bütövlüyü çərçivəsində də həll edə bilər. İstər “Kazan razılaşması”, istərsə də “Lavrov planı” əslində yenilənmiş Madrid prinsiplərinin müddəalarının təkrarıdır. Son Qarabağ danışıqlarında milli öz müqəddəratını təyinetmə prinsipinə nisbətən ərazi bütövlüyü məsələsi daha qabarıq şəkildə öz əksini tapıb. Odur ki, haqlı sual yaranır- münaqişənin bu şəkildə həll variantı Azərbaycanın maraqlarına uyğundurmu? İlk baxışdan bu belədir. Lakin “Kazan razılaşması”, “Lavrov planı” və Madrid prinsipləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üçün ciddi təhlükəyə çevrilə bilər. Məlumdur ki, Ermənistan Dağlıq Qarabağın onların nəzarətində qalacağına əmin olmasa, heç bir rayonu azad etməyəcək. Putinin bu istiqamətdə bəyanatları zəmanət hesab edilə bilməz.

Ən əsas məsələ kimi, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi problemində də çoxsaylı suallar mövcuddur. Lakin xatırladaq ki, Madrid prinsiplərində bu məsələ öz əksini tapıb. Əslində, Madrid prinsiplərinin, “Kazan razılaşması”nın və “Lavrov planı”nın narahatedici amili məhz bu məsələ ilə bağlıdır.
Onu da vurğulayaq ki, “aralıq status” təklifini Azərbaycanın qəbul edə bilər. Lakin aralıq status problemində də müəyyən təhlükəli məqamlar mövcuddur. Bu bir tələ də ola bilər və odur ki, aralıq statusla bağlı sənədlərdə bütün məsələlər aydın göstərilməlidir. Məsələ ondadır ki, İrəvan və Qarabağ separatçıları aralıq statusu müstəqillik səviyyəsinə qaldırmağı düşünürlər.

Bu günə olan reallıq ondan ibarətdir ki, danışıqlarda münaqişənin həlli üçün Dağlıq Qarabağ ətrafındakı 7 rayonun boşaldılması nəzərdə tutulmayıb. Təqdim edilən variantlar isə Azərbaycanın maraqlarına uyğun deyil.

Digər məsələ Dağlıq Qarabağdla bağlı referendumun keçirilməsidir. Ölkə konstitusiyası bunu qadağan edir. Azərbaycanın hansısa ayrı ayrılıqda bölgəsində referendum keçirilməsi qanunda qadağandır. Son danışıqlarda, eyni zamanda, yenilənmiş Madrid prinsipləri və “Kazan razılaşması”nda maraqlarımızla uyğun gəlməyən məqam bundan ibarətdir ki, orada birmənalı şəkildə qeyd olunmayıb ki, referendum bütün Azərbaycan ərazisində, yoxsa Dağlıq Qarabağda keçiriləcək.
Yeni Qarabağ danışıqlarında irəli sürülən təkliflərin Ermənistan tərəfindən qəbul edilib-edilməməsinə gəlincə, İrəvan bunu qəbul edə bilməyəcək. Ermənistan prezidenti Sarkisyanın rəsmi razılığını elan edib, sazişə imza atması üçün Rusiyanın və ABŞ-ın dəstəyi lazımdır. Ölkə daxilində mövcud hakimiyyəti devirmək istəyən qüvvələr güclüdür və İrəvan kompromissə gedərsə, Sarkisyanın devrilməsi reallaşa bilər.

Bu gün Rusiya öz şərtlərini tərəflərə diqtə edir. Lakin ABŞ Qarabağ məsələsində hazırkı status-kvonun rusların xeyrinə dəyişməsini istəmir. Bununla belə, istisna edilmir ki, ilin sonuna bir neçə rayonun azad edilməsi üçün ümumi razılaşma əldə edilsin. Lakin rayonların gerçəkdən azad edilməsi problematik görünür. Bu planın reallaşması üçün Rusiya və ABŞ arasında razılaşmanın əldə edilməsi vacibdir. Hələ ki belə razılaşma mövcud deyil...

Azər Rəşidoğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.