"Dollar ucuzlaşırsa, qiymətlər niyə bahalaşır?" - Marketlərdəki bahalaşmanın şok səbəbləri

23-04-2016, 12:56           
"Dollar ucuzlaşırsa, qiymətlər niyə bahalaşır?" - Marketlərdəki bahalaşmanın şok səbəbləri
Dollar ucuzlaşırsa, qiymətlər niyə bahalaşır və yaxud böyük ticarət şəbəkələrinin müraciətinin arxasında nələr dayanır?

“Supermarket sahiblərinin İqtisadiyyat Nazirliyinə müraciəti, dövlət orqanlarının ona reaksiyası və bu ətrafda gedən müzakirələr göstərdi ki, sahibkarlar qarşılaşdığı çətinlikləri bilərəkdən, ya da bilməyərəkdən düzgün təqdim etmirlər”.

Bunu Avropa.info-ya açıqlamasında iqtisadçı-alim Qubad İbadoğlu deyib.

Qubad İbadoğlu bildirib ki, onların müraciətində yer alan “əgər vergi güzəştləri verilməzsə qiymətləri qaldırmaq və işçiləri ixtisar etmək məcburiyyətində qalacaqlar” fikri də obyektiv deyil: “Çünki, qiymətlər kifayət qədər bahalaşıb, işçilər də mümkün qədər ixtisar olunub. Ola bilər ki, qiymətləri pərakəndə satışla məşğul olan mağazalar deyil, topdansatış şirkətləri bahalaşdırıb. Bu ayrıca araşdırma tələb edən vacib məsələdir. Amma məsələ burasındadır ki, adı müraciətdə yer alan supermaketlərin bəziləri həm də bir sıra məhsulların idxalı ilə də məşğul olur. Bu halda hesab etmirəm ki, vergi güzəştləri alan supermarket sahibləri qiymətləri ucuzlaşdırıb, işçiləri artıracaqlar. Çünki, böyük ticarət şəbəkələrinin ziyanla işləməsi yalnız vergilərin yüksək olması ilə əlaqədar deyil. Çox uzaq olmayan zamanlarda gömrükdə inhisarçılığın yığışdırılması və qeyri-rəsmi ödənişlərin azalması heç də qiymətlərin ucuzlaşmasını şərtləndirmədi, əksinə idxal qiymətləri daha da bahalaşdı. Eyni zamanda, manatın ucuzlaşmasını əsas götürüb qiyməti bahalaşdıranlar, nədən manat bahalaşanda qiymətləri endimirlər?”

Q.İbadoğlunun sözlərinə görə, bu müraciətin arxasında başqa məqsədlər dayanır: “Əvvala hesab edirəm ki, böyük ticarət şəbəkələrinin birlikdə müraciəti həm də güc nümayişidir. Necə ola bilər ki, bir-birlərinə rəqib olanlar qısa zamanda birləşmək və mövqe ifadə etmək fikrinə düşdülər. Fikrimcə, supermarket sahiblərinin İqtisadiyyat Nazirliyinə birgə müraciətində əsas məqsəd həm dövlət orqanlarına, həm də istehlakçılara “biz qiymətləri bir daha bahalaşdırmaq məcburiyyətindəyik” mesajını çatdırmaqdır. Amma hesab edirəm ki, hətta onlar hər iki istəklərinə (həm vergi güzəştinə və həm də qiymət bahalaşmasına) nail olduğu halda da mövcud böhranlı vəziyyətdən çıxa bilməyəcək”.

Ekspertin fikrincə, indiki halda həm Mərkəzi Bankın buxovlayıcı monetar və həm də Maliyyə Nazirliyinin məhdudlaşdırıcı fiksal siyasəti nəticəsində alıcılıq qabliyyəti kəskin aşağı düşüb: “Ölçüsündən asılı olmadan bütün ticarət şəbəkələrinin əsas problemi budur. Bu problem də yalnış iqtisadi və sosial siyasətin nəticəsində yaranıb. Bu siyasət davamlı olarsa, o halda özünün dağıdıcı effekti ilə milli iqtisadiyyatı və xüsusilə də yerli biznesi daha açınacaqlı vəziyyətə sala bilər. Belə olan halda istehlakçılar nəinki qiymət bahalaşması, eyni zamanda istehlak malların keyfiyyətinin pisləşməsi və qıtlığının yaranması ilə də qarşılaşa bilərik. Ona görə də hesab edirəm ki, hökumət bu müraciəti diqqətə götürüb, vəziyyəti dərindən öyrənməli və bir-biri ilə əlaqələndirilmiş ciddi qərarlar qəbul etməlidir”.

Q.İbadoğlu vurğulayıb ki, qəbul edilən qərarların konseptual əsasları Azərbaycan Demokratiya və Rifah Hərəkatının "İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi"ndə təqdim edilsə də, reallaşması ləngiyir: “Belə şəraitdə islahatların effekti həm də vaxt amilindən asıldır. Nə qədər yubansaq, bir o qədər də xərclərimiz artacaq və çox itirəcəyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.