Beynəlxalq Bankın MTN-çi filial müdirini kimlər himayə edir?
25-04-2016, 12:01
Vətəndaş Lalə Məmmədzadə ölkənin baş prokuroruna müraciət edib
Azərbaycan vətəndaşı Lalə Məmmədzadə redaksiyamıza məktub göndərib, onu dərc etməyimizi xahiş edir. O yazır ki, ən müxtəlif dövlət qurumlarında “...vətəndaşların haqlı şikayətlərinin qulaqardına vurulması, ədalət məfhumunun bəzi natəmiz qulluq adamlarının zavalına gəlməsi barədə çox oxuyuruq. Yaxşı ki, hələ də müstəqil mətbuat var. Buna görə də xahiş edirəm, respublikanın baş prokuroruna qəzetiniz vasitəsilə müraciətimə şərait yaradasınız”.
“Yeni Müsavat” qəzeti onun ölkənin baş prokuroruna müraciətini dərc edir:
“Çox hörmətli, baş prokuror! Azərbaycan Beynəlxalq Bankı yüz milyonlarla ABŞ dollarını dədə malı kimi müxtəlif oliqarxlara girovsuz, təminatsız verdiyi halda, mənə sahibkarlıq fəaliyyətimlə bağlı açdığı 100 min dollarlıq kredit xəttinə (- !) görə 153 min dollarlıq qızıl-zinət əşyasını girov qismində götürmüşdür. Həmin zinət əşyalarını ABB-nin ”Bakı" filialının müdiri, keçmiş MTN əməkdaşı Cəlil Daşdəmirovun göstərişi əsasında bankın kredit şöbəsinin müdiri Fuad Cəfərov və başqaları aparıb qiymətləndirmiş, bu barədə akt hazırlanmış və girov müqaviləsi bağlanmışdır.
Lakin sonradan məlum olmuşdur ki, bank girov müqaviləsini dəyişdirərək girov qismində 8 min dollarlıq iki ədəd üzük göstərmişdir. Belə bir cəfəng iddiaya kimi inandırmaq olar ki, bank 100 min dollarlıq kredit üçün vur-tut 8 min dollarlıq girov götürsün?! Vəsatətimiz əsasında təyin olunmuş ekspertiza sübut etdi ki, müqavilənin möhür və imza olan sonuncu səhifəsi ilə girovun təsvir olunduğu əvvəlki səhifələr fərqlənir, yəni səhifələr dəyişdirilmişdir.
Digər bir məhkəmə ekspertizası ilə isə kreditdən ödədiyim məbləğlərin bank tərəfindən saxtakarlıq edilərək gizlədildiyi aşkar olunmuşdur. Biz bütün faktları ortaya qoymuşuq, təkzibedilməz sübutlar, əşyayi-dəlillər, şahid ifadələri var. Qalır bircə onların hüquqi qiymətini verib nəticə çıxarmaq. Baş Prokurorluğa dəfələrlə ərizə ilə müraciət etsəm də, acınacaqlı fakt budur ki, şikayətimin Sizə yetişməsinə imkan vermirlər.
Baş Prokurorluqdan fərqli olaraq DİN-ə müraciətimdən sonra ərizəm obyektiv şəkildə araşdırıldı və Səbail RPİ tərəfindən CM-nin 178.3.2 maddəsi ilə cinayət işi başlandı (Hansı ki, Səbail prokurorluğunda bu işi çox böyük cidd-cəhdlə “batırmaq” istəyənlər tapıldı - L.M.).
Məlumdur ki, polis prosessual qanunvericiliyə əsasən, şikayətimin yalnız “dələduzluq”la bağlı hissəsini araşdıra bilər. Bu halda, məhz istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorluq ABB-nin “Bakı” filialının rəhbər şəxslərinin öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yol verdikləri vəzifə cinayətlərinə hüquqi qiymət verməlidir. Təəssüflər olsun ki, bugünədək prokurorluq tərəfindən ortaya belə bir prinsipial və yeganə qanuni mövqe qoyulmamışdır.
Hansı ki, filialın müdiri C.Daşdəmirov və əlaltıları tərəfindən dələduzluq, mənimsəmə, saxtakarlıq, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma kimi hər birində konkret cinayət tərkibi olan cinayət əməllərinə yol verilmişdir. Yəni bank əməkdaşlarının əməllərində AR CM-in 178.3.2 maddəsi ilə yanaşı, 308, 309 və 313-cü maddələrin də tərkibi vardır və cinayət prosessual qanunvericiliyə uyğun olaraq vəzifə cinayətlərinin araşdırılması birbaşa prokurorluq orqanlarının funksiyasına aiddir.
Bu gün üçün istintaq faktiki şəkildə cinayət - prosessual qanunvericiliyin DİO-da istintaqın aparılması ilə bağlı icazə verdiyi həddə, yəni dələduzluq faktının sübuta yetirilməsi ilə bağlı hissədə yarımçıq xarakterli müəyyən işlər görüb. Və elə tək həmin sübutedici faktlar ABB-nin sabiq filial müdiri Cəlil Daşdəmirov və əlbir olduğu şəxslər barədə həbslə bağlı qətimkan tədbiri seçməyə kifayət qədər əsas verir.
Hələlik ictimailəşdirmək istəmədiyimiz faktlar göstərir ki, təqsirləndirilən şəxslər prokurorluq səviyyəsində cidd-cəhdlə müdafiə olunurlar. Və təəssüflər olsun ki, söylədiklərim gəlişigözəl qənaət deyil, prosesin gedişində təsdiqini tapmış obyektiv reallıqdır, həqiqətdir.
Belə ki, müstəntiqin də söylədiyinə görə, onu cinayət işini məruzə etmək üçün Baş Prokurorluğun (nə üçün subordinasiya üzrə Bakı şəhər prokurorluğuna deyil, məhz Baş Prokurorluğa - ?!) DİO-nun istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə çağırmış və “təqsirləndirilən şəxsin adının onlara verilmiş siyahıda olmadığı üçün ( - ?!) istintaqla bağlı çox canfəşanlıq etməməyi tapşırmışlar”.
Azərbaycan Beynəlxalq Bankı ilə bağlı yüksək siyasi iradənin ortada olduğu, müdhiş talan faktlarının aşkar olunduğu bir vaxtda prokurorluğun bankın cinayətkar əməkdaşlarını “seçmə üsulu” ilə məsuliyyətə cəlb etməsi təəccüblü deyilmi?
Elə həmin idarənin rəisinin müavininin adından mənə ünvanlanmış məktubda da şikayətimin və cinayət işinin mahiyyətinin tam təhrif olunduğu görünür. Bu faktın özü də Baş Prokurorluqda ərizəmə etinasız münasibətin səviyyəsini ortaya qoyur.
Hörmətli Zakir müəllim! Diqqətinizə ərz edirəm ki, Sizə müraciətim dəyərləndirildi və fevral ayının 13-də birinci müavininiz hörmətli R.Usubov tərəfindən qəbul edildim. Həmin qəbulda Baş Prokurorluğun idarə rəisi K. Qılılcov və böyük köməkçiniz M.Əhmədov da iştirak edirdi.
Etiraf etməliyəm ki, Baş prokurorun birinci müavini hörmətli Rüstəm müəllim məni diqqətlə dinlədi. Böyük və zəngin təcrübəsi, səslənən faktlar, gətirilən dəlillər ilk baxışdan onda da işin içində vəzifə cinayətlərinin olduğu barədə şübhələr yaratdı və cinayət işinin tələb edilərək ciddi şəkildə araşdırılmasını qəbulda iştirak edən köməkçinizə tövsiyə etdi.
Lakin müzakirə zamanı digər prokurorluq əməkdaşının yersiz replika və işi qəlizləşdirmək cəhdləri C.Daşdəmirovun məhz kimlər tərəfindən himayə edildiyi barədə şübhələrimi gücləndirdi. Və həmin görüşün üstündən iki ay keçəndən sonra yenə də məhz şəxsi təşəbbüsümüzlə öyrəndik ki, iş yenidən Səbail RPİ-yə göndərilib. Niyə? Nə üçün?
Görünəni budur ki, tabeçiliyinizdəki əməkdaşlar nəyə görəsə işimiz barədə Sizə tendensiyalı şəkildə, az qala adamın “gözünə girən” fakt və sübutları görməzdən gəlməklə məruzə etmişlər. Hansı ki, dəfələrlə işin hərtərəfli istintaq edilmədiyini, istintaq üçün mühüm əhəmiyyət kəsb edən sənədlərin tam toplanmadığını və elə buna görə də istintaqın prokurorluq tərəfindən aparılmasının vacibliyini vurğulamışam. Müraciətimə belə bir məqsədyönlü və tendensiyalı münasibət nəticə etibarilə işin “dəfn ediləcəyinə” birmənalı işarədir.
Cənab Baş Prokuror! Ölkə Prezidenti cənab İlham Əliyev iş adamlarına müraciət edərək bildirmişdir: “Əgər onların işinə müdaxilələr varsa, onlara bir daha müraciət edib deyirəm ki, dərhal məlumat verin, DƏRHAL SƏSİNİZİ QALDIRIN. Cəmiyyətdə ictimai nəzarət daha da güclü olmalıdır və hər bir siqnala reaksiya verilir, araşdırılır və əgər təsdiqini tapırsa, onda ölçü götürülür”.
Xahiş edirəm məni qəbul edəsiniz. Əminəm ki, şikayətimi öz dilimdən eşidib işin halları ilə tanış olduqdan sonra ən doğru və ədalətli qərarı verəcəksiniz».
Hörmətlə, Lamiyə Məmmədzadə