"Bakcell"in "Əla Cin" fırıldağı.. - Müştərilərə qurulan tələ
25-04-2016, 20:48
Bu gün hər kəs mobil telefondan istifadə edir və müxtəlif mobil operatorların müştərisi olaraq onun xidmətlərindən yararlanır. Hazırda ölkədə 3 mobil operator fəaliyyət göstərir. Sayca abonentlərin ən çox istifadə etdikləri isə ölkənin ilk mobil operatoru olan "Bakcell" şirkətidir. Sözügedən şirkətin abonentlərinin sayı günü-gündən artsa da, qarşılaşdıqları problemlərdən şikayətlərin ardı-arası kəsilmir.
Uzun müddətdir ki, mobil operator abonentlərin nömrəsinə reklam xarakterli SMS-lər göndərməyə davam edir, nəticədə isə bəlli olur ki, hamısı yalan və fırıldaqdan ibarətdir. Və beləliklə, müştərilərin hüquqlarını kobud şəkildə pozmağa davam edirlər.
Hətta dəfələrlə "Bakcell"in bizə yaratdığı problemlərlə bağlı mediada da məlumatlar yayılıb. Buna baxmayaraq, həmin şirkət müştərilərinin hüquqlarını pozmaqdan çəkinmir, əksinə, problemlərinin sayını və hesabını artırmaqda davam edir. Vaxtaşırı mənasız kampaniyalarla "rəqabət" mənzərəsi yaradan operator əslində rəqabət aparmır. Digər mobil operatorlarla anlaşaraq müştəriləri elə müştərək şəkildə istismar edirlər. Müştərilərsə fikirləşirlər ki, nə vaxtsa mobil operator insafa gəlib öz nöqsanlarını aradan qaldırar. Ancaq təəssüflər olsun ki, bu, hələki baş verməyib.
Tərəfdar.az sizi "Bakcell”in yeni fırıldaqları ilə tanış edəcək və bu problemlərə sübut olaraq bir neçə məqamlara toxunacağıq...
Məsələn, problemlərdən biri - "5585" fırıldağıdır:
"055 … .. ..” 3000 MANAT qazanmaq imkanına sadəcə bir HƏFTƏ qaldı! Vaxt itirmə 5585-ə boş mesaj göndər. PULSUZ qoşul PUL UDUŞU şansını əldən vermə! Sadəcə 5585-ə boş mesaj göndər”. Yaxud "055 … .. ..” abunəçi siz günün ən şanlısı seçildiniz, 30 000 pul uduşu şansını qaçırmayın”...
Bu kimi mesajlar telefonuza gəlirsə, təəccüblənməyin, yalnız ehtiyatlı olun və bu tip mesajlara aldanmayın. Bu "Bakcell”in fırıldaqlarından biridir.
Sizə göndərilən mesajın mətnindən də göründüyü kimi, həmin mesaj hər şeydən öncə abunəçini şirnikləndirmək üçün hazırlanır. Həmin boş mesaj vasitəsilə kim istəməz ki, telefonun düyməsini basaraq 3 min və ya 30 min manat pul qazansın?! Əlbəttə ki, hər birimiz istəyərik ki, əziyyət çəkmədən rahat şəkildə o qədər pula sahib olaq. Amma... Amması da budur ki....
Əksəriyyətimiz həmin mesajı alan kimi heç saniyə keçmədən tora düşərək "5585"- ə boş mesaj göndəririk. Qoşulduğumuz "5585" kampaniyasında "interaktiv oyunlar" qoşulur və hər dəqiqə hesabımızdan 1 qəpik pul tutulur. Demək, bu tutulma elə incə aparılır ki, abunəçilər də bunu hiss etmir. Hiss etdikdə isə artıq gec olur və heç birimiz bu tip kampaniyalardan öz istəyimizlə imtina edə bilmirik. Çünki oyunu təşkil edən və quran şirkət mesajlardan imtina yollarını bağlayır. Sonucda kampaniya və ya pul qazanmaq kimi fırıldaq oyunlardan xilas olmaq istəyən abunəçimiz məcbur qalıb "Bakcell"in 555 - müştəri xidmətlərinə zəng edir. Şirkətin ikinci fırıldağı da elə burdan başlayır
İkinci problem- 555 fırıldağı
"Balcell”in 555- müştəri xidməti... Demək, mobil operatorla bağlı hər hansı bir problem yaranarsa müştəri xidmətinə zəng etməyə məcbursan. Zəng etdikdə isə gərək, bir müddət gözləyib xəttə qoşulan mənasız musiqini və yaxud da istəsəndən- istəməsəndə avtomatik cavab verən xanımın lazımsız danışığını dinləyirsən. Avtomatik danışan xanım isə müştərinin hesabından əlavə pulun tutulmasına şərait yaradaraq danışıq vaxtını uzadır. Nəhayət, sənə cavab verən operatora məsələnin nə yerdə olduğunu danışırsan və fırıldaq mesajlardan canını qurtarmaq üçün əlac yolu axtardığını bildirirsən. Operator isə öz növbəsində abunəçini "borclu" çıxararaq heç bir köməklik göstərmədən, abunəçidən "əlavə sualınız varmı?",- deyə soruşur. Abunəçi isə məsələnin həlli yolunun tapılmadığı üçün kor- peşman "yoxdur",- deyib dəstəyi asır. Və beləcə bu dəfə də abunəçinin hesabından ən azı 20-25 qəpik pul tutulur. "Bu da 555-in danışıq "haqqı"dır- adını qoyub, "Bakcell" bir SMS-in fırıldağı ilə beləcə iki dəfə rahat qazanc əldə edir.
Üçüncü problem- "Əla Cin” tarifinin kələyi
Yəqin ki, hər "Bakcell” abunəçisi bu kampaniyadan da məlumatlıdır və bəlkə də istifadə də edirlər. Demək, 7 qəpik pul xərcləməklə şəbəkədaxili istədiyiniz şəxslə bir saat danışa bilərsiniz. Buna baxmayaraq mobil operator bu fırıldağı ilə də müştərilərin cibinə oğurluq girərək, milyonlarla qazanc əldə edir. Deməli, tarifdə göstərildiyi kimi abunəçimiz heç də 7 qəpiyə bir saat danışa bilmir. Təbii ki, mobil operator bunu açıq şəkildə etmir. Telefonla danışan tərəflərin danışdıqları zaman hər 5-10 və ya 15 dəqiqədən bir əlaqə kəsilir. Amma hər dəfəsində də abunəçənin hesabından 7 qəpik silinir. Yenə abunəçi hər cəhd etdikdə əlavə olaraq 7 qəpiklər hesabdan silinməyə davam edir. Şikayət etmək üçün əgər 555-ə zəng edərsənizsə növbəti uydurmalarla sizi yola verərək balansınızdan təkrarən 25 qəpik əlavə pul tutub "danışıq "haqqı"mızdır,- deyib özlərinə "haqq" qazandırmağa çalışacaqlar.
Dördüncü problem- Kredit fırıldağı
"Bakcell”in digər fırıldaqların biri isə kreditlə bağlıdır. Abunəçiyə 1 manat verir, ancaq hesabda 98 qəpik pul olur. Maraqlıdır, bəs, mesajda 1 manat kredit verən "Bakcell", 2 qəpiyi hara yoxa çıxarır?! Hələ bu sualın cavabını şirkət və şirkətin əməkdaşlarından başqa heç bir abunəçi bilmir. Çünki onların fırıldağı tək bu deyil ki, izinə düşüb araşdırasan... Digər tərəfdən isə əgər abunəçinin hesabında kredit götürməmişdən öncə 5, yaxud daha az pul olursa, demək kredit götürəndən sonra avtomatik o pulda qeyb olur. Kreditin ödənməsinə gəlincə, mobil operator abunəçiyə 1 manat verir, əvəzində isə 20 qəpik alır. Əlavə olaraq, kredit götürən şəxs borcunu öyrənmək istədikdə, hesabından 5 qəpik ödəmə "haqqı" pul silinir. Yenə də mobil operatorun "haqqı"dır deyib fırıldağına son qoymur...
Beləliklə, "Bakcell”in fırıldaqlarını saymaqla bitmir. Burada diqqət çəkən məqamlardan biri də şirkətin bu fırıldaqlarla əldə etdiyi qazancdır. Onu da hesablasaq say və hesaba gəlməz... Qısaca onu əlavə edək ki, il ərzində "Bakcell" abunəçilərindən tutduğu 3-5 və s. qəpiklərlə külli miqdarda pul mənimsəmiş olur. Yəni, operatorun "nə qarnı doyur, nə də gözü dolanır"....
Məsələ ilə bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
Onu da qeyd edək ki, Azərbaycanın ilk mobil operatoru - "Bakcell" 1994-cü ildə təsis olunub və 2004-cü ilin yanvar ayından başlayaraq, 100% şəxsi kapitala malik bir şirkət kimi fəaliyyət göstərməkdədir.