NAZİRLİYİN MAYALANMA BAZARI AÇDIĞI KLİNİKALAR - ARAŞDIRMA
25-04-2016, 21:52
Azərbaycanda tibb mərkəzlərinə cərahiyyə və s. əməliyyatların həyata keçirilməsi üçün lisenziya verilməsində xüsusi tariflərin olduğu sirr deyil. Bakı və regionlarda fəaliyyət göstərən klinikalar bu lisenziyanın alınması üçün dəridən-qabıqdan çıxır.
Lisenziya bazarı
Səhiyyə Nazirliyi isə əlindəki imkanlardan istifadə edərək sözügedən lisenziyaların tibb ocaqlarına verilməsində bazar açıb. Hətta bəzi klinikalar lisenziyası olmadığı halda cərahiyyə əməliyyatı həyata keçirir.
Buna misal olaraq Bakı Slavyan Universitetinin dekanı olmuş Elnarə Tofiqqızının “Medi Sina” klinikasında həkim səhlənkarlığından dünyasını dəyişməsini qeyd etmək olar. Məhkəmə-istintaqın yekununda adıçəkilən klinikanın əməliyyat üçün lisenziya almadığı təsdiqlənib. Nazirlik isə bir çox hallarda bu yayınmalara və qanunsuz hallara göz yumur. Təbii ki, qarşılıqsız deyil...
Tribuna İnformasiya Agentliyinin geridə qalan həftədə apardığı araşdırma zamanı Səhiyyə Nazirliyinin lisenziyaların paylanmasına daha bir yarmarka açdığı ifşa edilib. Məlum olub ki, nazirlik süni mayalanmanı həyata keçirən özəl klinikalara da eyni qaydanı tətbiq edir.
Məşhur mahnıda deyildiyi kimi: kimdə varsa pul, həyat vonderful. Yəni pulu olan klinika sahibi nazirliyə müraciət edir, sənədləri hazırlayır, lazımi prosedur keçilir, rəsmiləşdirilir və ilişmək üçün heç bir xəta yeri saxlanmır.
Külli-miqdarda vəsait
Ondan sonra nazirlikdə bu sahəyə vaqif olunmuş şəxslər qeyri-rəsmi danışıqlar aparır. Bir klinika süni mayalanmanı təqribən, 3000-3500 manata, bəzi yerlərdə 5000 manata reallaşdırır.
Nazirlik bu biznesdə ciddi bir gəlir olduğunu bildiyi üçün klinikalara həmin lisenziyaların verilməsində külli-miqdarda pul aldığı deyilir. Səhiyyə Nazirliyi üçün olduqda gəlirli sahə olan süni mayalanma ilə bağlı klinikalara lisenziya verilməsi getdikcə artır.
TİA.AZ-ın apardığı araşdırmaya görə, hazırda Mərkəzi Klinika, ATU-nun Tədris Cərahiyyə Klinikası, “AVA Skandinaviya”, “Laçın”, “HB Güven” tibb mərkəzlərinin adlarını çəkmək olar. Sonuncusu - “HB Güven” klinikası daha çox türkiyəli həkim Öndər Tulumbaci ilə reklam olunur. Reklamlarda deyilənlərə inansaq,
Ö.Tulumbaci Türkiyədə tanınmış ginekoloq, hətta sonsuzluqla bağlı elmi araşdırmaların müəllifidir. Bu həkimin qəbuluna düşməyin qiyməti 40 manatdır. Sonsuz ailələrin daha çox müraciət etdiyi əcnəbi mütəxəssislərin çalışdığı klinikalardan biri də “FİN-Azərbaycan” klinikasıdır. Reklamlarda deyildiyi kimi, sonsuz ailələr bu klinikaya müraciət edərək talelərini Finlandiyadan gələn həkimlərə etibar edirlər.
Bu kinikalara bir nəzər - adlar
Daha bir klinika - “Ava Skandinaviya” özəl tibb müəssisəsinin də sonsuzluğu müalicə etdiyi deyilir. Klinika daha çox internetdə reklam edilir. Yazılanlara inansaq, klinikanın baş həkimi Heli Efendi Avropada (Finlandiyada) lisenziya alıb, pediatriya və anesteziologiya sahələri üzrə ixtisaslaşıb. Amma həkimin fəaliyyət sahəsi çoxşaxəlidir. O, həm də mama- ginekoloqdur.
Sonsuzluğu və kişi zəifliyini müalicə edən həkimlərdən söz düşmüşkən, reklam “ulduz”larından biri olan Canpolad İmanovu unutmaq olmaz. Baxmayaraq ki, bu həkim mətbuatın tez-tez tənqid hədəfində olur.
Reklamda deyilənlərə inasaq, C.İmanovun rəhbərlik etdiyi 1-2 kabinetdən ibarət klinikada 12 androloji aparat var və bu aparatlar düzgün diaqnoz qoyub müalicə aparmağa xidmət edir.
Xaricdən gətirilmiş və əcnəbi mütəxəssislər tərəfindən quraşdırılmış bu aparatları işlədənlər isə yerli həkimlərdir. Bu arada Azərbaycan kişisinin zəifliyi, qadınların ginekologi problemləri ilə məşğul olan mütəxəssislər arasında “Hind” klinikası da var.
Klinikanın reklamında Azərbaycan dilində güclə danışan hindli kişi ilə qadın sanki əzbərlədiyi şüarı səsləndirirmiş kimi “Artıq Azərbaycanda cinsi zəifliyə son” deyirlər. Belə görüntü yaranır ki, Azərbaycanda cinsi zəiflik sanki epidemiya halını alıb və xaricdən mütəxəssislər axışaraq bu epidemiyanın qarşısını almağa çalışırlar.
Bu klinikaların siyahısı hələ ölkə üzrə yarıdan da azı hesab oluna bilər. Bu barədə araşdırmalarımız davam edir və növbəti yazılarda siyahını təqdim etməyə çalışacağıq.
QMİ layihəyə qarşı?
Xatırladaq ki, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsini müzakirəyə çıxarmazdan qabaq Qafqaz Müsəlmanları İdarəsinin razılığını almağa çalışdıqlarını qeyd edib. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılacaq.
Onun sözlərinə görə, “Reproduktiv sağlamlıq haqqında”” qanun layihəsinin qəbulunun uzanmasına obyektiv səbəbdən daha çox subyektiv səbəb mane olur: “Burada da əsas problem təbliğat işinin düzgün qurulmamasındadır.
Layihədə nəzərdə tutulan ekstrokorporal mayalanma həm Səudiyyə Ərəbistanda, həm də İranda var. Bizdə niyə olmasın?!
Biz narazı məqamlarla bağlı qanunun əleyhinə olan qurumlar, xüsusilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanlar İdarəsində və digər qurumlarda görüşlər keçirərək həmin məsələləri birgə müzakirə etdik. Onlar görüşlərin yekunu olaraq bizə bildirdilər ki, məsələnin əsl mahiyyəti bizə izah olunmayıb.
Ona görə də qanun layihəsində nəzərdə tutulan məsələləri heç də İslama zidd olan məsələ kimi qəbul etmək olmaz. Artıq həm Dini Qurumlarla İş üzrə dövlət Komitəsi, həm də Qafqaz Müsəlmanları İdarəsi qanun layihəsinə razılığını verib. Spiker Oqtay Əsədov da qanun layihəsinin qəbul olunmasına razı olduğundan o, yaxın zamanlarda gündəliyə salınaraq müzakirə olunacaq”.
Eks-deputat: “Monopoliya...”
Əslində, süni mayalanma uzun illərdir həyata keçirilir. Qafqaz Xəbər Agentliyi isə yazıb ki, Səhiyyə Nazirliyindən məhz süni mayalanmaya görə 50 min manat müqabilində lisenziya alan bir sıra özəl müəssisələrdə bu əməliyyat həyata keçirilir. Yəni bu biznesin qiyməti 50 min manatdır.
Sabiq deputat, iqtisadçı alim Nazim Məmmədov bildirib ki, Səhiyyə Nazirliyi 3 lisenziya verirdi: tibbi fəaliyyət, əczazçılıq və dərman, səhiyyə avadanlıqlarının idxalı: “Bu 3 lisenziya növü mərhum prezident Heydər Əliyevin 2002-ci ildə lisenziyalar haqqında imzaladığı Fərmanda göstərilib. Özəl klinikalara ancaq tibbi fəaliyyətlə bağlı verilən lisenziya lazımdır.
Lakin nazirlik öz daxili əmri ilə onlarla bölüm yaradaraq, kimə lazım bilibsə ona gəlirli sahələrdə işləməyə “yaşıl işıq” yandırıb, kimləri isə də bazardan sıxışdırıb çıxarmağa dəstək verib. Nazirlik bununla nisbətən gəlirli, rentabelli olan ayrı-ayrı tibbi fəaliyyət sahələrinin monopoliyalaşmasına şərait yaradır”.
Onun sözlərinə görə, bu da səhiyyə sektorunda ayrı-seçkiliyin, monopoliyaların yaranmasına gətirib çıxarıb, o cümlədən bürokratik əngəllərin artmasına səbəb olub:
“Lakin son zamanlar Prezident İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı Nazirlər Kabinetinə verdiyi tapşırıqlar diqqəti çəkir. Lisenziyaların müddətinin uzadılması və dövlət rüsumunun iki dəfə azaldılması müsbət addımdır. Lisenziyaların verilməsində mütəxəssis rəyinin verilməsi amili də sui-istifadə hallarına yol açır.
Xaricdə mütəxəssis dedikdə, müstəqil və ixtisaslaşmış qurumların və ekspertlər nəzərdə tutulur. Lakin bizdə bu işi Səhiyyə Nazirliyinin öz mütəxəssisləri görürlər. “Mütəxəssis rəyi” nazirliyin əlində alətə çevrilib. Çox zaman da ayrı-ayrı özəl klinikalara münasibətdə fərqli yanaşmalar müşahidə edirik”.tia.az/
Qarşı tərəfi dinləməyə hazırıq.
teref.az