Universitetlərdən orduya dəstək adı altında pul toplanır
25-04-2016, 21:57
Orduya dəstək adı ilə bəzi orta və ali təhsil müəssisələrində kollektiv heyətin əməkhaqqından 1 faiz tutulmaqla pul toplanır. Redaksiyaya bu barədə daxil olan məlumatda bildirilir ki, təkcə müəllim, texniki heyət deyil, tələbə, şagird kontingenti də bu kampaniyaya cəlb olunur. Məlumatda bildirlir ki, könüllü adı ilə aparılan bu proses məcburi xarakter daşıyır və şagirdlərdən 2 manatdan yuxarı, tələbələrdən isə 5 manatdan yuxarı məbləğdə pul istənilir. teref.az hurriyet.az-a istinadən xəbər verir ki, bundan isə kollektivin az məbləğdə maaş alan müəllimləri, laborantlar və digər texniki işçilər, o cümlədən valideynlər narazılıq edirlər. Prosesin hər ay davam edəcəyi gözləniləndir.
Redaksiyaya daxil olan bu məlumatda Texniki Universitet, Bakı Dövlət Universiteti, Memarlıq və İnşaat Universitetinin də adı çəkilir.
Qeyd edək ki, mətbu orqanlarda Xətai rayonu 194 saylı orta məktəbdə əsgərlərə yardım adı altında 2 manat vəsait toplanılması faktı təsdiqlənmişdi. Amma məlumatda bildiriir ki, bu kampaniya məktəbə Qızıl Aypara Cəmiyətinin Xətai rayon təşkilatının rəhbəri Talıb Rəhimovun imzası ilə daxil olan məktuba əsasən aparılıb. Məktuba ölkə başçısının 31.04.2004 və 22.05.2007 tarixli sərəncamları əlavə edilib və müəyyən məbləğin toplanması və çatdırılması xahiş olunub.
Direktor bildirib ki, bu kampaniya Xətai rayon İcra Hakimiyyətinin tapşırığı əsasında ildə bir dəfə könüllülük prinsipi əsasında aparılır. Direktor deyib ki, bu vəsait tək 194 saylı məktəbdə deyil, bütün məktəblərdə toplanır.
Məsələylə bağlı Bakı şəhər Təhsil İdarəsi ilə əlaqə saxladıq. Bildirildi ki, yazılı şəkildə BŞTİ-yə müracət edək, fakt araşdırılsın.
Texniki Universitetin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayevlə əlaqə saxladıq. Onun sözlərinə görə, aprelin 2-dən 4-nə kimi cəbhədə gedən son əməliyyatlarla bağlı bir çox yerdə orduya dəstək aksiyası təşkil olunub: “Bununla bağlı universitetimizdə də dəstək aksiyası təşkil olundu. Həm də əməkdaşlarımızdan bəziləri ərizə ilə mənsub olduqları strukturun rəhbərliynə müraciətlə belə bir təklif ediblər ki, aprel ayında əməkhaqlarından müəyyən bir hissə tutularaq orduya dəstək üçün verilsin”.
Nicat Abdullayev dedi ki, məcburi qaydada deyil, məhdud şəkildə bu kampaniyaya qoşulacaq əməkdaşlardan toplanan kiçik vəsaitin məbləği müəyyən edildikdən sonra rəsmi qaydada Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondunun büdcəsinə daxil olacaq: “Bu, birbaşa, köçürülmə yolu ilə təyinatı üzrə göndəriləcək” .
Mətbuat sözçüsü dedi ki, kampaniya könüllüdür, məcburi qaydada aparılması məlumatı həqiqətə uyğun deyil və yalnız aprel ayı üçün nəzərdə tutulub: “İndiki şəraitdə kimsəyə məcbur etmək olmaz ki, öz büdcəsindən pul ayırsın. Kiçik bir məbləğ nəzərdə tutulub, bu addım sadəcə, silahlı qüvvələrimizin əsgərlərinə stimul vermək məqsədi daşıyır”.
Bakı Dövlət Universitetinin Mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova da bildirdi ki, işçilər öz əməkhaqlarından 1 faiz məbləğin tutularaq orduya verilməsilə bağlı müraciət ediblər.
Qeyd edək ki, Azərbaycanda Silahlı Qüvvələrə Yardım Fondu 2002-ci ildə yaradılıb. Yardım Fondundan açıqlanan hesabatda bildirlir ki, fonda 1 fevral 2016-cı il tarixədək 70.074.862,27 AZN, 211.791,88 ABŞ dolları və 2093,69 avro vəsait daxil olub.