QARA KÜLƏK, BƏYAZ QAR – Rus millətçiliyinin dirçəldilməsi
26-04-2016, 08:59
2013-cü ildəki beynəlxalq Valday forumunda çıxış edən Vladimir Putin, Rusiyanı “yeni əsrdə tarixi Avrasiya məkanındakı xalqların özünəməxsusluğunu saxlayan sivilizasiyalı dövlət” adlandırmışdı. Rusiya prezidenti daha sonra əlavə edərək bildirmişdi: “Avrasiyanın dirçəldilməsi və inteqrasiyası bütün postsovet məkanının müstəqil qlobal inkişaf mərkəzinə çevrilməsi üçün bir şansdır”.
Putin Avrasiya terminindən əvvəllər də istifadə edirdi, lakin onun həmin çıxışı tamamilə yeni konsepsiyaya bənzəyirdi. 2014-cü ildə Krımı işğal edəndə və “məzuniyyət”dəki hərbçiləri Ukraynanın şərqinə yollayanda Putin göstərdi ki, onun bu sözləri təkcə söz yox, tamamilə ciddi bir məsələdir.
“Avrasiya” sözü altında Putin nəyi nəzərdə tutub və onun “layihə”si öz başlanğıcını haradan götürür?
Elə məhz bu suala cavabı “The Financial Times” qəzetinin Moskva bürosuna 2008-2013-cü illərdə rəhbərlik etmiş Çarlz Kloverin kitabında axtarıb tapmaq olar. Çarlz Klover Putin ideyalarının mənbəyini özünün “Qara külək, bəyaz qar” kitabında canlı və anlaşılan formada şərh etməklə yanaşı, 1920-ci illərdən indiyədək müxtəlif sahələr üzrə rusiyalıların portret qalereyasını dərin tarixi izahını vermək yolu ilə təqdim edir.
1920-ci illərin əvvəlində rusiyalı mühacirlər Rusiya tarixini və rus özünəməxsusluğunu 1917-ci ilin fəlakətli inqilabı və dağıdıcı vətəndaş müharibəsinin fonunda yeni formada yozmağa başladılar. Onlar iddia edirdilər ki, Rusiyanın Birinci Pyotr dövründən avropalaşdırılması cəhdi ölkənin zəifləməsinə gətirib çıxarıb və rusları tatar-monqollar və Orta Asiyanın köçəri tayfaları ilə daha çox şey birləşdirir, nəinki fransız və almanlarla.
Bu qrupdan olan adamlar özlərini “avrasiyalılar” adlandırırdılar. Amma onların mövqeləri kövrək idi. Elə bu səbəbdən də, tezliklə onların sırasına çox asanlıqla sovet xüsusi xidmət orqanlarının casusları soxuldular. Ona görə də çox keçmədən “avrasiyalılar” hətta öz nüfuzlarını mühacirlər arasında da itirdilər.
Bu nəzəriyyəni 1960–cı illərdə iki tanınmış şair – Anna Axmatovanın və Nikolay Qumilyovun oğulları tarixçı-etnoqraf Lev Qumilyov (1912-1992) yenidən dirçəltməyə başladı. O, uzun müddət QULAQ adlanan düşərgədə qaldığı illərdə 1920-ci illərin sağ qalmış sonuncu avrasiyaçılarından biri Pyotr Savitski ilə tanış olmuşdu. Müəyyən qədər Pyotr Savitskinin təsiri altında Qumilyov xalqların yüksəlişə keçməsi və tənəzzülə uğramasının qanunauyğunluğu barədə tamamilə antimarksist bir nəzəriyyə işləyib hazırladı.
Qumilyov iddia edirdi ki, bəzi tayfa birlikləri öz tarixlərinin müəyyən bir zaman kəsiyində ictimai həmrəylik göstərirlər. O, bunu passionarlıq adlandırıb. Passionarlıq – coğrafi məkanın genişləndirilməsinə cəhdlə yanaşı, yüksək gərginliyə tab gətirmək qabiliyyəti və ümumi məqsədlər naminə qurbanlara getməyə hazır olan etnogenezin yaradıcı enerjisidir.
Onun fikrinə görə, tarixi prosesdə əsas aparıcı xətti texniki tərəqqi və ya mənəvi inkişaf yox, məhz passionarlıq tutur. Sovet İttifaqının İkinci Dünya Müharibəsindəki qələbəsi göstərdi ki, ruslar bu cür keyfiyyətə malikdir və onlar Mərkəzi Asiya xalqları ilə birlikdə avropalılardan fərqlənən sivilizasiya formalaşdırdılar.
74998_src1980-ci illərdə SSRİ-nin dağılmasına yaxınlaşan dövrdə Qumilyovun nəzəriyyəsi dərc olundu və bu, bir çox ziyalının diqqətini özünə çəkdi. Onun çol köçərilərinin tarixi barəsində yazdığı kitablar bestsellerə çevrildi. Səbəblərdən biri bu kitabların maraqlı roman olmağından irəli gəlirdi (Ona görə də əksər alimlər Qumilyovu ittiham edərək deyirdilər ki, onun yazdıqları mahiyyət etibarı ilə yalnız bədii təxəyyüldür). Qumilyovun əsərlərindən ilham alanlardan biri də, marksist nəzəriyyəsinə qarşı çıxmış dissident Aleksandr Duqindir.
Kloverin fikrinə görə, Duqin ideya baxımına əsasən “yeni sağlar”ın nümayəndələri ilə bağlıdır və onlar liberalizm irsini, onun ənənələrini və həmçinin də ABŞ–ın aparıcı rolunu tənqid edərək, bildirirlər ki, Avropanın imperiya gücü kimi dirçələrək yüksəlməsi lazımdır. Onların ideyası öz növbəsində dünya siyasətində həlledici çəkişmənin ABŞ-ın rəhbərlik etdiyi okean dövlətləri ilə Avrasiyanın qitə dövlətləri arasında gedəcəyini irəli sürən Helford Con Makkinderdən və Almaniya nasistlərinin geosiyasət nəzəriyyəçilərindən götürülüb.
Bütün bu cərəyanların hamısını Duqin özünün “Geosiyasətin əsasları” (1997) kitabında birləşdirib. İndi artıq dissident yox, nəzəriyyəçi və Rusiya isteblişmentinin dayağı olan Duqin, Rusiya Baş Qərargah Akademiyasında dərs deyir.
1990-cı illərdə Rusiyadakı xaos, bir çox rusiyalıya Qərb tipli demokratiyanın heç də fayda gətirmədiyini və əslində isə həyat tərzinə neqativ təsirlər göstərdiyini nümayiş etdirdi. NATO-nun genişlənməsi və 1999-cu ildə alyans tərəfindən Serbiyanın bombalanması, Qərbin düşmən olduğunu təsdiqləyirdi və bir çox düşünən insanlar və o cümlədən də Putin, yenilənən Avrasiya ideyasının tərəfdarlarına çevrildilər.
Burada bir məsələni xüsusi xəbərdarlıqla qeyd etmək vacibdir ki, Rusiya siyasətçiləri özləri üçün hər hansı bir ideyanı, ona inandıqlarına görə yox, müəyyən mərhələlərdə məhz bu ideyanın onların siyasi karyeralarına xeyir verdiyinə və əlverişliliyinə görə seçirlər.
Duqin tərəfindən yenilənən Avrasiya konsepsiyası Putin üçün əlverişlidir. Çünki hal-hazırda əgər o, Ukrayna ilə münaqişə vəziyyətindədirsə və ABŞ tərəfindən sırınan bir qütblü dünya modelinə qarşı çıxırsa, deməli avrasiyaçılıq ideyası hələki işə yarayacaq. Bu, avtomatik olaraq onun Avrasiya qiyafəsi altında Sovet İttifaqını dirçəldəcəyi anlamına gəlmir. Əgər irəlidə islam terrorçularının öhdəsindən gəlmək və ya bu münaqişənin idarəolunmaz xarakter almaması üçün Qərblə birlikdə hərəkət etmək qərarına gələrsə, onda Avrasiya ritorikası və Putinin bu barədə bəlağətli danışıqlarının hamısı çox tezliklə sönüb gedəcək.
Putin ideologiyasının müvəqqəti xarakterə malik olmasını izah edən Kloverin mövqeyi təmkinli, məntiqli və bir qədər də skeptikdir. Ümumi cizgilərlə o göstərir ki, avrasiyaçılıq ideyası düzgün şərh olunmur və müxtəlif siyasi hərəkatlarda öz xeyirləri naminə təhrif edilir. Bir çox hallarda isə konkret nəticə çıxarılmasından yayınılır. Bu söylənənlər Kloverin əhatəli şəkildə müsahibə götürdüyü Duqinin prinsipləri və ideyasının ruhu ilə uyğunluq təşkil edir.
Duqin sağlam düşüncəli modernistdir və o tez-tez prinsiplər irəli sürməsinə baxmayaraq, müəyyən zamanlarda bu prinsiplərdən kənara çəkilir. O, ideologiyalarla öz istəklərinə və vəziyyətə uyğun şəkildə taktiki gərəklilik baxımından manipulyasiya aparan siyasi texnoloqları “lazımı” repertuarla təchiz edir.
Amma siyasi texnoloqların imkanları məhduddur və istisna olunmur ki, Putin elə bir vəziyyətə düşər ki, o, artıq qürurla və ləyaqətlə öz ritorikasından imtina edə bilməz. Əgər belə olarsa, onda Kloverin kitabına bir daha müraciət etməyə ehtiyac yaranacaq.
(The Financial Times)