"Azimport"un borcu yoxdur
3-05-2016, 09:52
Bəzi yerli KİV mayın 2-də «Azimport» şirkətinin ofisinin qarşısında fəhlələrin guya kütləvi etiraz aksiyası keçirməsi barədə xəbər yayıblar. Həmin xəbərlərə əsasən, şirkətin işçiləri onlara bi ildən artıq müddətdə əməkhaqqının verilməməsindən hiddətləniblər. Lakin virtualaz.org aydınlaşdırıb ki, həmkarlarımız qeyri-səhih və mübahisəli məlumat dərc ediblər.
«Azimport» şirkətinin nümayəndəsi Xanlar Məmmədov virtualaz.org-un müxbirinə bildirib ki, KİV-də yayılmış məlumat həqiqətə uyğun deyil.
«Hər hansı kütləvi etiraz aksiyasından söhbət gedə bilməz. Əslində, bu gün on nəfərə yaxın işçi şirkətin ofisinə yaxınlaşaraq əməkhaqqına görə borcların ödənilməsini istəyiblər. Onlardan iki nəfəri ofisə dəvət edilib və izalat verilib ki, onların məsələsi ilə məşğul olan məsul şəxslər hazırda yerlərində deyillər və ertəsi gün, mayın 3-də saat 11-də gəlmələri xahiş edilib. Lakin təəssüf ki, onlar bu barədə jurnalistlərə bildirməyə tələsiblər. KİV isə yalnız «kütləvi aksiya» xəbəri ilə kifayətlənməyərək, xəbərlərini hazırkı vəziyyətə aidiyyatı olmayan fotoşəkillərlə müşayiət ediblər. Həmin mətbu orqanlarından birinin müxbiri bizə şərh üçün müraciət etdikdə biz ondan da xahiş etdik ki, mayın 3-də saat 11-də ofisimizə gəlsin və fəhlələrlə görüşün şahidi olsun. Lakin jurnalist «Azimport»un əməkdaşlarını dinləmədən vəziyyətin birtərəfli əks olunduğu materialı dərc etmək qərarına gəldi.
O ki qaldı əməkhaqqına görə borca, təəssüf ki, bu mövcuddur. Biz bunu danmırıq. Lakin şirkətin ümumiyyətlə borcunu ödəmədiyini demək düzgün deyil. 2016-cı ilin mart ayının 16-na SOCAR-ın sifarişi üzrə «Azimport»un gördüyü bir sıra obyektlərin işıqlandırılması ilə bağlı işlər tam həcmdə yerinə yetirilib. SOCAR-ın bu işə görə ümumi borcu 778400 manat təşkil edir. Şirkət öz işini yerinə yetirib, SOCAR isə indiyədək ödəniş etməyib. Bizim bütün müraciətlərimiz hələlik cavabsız qalıb.
Nəticədə, «Azimport» yaranmış borcu şəxsui vəsait hesabına ödəməyə məcbur olub - həm görülmüş işlərə, həm də əməkhaqqına görə. 11 aprel tarixinə artıq 578222 manat ödənilib. Bu məbləğə əməkhaqqı üzrə borcun yarıdan çoxu da daxildir. Yerdə qalan vəsait əldə edilmiş avadanlıqların və tikinti materiallarının ödənişinə xərclənib.
Özünüz fikirləşin, əməkhaqqına görə borc 115837 manat idisə, bu gün bu rəqəm 57000 manatdır. Başqa sözlə, «Azimport»un 1 ildən artıq müddətdə işçilərə ümumiyyətlə maaş verməməsini söyləmək olmaz. Şirkət heç bir vəchlə öz öhdəliklərindən boyun qaçırmır, və SOCAR ödəniş etməsə də, özünün ehtiyat vəsaitlərindən insanlar qarşısında borcunu ödəyir», - X.Məmmədov belə deyib.
teref.az