“ARXADA DAYANAN ADAM” PUTİNİN XİLAS EDƏ BİLƏCƏKMİ? – “Rusiyanın yeni təhlükəsizlik təminatı”

4-05-2016, 10:09           

Viktor Zolotov həmişə ayıqdır. Terror aktı, çevriliş, üsyan və sairə – Vladimir Putinin hakimiyyətinə ziyan toxundura biləcək istənilən təhlükəyə qarşı, dövlət başçısının fərmanı ilə yenicə yaradılmış Milli Qvardiyanın rəhbəri məşğul olacaq. Duma qərar layihəsinə yalnız mayın 18-dən baxmağa başlayacaq. Lakin bəllidir ki, bu adi formalizmdən başqa bir şey deyil.

Müdafiə komissiyasının deputaları artıq yeni formalaşan təşkilata teror aktı, geniş miqyaslı iğtişaşlar və dövlət əhəmiyyətli obyektlərə hücum edildiyi təqdirdə kütləyə qarşı atəş açılması hüququ veriblər.

Nəticədə isə görünməmiş islahatlar aparılıb, dövlət başçısının keçmiş cangüdəni və dzyudo üzrə onun sparrinq partnyoru olan şəxs, ölkənin, təxminən, 350.000 nəfərlik daxili qoşunlarının rəhbərliyinə gətirilib. Bundan sonra o, bütün silahlara nəzarət edəcək və özəl mühafizə təşkilatları üzərində yoxlamalar həyata keçirəcək.

Güc strukturlarına daxil olanlar içərisində ordu generalı Viktor Zolotov Kreml orbitindəki bir çox rəqiblərini geridə qoymağı bacarıb. İctimai əlaqələrin modernləşməsi və inkişafı İnstitutunun prezidenti Fyodr Kraşennikov deyir: ”Onların hamısı 1970-1980-ci illərdə təhsil almış eyni nəslin nümayəndələrdir və bu şəxslər özlərinin dar dünyagörüşləri və Qərbə qarşı dərin nifrətləri ilə seçilirlər. Lakin bu qrupun içərisində Zolotov Putinin sağ əlinə çevrildi və bundan sonra hökumətin başı üzərindən fəaliyyət göstərəcək”.

Beləliklə, daxili işlər naziri Vladimir Kolokolsevi xüsusi təyinatlı dəstələrdən və əsasən də OMON və SOBR-dan məhrum etdilər.

- PİTER KLANI

Viktor Zolotov Ryazan şəhərində doğulub, 1970-ci illərdə DTK-nın 9–cu idarəsinin əməkdaşı kimi çalışıb. Bu idarə Sovet rəhbərlərinin təhlükəsizliyini təmin edirdi. 1991-ci ilin avqustunda Boris Yeltsinin təhlükəsizlik xidmətinin rəisi Aleksandr Korjakovun rəhbərliyi altında işləyib. O zaman Boris Yeltsin kommunist-konservatorların çevrilişinə qarşı çıxmışdı. Həmin dövrə aid olan fotoda, tankın üzərinə çıxmış Boris Yeltsinlə yanaşı Korjakov və Zolotovu da görmək olar. Hər necə olmasına baxmayaraq, Viktor Zolotov ilk əvvəl Piter klanının üzvüdür. O, islahatçı Anatoli Sobçakın cangüdəni işləyib və 1990-cı illərin əvvəlində Vladimir Putin ilə tanış olub.

1996-cı ildə Zolotov özəl sektora keçərək, güc strukturunun keçmiş nümayəndəsi və mafioz dairələrlə sıx əlaqələr saxlayan Roman Çepovun (əsl familiyası Belinson) ”Baltik-Eskort” mühafizə şirkətində işə başlayır. Çepov bir neçə cinayət işində fiqurant olub və 2004-cü ildə, 42 yaşında öldürülməsnə qədər xeyli sayda sui-qəsdən qurtula bilmişdi (Onun ölümü DTK-nın keçmiş agenti Litvinenkonun Londonda polonium ilə zəhərlənməsini xatırladır).

Zolotov öz dostu Çepovun dəfnində iştirak etmişdi. Həmin dövrdə o, artıq yenidən Kremldə idi. 2000-ci ildə prezident seçilən Vladimir Putin Zolotovu öz təhlükəsizlik xidmətinin rəhbəri təyin edir və o, 2013-cü ilədək bu postda fəaliyyət göstərir.

O dövrdən indiyədək Putin və Zolotov bir-birlərindən ayrılmayıblar. Hündürboylu Zolotov bütün fotolarda Putinin bir addım arxasında görünür. Deyilənə görə onun sədaqətinin sərhədi yoxdur. 2014-cü ildə “The New Times” Zolotova həsr edilmiş “Arxada dayanan adam” başlıqlı məqələsində yazırdı: ”O, prezidentin qidasına nəzarət edir, çünki zəhərlənə biləcəyindən daha çox qorxur”.

Putin tərəfindən ona açıq şəkildə etibar olunmasının faktlarından biri də, Gəlincikdəki sarayın məhz Zolotovun nəzarəti altında tikilməsidir. Qara dəniz sahilindəki 12 min kvadrat metrlik bu iqamətgah əslində prezidentə məxsusdur. 2014-cü ildə Zolotov daxili işlər nazirinin birinci müavini təyin olunur və beləliklə də onun Milli Qvardiyaya rəhbərlik yolu açılır (Müxalifətçi Aleksey Navalnının sözlərinə görə, Zolotovun əmlakının dəyəri 940 milyon rubldur).

- MÜHASİRƏYƏ ALINMIŞ QALA

Siyasi texnologiyalar mərkəzindən Aleksey Makarkinə görə, Milli Qvardiya yaradılması layihəsi Ukraynadakı Maydan hadisələrindən və həmçinin 2012-ci ildə Rusiyadakı kütləvi nümayişlərdən sonra meydana gəlib.

Dövlət başçısının ətrafı barəsində hər il yenilənən “Politbüro 2” məruzəsinin müəllifi Yevgeni Minçenko bildirir: “Hazırda “mühasirəyə alınmış qala” ideologiyası gücləndirilir və həmçinin “şahinlər”in mövqeyi möhkəmlənir. Milli Qvardiyanın meydana çıxmasının əsas məqsədi prezidentin birbaşa idarəetməsi ilə vertikal güc strukturunun yaradılmasıdır. Zoltov isə Putin ilə uzunmüddətli şəxsi əlaqələrinə görə mühüm rol oynayır”. Amma hər halda, bu cür başgicəlləndirici yüksəliş, heç də hamının ürəyincə deyil.

“Kommersant Vlast” jurnalındakı aqressiv məqələsində daha bir ”şahin” – İstintaq komitəsinin (Kremlin başlıca hüquqi vasitəsi) rəhbəri Aleksandr Bastrıkın xeyli irəli gedərək, KİV–lər və QHT-lər üzərində nəzarətin Çin modelinin tətbiqinə çağırıb.

Onun sözlərinə görə, Qərblə aparılan informasiya müharibəsində real fəaliyyət sipəri yaratmaq gərəkdir. Məsələ ilə əlaqədar Bastrıkın deyib: ”Artıq psevdoliberal dəyərlərin arxasınca düşərək, yalançı demokratiya oyunu oynamağa son qoymaq lazımdır.”

Belə görünür ki, Sovet hakimiyyəti ilə mübarizəni “buldoqların xalça altında çəkişməsi” adlandıran Uinston Çörçilin bu bənzətməsi öz aktuallığını itirib.

(“Le Monde” – Fransa)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.