General Vüsal Novrusov təhqirə yox, tənqidə layiqdir- Tənqidlə təhqiri ayıran qırmızı xətt
9-05-2016, 00:15
Media ilə bağlı nəzərə çarpan son tendensiya budur ki, xüsusilə iri çaplı məmurlar jurnalistlərlə məhkəmə çəkişməsinə getməməkdə maraqlı olmurlar. Bunun bir sıra obyektiv səbəbləri var. Əvvəla, tənqidi jurnalistika əvvəlki həddə və gücdə deyil ki, buna səbəb olan ciddi yazılar, araşdırmalar işıq üzü görsün. İkincisi isə, bunu edən məmur uzun müddət medianın nəzər diqqətini özünə fokuslamış olur ki, bu da onlara qəti sərf etmir. Vaxtilə bu mövzuya birbaşa aidiyyəti olan və hazırda da media kularlarında dolaşan bir söhbəti xatırlamaq lap yerinə düşər. Xeyli əvvəl, qüdrətli nazirlərdən biri tanınmış qəzetlərdən hansınısa məhkəməyə veribmiş.
Mərhum prezident Heydər Əliyev toplantılardan birində həmin adamı ayağa qaldıraraq, bunun səbəbini soruşanda, belə bir cavab alıb: “cənab Prezident, ağızlarına gələni yazırlar…” Heydər Əliyevin “görmürsən ki, hər gün məni də sağına- soluna tənqid edirlər?” kimi reaksiyası həmin naziri dərhal iddiasını geri götürməyə vadar etmiş olub və uzun müddət qüdrət sahibi olan vəzifəlilərin bir çoxu jurnalistlərlə məhkəmə çəkişməsinə getməkdən çəkindilər.
Mediaya bəslədikləri rəğbət səbəbindən tənqidə dözümlü yanaşan tanınmış vəzifə sahibləri də az deyil. Onların adını bir-bir sadalamaq da olar, ancaq hesab edirəm ki, bu bizi mövzudan bir qədər yayındırmış olar. Yəqin ki, hamımız tənqidlə təhqirin arasındakı fəqin nədən ibarət olduğunu bilməmiş deyilik. Şəxsən mənim tənqidə görə, hansısa media qurumu ilə münasibətini hüquqi müstəvidə aydınlaşdırmaq istəyən məmura olan münasibətim mənfidir. Bunun üçün bir sıra başqa qanuni mexanizmlər var ki, mütləq onlara baş vurulmasını zəruri sayıram. Məsələnin digər mənfi aspekti isə, Azərbaycanın bir dövlət kimi imici ilə bağlıdır. Götürək ki, hansısa məmur təsir rıçaqlarından istifadə edərək və ya bunu etməyərək X bir jurnalistin xüsusi ittiham qaydasında cəzalanmasına nail ola bildi. Məlumdur ki, bu cür işlər dərhal beynəlxalq qurumların hesabatına düşür və Azərbaycan bağlı hazırlanan hesabatlarda həmin detal hökumətin söz azadlığına etdiyi basqı kimi qiymətləndirilir. Bizə bu da lazım deyil…
İndi gəlin özümüzü mediada tənqid yox, təhqir edilən bir məmurun yerinə qoyaq. Çox pis formada təhqir edilən, şərəf və ləyaqəti alçaldılan, hətta ən ağır dövləti cinayətdə ittiham edilən hansısa məmur nə etməlidir? Biz jurnalistlərdən hansımızısa küçədə getdiyimiz yerdə həmin yazılan ifadələrlə təhqir etsələr, bunu cavabsız qoyarıqmı? Əminəm ki, yox! Hətta çoxumuz buna görə dava-dalaş belə etmiş olarıq. Təhqirə məruz qalmış məmur gəlib bizə bir sillə vursa və ya zəng edib telefonda adekavat olaraq bizi təhqir etsə, təsəvvür edirsiniz da nə baş verər?
Qaldırılan şüvən ərşə dirənər. Deməli, biz jurnalistlərin də üzərinə ağır bir missiya düşür ki, qanunların və Azərbaycan şəraitinin bizə imkan verdiyi imkandan sui-istifadə etməyək. Ölkəmizdə bu sarıdan vəziyyət doğrudan da acınacaqlıdır. Bunun da böyük zərbəsi məhz peşəkar jurnalistlərə dəyir. İndi jurnalist və ya KİV adına iddia etmək ən asan məsələdir. Cəmi bir neşə yüz manatla sayt yaradıb media sahəsində meydan “sulamaq” elə də çətin iş deyil. Təəssüflər olsun ki, bəzən həmin diletantların yazdıqları təhqirlər, məqsədlərinə qısa zamanda nail olmaq üçün seçdikləri metodlar və jurnalistika ilə qəti şəkildə uzlaşmayan yazı üslublarına da KİV mövqeyi, jurnalist yanaşması kimi qiymət verilir.
Nadir halda əldə edə bildiyimiz bu istirahət günündə məni bu mövzuya toxunmağa vadar edən başlıca səbəb tanıdığım jurnalistlərdən birinin qüdrətli bir məmur tərəfindən məhkəməyə verilməsi oldu. Söhbət Bakı Gömrük İdarəsinin rəsi, general Vüsal Novruzovun AzToday.az saytının baş redaktoru Elmidar Əliyev barəsində CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilərək cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhkəməyə etdiyi müraciətdən gedir.
Bu mövzu ilə bağlı iki fərqli yanaşma ortaya qoymuşam. Məqalə şəkilndə deyil, sosial şəbəkələrdə yazılan həmin statuslarla bağlı çoxlu reaksiyalar aldım. Əvvəl, çiynində general paqonu gəzdirən Vüsal Novruzovun kasıb bir jurnalisti həbs etdirmək istəyinə mənfi yanaşdım, onun bu hərəkətini sərt tənqid etdim. Çünki bilirdim ki, Vüsal Novruzovun media ilə fərqli bir davranış metodu var. Daima ən ciddi şəkildə tənqid olunan bir məmur olaraq onun praktikasında məhkəmə üsulunu seçmək kimi taktikaya rast gəlməmişdim.
Hazırda Vüsal Novruzova bu işdə yaxından kömək edən “dostları” onun bir çox saytlarla əməkdaşlığına nail olublar. Əslində isə, bununla Vüsal müəllimə yaxşılıq deyil, pislik ediblər. Məhz bu amil Vüsal Novruzovu daha çox şəbəkələşmiş saytların diqqətinə gətirmiş olur. Yəni “digər saytlardan bizim nəyimiz kəsirdi” prinsipi onu daima fərqli media quruluşlarının diqqətində saxlanmasına rəvac verir. Onların da yazı üslüblarında isə sərt və amansız təhqirlərə rast gəlmək elə də çətin məsələ deyil. Hətta bizdə belə bir məlumatlar da var ki, Vüsal Novruzovla bəzi saytların arasında “poçtalyonluq” edənlərin özləri bəzi saytlara onun vurulmasını sifariş edir. Məqsəd aydındır.
Problem olmayanda həmin “poçtalyon”ların bazarı ölmüş olur. Vüsal Novruzovun da kristal olduğunu iddia edə bilmərik. Çünki ölkənin mühüm bir sahəsinə nəzarət edən həmin adamın kurasiya etdiyi sfera çox gəlirli və daim diqqət mərkəzində olanlardan sayılır. Təbii ki, belə yer barədə tənqidi mövzuların yazılmasına səbəb ola biləcək neqativlikləri tapmaq çətin deyil. Ancaq təəssüflər olsun ki, Vüsal Novruzovu əhatə edən media “dostları”nın onun sadə bir tənqidə də narahat olan məmur kimi xarakterizə etmələri daha çox general barəsində əsassız məlumatların saytlara ayaq açmasına rəvac vermiş olur. Prinsip belədir: “ağzına gəlni yaz, istəyinə çatassan”.
Məsələ ilə bağlı birinci yanaşmandan sonra, bir nəfər həmkarın məndən məhkəmə predmeti olan məqaləni oxuyub-oxumadığımı soruşdu. Doğrudan da oxumamışdım. Maraq məni bürüdü. Məhkəməyə verilən jurnalistin özündən həmin məqaləni mənə göndərməyi xahiş etdim. Oxudum və dəhşətə gəldim. Ciddi sübut və dəlil olmadan belə mətləblərə toxunmaq olarmı? Nələrdən söhbət getmir. Detallarına toxunmayacam, ancaq ordakı bir cümləni oxumaq mənə kifayət etdi ki, Vüsal Novruzovun seçdilyi taktikanın dügün olduğu qənaətinə gələm. Məqalədə belə bir cümlə var: “Bununla da Vüsal Novruzov vətənə və dövlətə xəyanət etmiş oldu…”
Mövcud hakimiyyətin hesabına hər istəyinə çatan, hətta cavan yaşında general rütbəsini belə əldə edən adam KİV-də yayılan bu cümlənin qarşısında nə etməlidir? Ya buna reaksiya verməməlidir. Bu da mümkün deyil. Çünki bu addımı ilə onunla rəqabətdə olanların əlinə ciddi arqument vermiş olardı və belə ittihamın Vüsal Novruzov tərəfindən asanlıqla həzm edilməsi onun karyerasının sonu ola bilərdi. Təbii ki, bu şəraitdə generalın məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmırdı. Mən bu qənaətimi hazırda cavabdeh kimi prosesə cəlb edilən Elmidarın özü ilə də bölüşdüm. Ölkənin ən aparıcı media quruluşlarında çalışmış peşəkar jurnalist olduğu üçün ona məqalədəki detallarla bağlı iradımı bildirdim. Başqa kateqoriyaya aid jurnalist olsaydı bunu edən deyildim. Mənimlə razılaşdı, ancaq bir faktı da dedi ki, cavabdeh kimi məhz onun göstərilməsi anlaşılan deyil. Çünki o həmin yazını başqa sayta istinadla verib və həmin yazı bu gündə sözügedən saytdan yığışdırılmayıb.
Elmidarın əsəaslandırması isə budur ki, KİV haqqında qanun bu məsələdə onun deyil, digər saytın cavbdeh kimi göstərməsini şərtləndirir. İstənilən halda, biz bu məsələnin sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq. Çünki yuxarda sadaladığım səbəblərə görə hansısa jurnalistin cəzalandırılmasının bizə zərrə qədər xeyiri olmayacaq. Ancaq belə sitasiyada olan məmuru da başa düşməliyik…
MƏHƏMMƏDƏLİ QƏRİBLİ
P.S. Vüsal Novruzovla indiyə qədər heç bir şəxsi təmasım olmayıb. Hesab edirəm ki, Vüsal Novruzov təhqirə deyil, daha ciddi tənqidə layiq olan məmurlardandır. Bu yazını yazmaqda başlıca məqsədim tərəflərin barışığına nail olmaqdır.
P.S.S. teref.az olaraq Məhəmmədəli bəyin arqumentləri ilə tam razıyam və deyə bilərəm ki, tənqid olmayan yerdə inkşaf ola bilməz və bunu rəhmətlik H. Əliyev yaxşı bilirdi. Arzu edərdim ki, Vüsal bəy öz şikayətini geri götürsün, tənqidə qarşı dözümlü olsun necə ki, bu günə qədər dözümlülük nümayiş etdirmişdi. Jurnalistlərimiz isə təhqirə yol verməsinlər, axı tənqid üçün nə qədər desən temalar var! Tənqidlə təhqiri ayıran qırmızı xətti keçmək lazım deyil cənablar!
teref.az - Nurəddin Xoca