Cadu da var, onu təmizləyən də? - “Azərbaycanda elə cadugər varsa, Zəngəzur dəhlizini....”

1-09-2022, 12:05           
Cadu da var, onu təmizləyən də? -
Cadu da var, onu təmizləyən də? -“Azərbaycanda elə cadugər varsa, Zəngəzur dəhlizini....”

Əsrlərdir cadugərlik mübahisəli mövzu kimi qalmaqdadır.

Caduya inanan və inanmayan insanlar var. İşləri yolunda getməyən, çətinliyə düşən kimi falçı və öncəgörücü qapısı döyən insanlar kifayət qədərdir. Kimisi bu yolla bəxtinin açılacağına, kimisi qazancının, ruzi-bərəkətinin artacağına, kimisi ev alacağına inanır. Bir sözlə, inam, ümid sonda insanı bu yolu sınamağa vadar edir.
Bədii ədəbiyyat nümunələrimizdə yazıçılar nə qədər bunu cahillik adlandırsalar, cadugərliyi kəskin tənqid edən əsərlər yazsalar da, insanların caduya marağı qalmaqdadır. Bunu ara-sıra cadugərlərin toruna düşən, aldadılan insanlara aid mətbuatda yayımlanan xəbərlərdə də görə bilirik.

Üsullar dəyişib

Hətta müasir dövrdə falçılar sosial şəbəkələr vasitəsilə insanların falına baxır, bərəkət duası, sevgi, qovuşma və ayrılıq kimi məsələlərə dair cadu hazırladıqlarını bildirirlər. Müasir dövrün cadugərləri gördükləri işin qarşılığında pulu da kart vasitəsilə alırlar. Bəzi insanlar baxıcı-cadugərlərin bu yolla onları aldatdıqlarını, pullarını, qiymətli əşyalarını əllərindən aldıqlarını deyirlər. Bəziləri isə müqəddəs kitablarda belə cadunun və cadugərliyin olmasını əsas gətirərək caduya və onun təsirinə inanırlar.

“Sehirli şam”larla gələn və gedən pullar

Paytaxt Bakıda “sehrli şam”lar satılan mağazalar da fəaliyyət göstərir. İddia olunur ki, həmin şamlar müxtəlif arzuların həyata keçməsində rol oynayır və yaxud “göz dəyməsi”nin qarşısını alır, evə edilən cadu və sehri təmizləyir. Şamların qiyməti adi şamların qiymətindən dəfələrlə bahadır. Əsasən İsrail və Rusiyadan gətirildiyi iddia olunan şamlar 35-40 manata satılır.

“Peyğəmbərə də cadu edilib”
Cadugərlik haqqında müqəddəs hesab edilən dini kitablarda da bəhs edilir. “Qurani-Kərim”in "Nas” və "Fələq” surələri cadugərliyə həsr olunub.

İlahiyyatçı Tural İrfan mövzu ilə bağlı Cebhe.info-ya danışarkən peyğəmbərin özünə də cadu edildiyini bildirib:

“Bəzi mənbələrə görə, peyğəmbərin özünə də o dövrdə yaşayan yəhudi kahinləri tərəfindən sehr edilmişdi və o, özünü çox narahat hiss edib. Buna görə də “Qurani-Kərim”də iki surə nazil edilib.

Cadugərlik, sehrkarlıq məsələsi qədimdən mövcud olub. Hərçənd ki, elmi yanaşmlar müxtəlifdir. Yəni bəzi alimlər bunun mövcudluğunu qəbul edir, bəziləri etmir. İnsanlar bəzən cadugərliyi, sehrkarlığı dinlə paralel, dinin tərkib hissəsi, dinə aid olan bir sahə kimi düşünürlər. Amma bu, tam fərqli bir şeydir, dinə aid olmayan məsələdir. “Qurani- Kərim”də və ondan əvvəlki səmavi kitablarda cadugərlik haram hesab olunur və qadağan edilir. Hətta “Qurani-Kərim”də bununla bağlı ətraflı şərh var ki, cadu Allahın lənətlədiyi mələklər tərəfindən qədim Babilistanda insanlara öyrədilmişdi. İnsanlar da Süleyman peyğəmbərdən buvaxtadək cadugərliklə məşğul olub, müxtəlif şər əməllər, şeytan işləri görüblər”.

““Quran” da, elm də təsdiq edir ki…”

İlahiyyatçı deyir ki, İslam dinində bu, birmənalı və sərt şəkildə haram hesab olunur. İslam hüququnda cadugərə ən qatı cəza hökmü tətbiq edilir. Lakin bu qadağalara baxmayaraq, insanlar bununla məşğul olurlar.

İlahiyyatçı hesab edir ki, cadunun həm təsiri var, həm də cadunu batil etmək mümkündür:

“Cadunun təsirinin olduğunu “Qurani-Kərim” də, elm də təsdiq edir. Yəni “Qurani-Kərim” bunun mövcudluğunu təsdiq edir. Din bunu şeytan və şər qüvvələrlə həyata keçirildiyini deyir, elm isə ona mənfi enerjinin yönləndirilməsi deyir. Cadunun təsirinə qarşı İslam dinində, “Qurani-Kərim”də müxtəlif metodlar var. Cadu əməllərini batil etməkdən ötrü müxtəlif metod və qaydalar var. Bunlar peyğəmbərin dövründə də olub, indi də var. Elimizin adətində də nəzər götürmək, göz muncuğu kimi şeylər də bir növ ona aiddir”.

Cadunu necə götürməli?

Cadunun təsirini götürən mütəxəssisin bizdə olmadığını deyən Tural İrfan başqa islam ölkələrində mütəxəssisin yetişdirildiyini bildirib:

“Onun təsirini aradan götürmək üçün, təəssüf ki, bizdə mütəxəssislər yoxdur. İslam ölkələrində bununla məşğul olan peşəkar insanlar var, çünki o ölkələrdə bunun məktəbləri var. Yəni sehri poza bilən insanlar var. Bizdə bu, primitiv şəkildədir. Bəziləri isə şarlatanlıqla məşğuldur, bu şeyləri bildiyini iddia edərək, yəni guya həm cadu edib, həm də cadu poza bilirlər. Son dövrlər sosial şəbəkələrdə bunlar geniş yayılıb. Biz hüquqi ölkədə yaşayırıq, birmənalı olaraq bunun qarşısı alınmalıdır, çünki bu, açıq-aşkar dələduzluqdur. Onlar, əslində dələduzlardır. Çoxunun dinə aidiyyəti yoxdur. Sadəcə, din donuyla pərdələnib özlərinə imic yaradırlar. İnsanlar müqəddəsliyə qiymət verdiklərinə görə bunlara inanılar”.

“Azərbaycanda elə cadugərlər varsa, Zəngəzur dəhlizini açsınlar”

İlahiyyatçı əsl savadlı həmkarlarının o metodların hamısını bildiyini vurğulayıb. Lakin bunun normal qazanc yolu olmadığını qeyd edib:

“Amma heç biri onunla məşğul olmur. Çünki o, bir qazanc yolu, metodu deyil. Kiməsə cadu ediblərsə, müxtəlif “Quran” surələri var ki, Allaha yaxınlaşma yolu ilə həmin şeydən təmizlənir. Psixoloji dəstək verilir və mənfi enerjidən qurtulur. Cadugərliyin o qədər dərin kökü, əsası yoxdur. Sadəcə, illuziyadır, mənfi enerjini müxtəlif istiqamətə yönləndirməkdir. Əgər cadunun yüksək səviyyədə təsiri olsaydı, onda dünyada bütün problemləri onunla həll edərdilər. Müharibələr olmazdı, elə biz Qarabağı da onunla alardıq. Azərbaycanda elə cadugərlər varsa, yığılsınlar Zəngəzur dəhlizini açsınlar. Niyə bu qədər danışıqlar aparırıq?! Yəni belə çıxır ki, cadugərlər xırda işlərin öhdəsindən gələ bilərlər. Kiminsə arasını vursunlar, kiminsə evini yıxsınlar, iki adamı biri-biirnə düşmən eləsinlər. Bu da sübut edir ki, bunun hamısı dələduzluqdur. Hesab edirəm ki, cadugərliklə məşğul olanlar məsuliyyətə cəlb edilib, haqlarında cinayət işi açılmalıdır. Amma həmin işləri təmizləyən, insanların canını xilas edən adamlara mənfi yanaşmaq olmaz. Onların adlarını cadugərlərin gözünə qatmaq ədalətsizlik olar. Hətta onlar din adamları hesab edilə bilər”.

Günay Şahmar
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.