Dəhşətli yanğının 1 ili tamam oldu. Bəs bu 1 ildə nə dəyişdi?
19-05-2016, 11:27
Bu gün, paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında 15 nəfərin həyatına son qoyan, 56 nəfərin isə xəstəxanalıq olduğu yanğından bir il ötür. Düzdür, yanğın baş verdi, dünyadan köçənlər köçdü, yaralananlar sağaldı. Hadisənin səbəbkarları da saxlanıldı və həbs edildi. Baş Prokurorluq bununla bağlı müvafiq bəyanat da yaydı. Gəlin ilk əvvəl bu bəyanatının bir hissəsinə nəzər salaq.
“Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib”.
Bundan əvvəl isə qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə edən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.
Bəli, burada ən diqqət çəkən məqam- “keyfiyyətsiz üzlüklərlə binada fasadlama işləri aparmaq” məsələsidir.
Yanğından dərhal sonra ölkə başçısı bənzər materiallarla üzlənmiş binaların üzlüklərinin sökülülməsi və yanğına davamlı materiallarla yenidən üzlənməsi barədə tapşırıq verdi. Bu tapşırıqdan sonra paytaxtın əksər hissələrində oxşar üzlüklü binaların üzlüklərinin sökülməsi və yeniləri ilə dəyişdirilməsi prosesi başlandı.
Hazırda bizi maraqlandıran bir neçə vacib suallar var: “Bu yanğın yenidən təkrarlana bilərmi? Təkrarlanmaması üçün müvafiq strukturlar ötən bir il ərzində hansı addımları atıblar?. Bizim üçün aydınlaşdırılması vacib sualları Bakının yerli icra hakimyyətlərinə ünvanladıq.
İlk əvvəl elə hadisənin baş verdiyi Binəqədi Rayon İcra Hakimiyyətinin (BRİH) ötən bir ildə hadisənin təkrarlanmaması üçün hansı işlər gördüyünü öyrənməyə çalışdıq. İcra hakimiyyətindən bildirdilər ki, sualları cavablandırmaqla mükəlləf şəxs ictimai-siyasi və humanitar məsələlər şöbəsinin rəhbəri Elman Dadaşovdur. Lakin Elman müəllimlə əlaqə saxlamaq istəklərimiz heç bir vəchlə baş tutmadı. Çünki Elman müəllim zəhmət çəkib telefonun dəstəyini əlaqə saxladığımız 10 gün ərzində bir dəfə də olsa qaldırmadı.
Onun rəhbəri olduğu şöbədən isə gün ərzində görülən işlər barədə məlumatın redaksiyamıza veriləcəyi deyilsə də, onların bu vədləri də yalan oldu. Halbuki, hadisənin episentr (mərkəzi) məlum hadisəyə görə elə məhz bu icra hakimiyyətidir. Çünki bu qurumdan yanğından sonra hətta həbs edilən vəzifəli şəxs də olub, o zaman BRİH-nin açıqlama verməsi labüd idi. Lakin onlar susmağı seçdilər.
Digər bir rayon- Yasamal Rayon İcra Hakimiyyətindən (YRİH) bildirdilər ki, hadisə baş verən zaman YRİH-in balansında 33 yanar üzlüklərlə üzlənmiş bina vardı. Ötən bir il ərzində bütün binaların üzlükləri dəyişdirilib və oda davamlı materillarla təchiz edilib.
Nərimanov rayonunda da ötən bir uğurlu olub desək yanılmarıq. "Rayon ərazisində 34 belə üzlüklü bina olub ki, onlardan da hamısı dəyişdirilib və oda davamlı üzlüklərlə üzlənib".Bu fikirləri Rayon İcra Hakimiyyətindən bildirdilər.
Paytaxtın digər bir rayonu olan Xəzər rayonunda da binaların üzlüklərinin dəyişdirilməsi prosesi başa çatıb. Bu barədə rayon icra hakimiyyətindən məlumat verdilər. Bildirdilər ki, ölkə başçısının yanar konstruksiyalı üzlüklə üzlənmiş binaların sökülməsi, üzlüklərin yenilənməsi ilə bağlı verdiyi tapşırıqdan sonra rayon ərazisində olan 5 belə üzlüklü binada yenilənmə işləri həyata keçirilib.
Mövqeyini və bu bir il ərzində məlum məsələ ilə bağlı gördüyü işləri öyrənmək istədiyimiz Xatai Rayon İcra Hakimiyyətində də bəzi məmurların telefonla münasibəti heçdə yaxşı deyilmiş. Belə olmasaydı, adı çəkilən qurumdan binaların üzlənməsi ilə prosesin vəziyyəti barədə məlumat almaq mümkün olardı. Qurumdan bütün sualları cavablandırmalı olan şəxsin Rayon Təsərrüfat şöbəsinin böyük məsləhətçisi-memar Əhməd Veysəl oğlu Məmmədov olduğunu desələr də, Veysəl müəllim zənglərimizi cavablandırmadı.
Suraxanı rayonundakı vəziyyəti də bu sahədə qənaətbəxş hesab etmək olar. İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov açıqlama verərək bildirdi ki, rayon ərazisində yanar materiallarla üzlənmiş cəmi bir bina vardı: “Həmin bina da onsuzda yaşayış üçün hazır deyildi. Məlum hadisədən sonra müvafiq tapşırıq verildi və yanar konstruksiya ilə üzlənmiş binanın üz qabığı dəyişdirildi. Rayon ərazisində başqa belə təhlükə törədəcək bina yoxdur”.
Ərazisindəki binaların vəziyyətini öyrənmək üçün əlaqə saxladığımız növbəti icra hakimiyyəti Sabunçunun müvafiq qurumu oldu. Rayon icra hakimiyyəti başçısının köməkçisi Müslüm Mahmudov bildirdi ki, Sabunçu rayonu ərazisində cəmi 3-4 bina belə materiallarla üzlənmişdi. Onların da hamısının fasadı artıq dəyişdirilib.
Qaradağ rayonunda da binaların üzlüklərinin dəyişdirilməsi prosesi yekunlaşıb. İcra Hakimiyətinin Rayon təsərrüfatı şöbəsinin müdiri Rövşən Səmədzadə açıqlamasında bildirdi ki, rayon ərazində yanan fasadı yanar material olan cəmi iki bina vardı. Hər iki binada fasadın dəyişdirilməsi prosesi yekunlaşıb. Hazırda Qaradağ rayonunda yanma təhlükəli üzlüklərlə təchiz edilmiş heç bir dənə də olsa bina yoxdur.
Pirallahı rayonunu isə bu məsələdə digər rayonlardan fərqli olaraq xərcsiz rayon adlandırmaq olar. Çünki, digər rayonlarda bəzi binaların belə materiallarla üzlənməsi üçün pul ayrıldı. Daha sonra həmin üzlüklərin sökülməsi və yenilənməsi üçün yenidən maddi yardım ayrıldı. Pirallahı rayonunda isə belə yanar materillarla üzlənmiş bina ümumiyyətlə olmayıb. Bunu açıqlamasında rayon icra hakimiyyətinin rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Yusif Məmmədov dedi.
Nəsimi Rayon İcra Hakimiyyəti də Binəqədi rayonunun icrası kimi susmağa üstünlük verdi. RİH-nin əlaqə saxladığımız telefonlarını cavablandıran olmadı. Halbuki həmin qurumdan da, gün ərzində sorğumuzun cavablandırılacağı bildirilmişdi. Hər halda, bu sahədə öz işini görən qurum suallardan və açıqlamalardan qaçmamalıdır.
Nizami rayonunu da bu sahədə Pirallahı kimi “rasxodsuz” rayon hesab eləmək. Çünki rayon icra hakimiyyətinin informasiya təminatı və təhlil sektoru şöbəsinin sektor müdiri Cavid Qafarov bildirdi ki, rayon ərazisində bir dənə də olsa, tez alışan materiallarla üzlənmiş bina olmayıb. Buna görə də, təmir-tikinti işlərinin aparılmasına ehtiyac qalmayıb.
Sabail Rayon İcra Hakimiyyəti (SRİH) isə bəzi icra hakimiyyətlərindən fərqli olaraq bizi get-gələ salan müəsisə oldu. SRİH-dən gah dedilər bu işə filankəs cavabdehdir. O filankəs dedi ki, mən deyiləm bəhmənkəsdir. Bir sözlə suallarımızı cavablandırmaq istəyən tapılmadı.
Bakının 12 rayonu var və bunların əksəriyyətinin mövqeyini öyrənə bildik. Mövqe bildirməyən icra hakimiyətləri çıxmaq şərti ilə digərlərində binaların üzlənmə prosesinin tamamən sona çatdığını bildirdilər. Ümid edirik ki, qurumların verdiyi bu açıqlamalar sadəcə açıqlama xatirinə verilməyib, doğrudan da vəziyyət qeyd edilən kimidir, bu sahədə heç bir problem yoxdur. Çünki insanların növbəti dəfə Fərəh kimi körpələri itirməyə taqəti yoxdur. Necə ki, Fərəh ailəsini sonuna qədər fərəhləndirə bilmədi...
Allah yanğın zamanı həyatını itirən bütün sakinlərə rəhmət eləsin...
//ANS Press