"İrəvan"da "xal" qalmadı... Kluba ayrılan pullar mənimsənilib, rəhbər həbs olunub, oyun "satış"ı iddiası var -

19-04-2024, 09:11           
"İrəvan"da "xal" qalmadı... Kluba ayrılan pullar mənimsənilib, rəhbər həbs olunub, oyun "satış"ı iddiası var -
Futbol üzrə milli çempionat son illər çox maraqsız görünür. Klubların əksəri paytaxtı təmsil edir. Bölgə komandaları Premyer Liqadan uzaq düşüb. Azarkeş marağı çox aşağı səviyyədədir. “Qarabağ” rəqiblərindən aşkar üstündür. Bunun məntiqi nəticəsi kimi, Ağdam klubu çempionluğunu vaxtından əvvəl rəsmiləşdirir. Birinci Liqada isə vəziyyət lap bərbaddır. Oyunların bir çoxunun danışıldığı bildirilir. Yəni nəticələr əvvəldən müəyyənləşdirilir.
Bizimyol.info xəbər verir ki, “İrəvan” klubu rüsvayçı mövsüm keçirir. Burada hələ çempionatın əvvəlində ciddi maliyyə böhranı yarandığı açıqlanmışdı. Yəni kluba ayrılan pullar mənimsənilib, rəhbər həbs olunub. “İrəvan” bəzən meydana çıxarmağa 11 futbolçu tapmır. Üstəlik, komandanın bəzi oyunları satdığı iddia olunur.

“İrəvan”ın bir çox məğlubiyyətləri şübhəli alınıb. Axırıncı dəfə komanda aprelin 4-də öz meydanında autsayder “Araz”a böyük hesabla uduzanda belə situasiya yaranmışdı. Epizodlardan birində hiss olunurdu ki, meydan sahiblərinin müdafiəçisi topu cərimə meydançasından uzaqlaşdırmaq istəmir. Budan istifadə edən “Araz”ın hücumçusu qol vurmuşdu. Həmin qarşılaşmada Saatlı klubu 4:1 hesabı ilə qalib gəlmişdi. “İrəvan” aprelin 17-də də uduzub. Bu dəfə də böyükhesablı məğlubiyyət qeydə alınıb. “Şamaxı” qonaq olduğu Bakı qarşılaşmasında 6:2 hesabı ilə qalib gəlib.

UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli vəziyyətin çox pis olduğunu etiraf edib. O bu dəfə başqa komandaların oyunundan şübhələndiklərini bildirib. Seymur Səlimli MOİK – “Difai Ağsu” görüşünün nəticəsinin şübhəli olduğunu deyib. Bukmeyker kontorlarında həmin qarşılaşmada düz 4 qol vurulacağına böyük pullar qoyulub. Qarşılaşma MOİK-in 3:1 hesablı qələbəsi ilə başa çatıb. Belə təsadüf ola bilməz. Hüquq-mühafizə orqanlarına müraciət olunub.

AFFA-da aprelin əvvəllərində rəhbər dəyişikliyi oldu. Rövnəq Abdullayevi Rövşən Nəcəf əvəz etdi. AFFA-nın yeni prezidenti müsbət mesajlar verdi. Ölkə futbolunun gələcəyi ilə bağlı nikbin düşünməyə ümid yaratdı. Hələlik onu ittiham etmək olmaz. Çünki MOİK – “Difai Ağsu” oyunu martda baş tutub. Amma ölkə futbolunda, milli çempionatda köklü islahatlara ehtiyac var. Oyun alveri utanılası hadisədir. Sərt tədbirlər həyata keçirilməlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.