Bərpa olunan enerji – dəb, yoxsa praqmatizm?!
27-05-2024, 07:34
Dünyada bərpa olunan elektrik enerjisi istehsalı vacib olmaqla yanaşı, həm də dəb halını alıb. Bəzən dəbə uyub orqanik və rasional yanaşmalardan kənar qərarlar alınır – bir çox dünya ölkələrində bunun örnəkləri var.
Alternativ, bərpa olunan, ekoloji enerjiyə keçid vacibdir, amma burada bəzi “tələlər” var: Özünün genəş-külək enerjisi əldə etmək üçün avadanlıq, komponentlər, proqram təminatı, mütəxəssisləri olmayan ölkələr faktiki olaraq enerji asılılığına düşürlər. Bu gün neft-qazdan asılı olan ölkələr var, amma bir müddət sonra günəş panelləri, külək “dəyirmanlarıdan”, onların təmiri, proqram təminatından asılı olan ölkələr yaranacaq. Bundan başqa günəş-külək enerjisi hasil edən stansiyaların quraşdırıldığı məkanlar da önəmlidir – verimli, əkinə yararlı olan yerlərdə günəş panellərinin quraşdırılması ciddi suallar doğurur.
Azərbaycan da tam sürət dünyada “dəb” olan bu mövzuya qoşulub, məmləkətin bu sahədə atdığı addımlar, dünyada bu mövzunu “diri” tutan mərkəzlərin xoşuna gəlir, tam dəstək almağa yardımçı olur – ölkəmizin bu vacib mövzuda olması pis deyil, əksinə, planlı şəkildə yanaşma olsa, məmləkət üşün əlavə iqtisadi fürsətlər də yaranar. İş yerləri, yerli mütəxəssislər, yeni istehsal sahələri yarana bilər, amma gərək qərarlar doğru, planlı və gələcəyə yönəlik olsun.
Bu gün xəbər yayıldı ki, hökumət Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid iki hissədən ibarət 940,0 hektar torpaq sahəsini gücü 240 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Yəni, 1000 hektara yaxın əkinə yaralı, və ya mal-qara saxlamaq üçün münasib olan ərazini niyə günəş panelləri ilə örtək ki?! Azərbaycanın 27% torpaqları şoranlaşıb, onları əkinə, aqrar sahəyə qaytarmaq üçün onmilyardlarla dollar yatırıma ehtiyac var, ölkənin isə bu qədər pulu yoxdur. Bakıdan Qazax istiqamətinə maşınla gedərdə həmin şoran, yararsız torpaqlar onlarla km uzanır, hətta peyzaj o qədər cəlbedici olmur ki, maşın sürəni də, sərnişinləri də yuxu basır.
Yaxşı, illah günəş panelləri düzüləcək, alternativ enerji istehsal olunacaqsa, niyə Qarabağ və Şərqi Zəngəzur kimi aqrar sahəyə yaralı torpaqlardan istifadə edək ki?! Elə Bakı ətrafından başlayaraq Kürdəmirə, Ucara qədər onminlərlə hektar ərazidə quraşdıraq, həm istehlakçılara yaxın olsun, həm də torpaqlardan belə istifadə etmək mümkün olsun – elə deyilmi?!
Ümumiyyətlə, bu məsələdə əhalinin, vətəndaşın iştirakını artırmaq lazımdır ki, həm məntiqli, həm də hamıya sərf edən modellər tapmaq mümkün olsun. Məsələn, qanunlara dəyişiklik etməklə, dövlətdən faizsiz kredit ayırmaqla ev təssərüfatlarının, özəl evlərin və biznes obyektlərinin damında günəş panellərini quraşdırmağı sürətləndirmək lazımdır. Vətəndaş həm öz elektrik enerjisi ehtiyacını ödəsin, həm də artıq qalan enerjini dövlətə, şəbəkəyə sata bilsin – texniki olaraq bu çox asan həll oluna biləcək məsələdir.
Bir daha: vacib, mühim olan bu məsələni “dəb” modundan çıxarıb praqmatik, orqanik, məntiqli Dövlət proqramına çevirmək lazımdır. Yerli istehsalın təşkilinə çalışmaq, yerli mütəxəssislər hazırlamaq lazımdır ki, 10 ildən sonra bu məsələlərdə xaricdən asılı duruma düşməyək və müasir enerji tranformasiyasından geri qalmayaq...
Natig Cəfərli
TEREF