“Faciədən qaçmaq olardı
27-05-2015, 01:46
Dünyada yanğınların əsas səbəbi yanğın təhlükəsizliyinin pozulması, texnoloji proseslər, elektrik şəbəkəsindən düzgün istifadə etməmək və sairədir.
Azərbaycanda isə yanğının əsas səbəblərindən biri bəzi məmurların öz vəzifəsini yerinə yetirməməsidir.
Qafqaz Xəbər Agentliyi bildirir ki,sübut kimi Azadlıq prospektində 16 mərtəbəli binada baş verən yanğın zamanı insanların, o cümlədən azyaşlıların həlak olmasını göstərmək olar.
Baş prokuror Zakir Qaralovun dediyi kimi hadisə yerinə gələn birgə istintaq qrupu müəyyən edib ki, ilkin versiyaya görə, yanğın üzlük materiallarının aşağı keyfiyyətdə olmasından baş verib. 91255-300x185
Həmin gün yanan binanı üzülklə örtmüş “Global Construction” şirkətinin rəhbəri saxlanılıb.
22 mayda isə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyev yanğın baş verən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına baş çəkiblər.
H. Abutalıbov bildirib ki, paytaxtda poliuretan üzlüklə üzlənmiş 140 bina var.
Abutalıbovun sözlərinə görə, bunlardan 64-ü 9 və 16 mərtəbəli binalardır. Bu binalara vurulmuş üzlüklərin 10 gün ərzində söküləcəyini deyən H. Abutalıbov qeyd edib ki, 2-3 aydan sonra paytaxt ərazisində poliuretan üzlüklə üzlənmiş bina qalmayacaq.
22 mayda pia.az saytı “Azimport” və “Global Construction” şirkətlərinin cinayətkar fəaliyyəti ilə bağlı yeni faktlar əldə edib.
Satyın yazdığına görə, bu şirkətlər Bakı və Abşeronda həyata keçirilən təmir-abadlıq və yaşıllaşdırma işləri sahəsində əsas inhisarçılar olublar.
“Azİmport” və “Global Construction” bir neçə iri məmur tərəfindən himayə olunmaqlarından istifadə edərək həm də Bakıda yüzlərlə ev və obyektin zərərli və təhlükəli materiallarla üzlənməsi ilə də məşğul olublar. Özü də büdcə vəsaitlərini talan etməklə…
Buzovnadakı Rasim İmanov küçəsində 2, 26, 28, 36 və 38 saylı, Mustafa Sübhi küçəsindəki 2 saylı binaların poliuretan üzlüklə üzlənməsi məhz bu iki şirkət tərəfindən həyata keçirilib.
Daha bir maraqlı detal. Fevralın 27-də Buzovnada 6 bloklu binada yanğın oldu. Məsuliyyəti sakinlərin üstünə atsalar da yanğın mənzillərdə yox, binanın süni örtüklü fasadında baş vermişdi. Binanın üzlənməyən hissəsi – həyətə baxan tərəfi isə yanmamışdı.
Pia.az-ın yazdıqlarının nə qədər həqiqətə uyğun olduğunu öyrənmək qərarına gəldik.
Və Xəzər rayonu yanğından mühafizə xidmətinə zəng elədik. Xidmətin əməkdaşı müxbirimizə bildirib ki, 27 fevral 2015-ci il tarixdə binada baş verən yanğı səbəbi üzlüklərin alışması olub.
Biz Bizovnadakı yanğından sonra hansı tədbirlər görüldüyünü öyrənmək qərarına gəldik.
Bunun üçün FHN-nin Yanğına Nəzarət Xidmətinin Suraxanı hissəsinə ( Buzovna qəsəbəsi bura aiddir) müraciət etdik.
FHN-in əməkdaşı Qafqaz Xəbər Agentliyinin (qafqaznews.org) müxbirinə bildirib ki: “ Biz Buzovnada yanğının hansı səbəbdən baş verdiyini deyə bilmərik. Çünki bunun üçün arxiv sənədlərini qaldırmaq lazımdır”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə müxbirimizə bildirib ki, əgər Buzovnada baş verən yanğından sonra tədbir görülsəydi, Azadlıq prospektindəki yanğından qaçmaq olardı.