Başgicəllənmə ürək çatışmazlığından xəbər verir? - Rusiyalı kardioloq həyəcan siqnallarından danışdı
31-10-2024, 18:38
Bəzi ürək xəstəlikləri özünü, demək olar ki, gözlənilmədən hiss etdirir, lakin bir sıra simptomlar ürək çatışmazlığından çox əvvəl problemi müəyyən etməyə və qarşısını almağa kömək edir.
Bu barədə rusiyalı kardioloq Anna Biryukova Lenta.ru-ya verdiyi müsahibədə danışıb.
Həkim qeyd edib ki, bəzən ilk ürək siqnallarından sonra insanı xilas etmək üçün sözün əsl mənasında bir neçə saat, hətta dəqiqələr qalır. Bunun baş verməməsi üçün o, orqanizmə diqqətli yanaşmağı və bir sıra hallarda təcili olaraq kardioloq müayinəsindən keçməyi tövsiyə edib.
İlk növbədə, Anna Biryukovanın sözlərinə görə, ürəyiniz adi halda olduğundan daha az ritmik işləməyə başlayarsa, xüsusilə də adi şəraitdə və fiziki yüklənmə olmadan bəzən sinənizdə çırpındığını, ritmini sürətləndirdiyini və ya yavaşlatdığını hiss edərsinizsə, o zaman kardioloqa müraciət etmək barədə düşünməlisiniz.
"Həmçinin gəzinti zamanı, məşq edərkən, pilləkənlərlə qalxarkən yaranan nəfəs darlığı da həyəcan siqnalı ola bilər. İnsana elə gələ bilər ki, hava çatmır, hər hansı bir fiziki hərəkət isə çətinliklə başa gəlir", - deyə həkim izah edib.
Biryukova, eləcə də, döş qəfəsində incidən, təzyiq edən və ya kəskin, "batan" ağrılar yarandığı zaman da həkimə müraciət etməyə çağırıb.
Həmçinin müntəzəm olaraq qan təzyiqi normadan - 80/120-dən yuxarı qalxarsa, başgicəllənmə, huşunu itirmə baş verərsə, ayaqlar şişməyə başlayarsa, bunlar da ürəkdə problemin yaranmasından xəbər verir.
Həkimin sözlərinə görə, əgər şiddətli sinədə güclü ağrı gözlənilmədən ortaya çıxarsa, o zaman təcili yardım çağırmaq daha yaxşıdır.