İsmayıllı İcra Hakimiyyəti cərimələnmiş "İsmayıllı Tikinti-27” ASC ilə müqavilə imzalayıb
Bu gün, 00:08

İsmayıllı Rayon İcra Hakimiyyəti 2025-ci ildə Mətbuat işçilərinin səfəri, Anım günü və Zəfər günü ilə əlaqədar tədbirlərin keçirilməsi üçün “İsmayıllı Tikinti-27” Açıq Səhmdar Cəmiyyəti ilə 17 min 351,9 manatlıq müqavilə imzalayıb.

32gun.az xəbər verir ki, sazişə əsasən, 27 Sentyabr Anım günü və 8 Noyabr Zəfər günü münasibətilə bir sıra tədbirlərin təşkili nəzərdə tutulur. Onların sırasında 250 nəfərlik bayram süfrəsinin açılması, 20 nəfər mətbuat nümayəndəsinin rayona səfəri və yerləşdirilməsi, Şəhidlər xiyabanının bəzədilməsi və çələnglərin qoyulması, həmçinin video və dron çəkilişlərinin aparılması var. Bundan başqa, 120 nəfərlik anım günü ziyafəti, 2000 nəfəri əhatə edəcək kütləvi tədbir üçün səhnənin qurulması, 5 tanınmış müğənninin iştirakı ilə konsert, eləcə də atəşfəşanlıq planlaşdırılıb.

32gun.az-ın əldə etdiyi digər məlumata görə, “İsmayıllı Tikinti-27” ASC bir müddət öncə Operativ vergi nəzarətinin yoxlamaları nəticəsində işçilərlə əmək müqavilələrinin rəsmiləşdirilməsində pozuntuya yol verdiyinə görə 2000 manat maliyyə sanksiyası ilə üzləşib.
Şirkətin nizamnamə kapitalı 339 144 manat təşkil edir, qanuni təmsilçisi isə Azad Əliyev Gülməmməd oğludur.
Mediada gedən məlumatlara görə, "İsmayıllı Tikinti-27" ASC bir neçə il əvvəl keyfiyyətsiz beton satmaqla gündəmə gəlib. 2018-ci ildə isə şirkətina dı rüşvət qalmaqalında hallanıb.
Başqa bir məqam isə şirkətin fəaliyyət istiqaməti ilə bağlıdır. ASC əsasən yenidənqurma və tikinti işlərini həyata keçirib. Şirkətin qalib gəldiyi tenderlər də adətən bu işlərlə bağlı olub.

Xatırladaq ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı isə Nahid Bağırovdur.O. 2020-ci ildən rayona rəhbərlik edir.