Rusiya Azərbaycana Xəzərdən HÜCUM EDƏCƏK? - Görünəni odur ki...
Bu gün, 10:48

Rusiyanın Xəzərdəki hərbi donanmasının gəmiləri komanda-qərargah təlimlərinə başlayıb. Bu təlimlər çərçivəsində bazaların ərazisinin, iqtisadi zonanın müdafiəsi və pilotsuz aparatların hücumlarının dəf edilməsi üzrə tapşırıqlar icra olunur. Bu barədə donanmanın mətbuat xidməti məlumat verib.
Kontr-admiral Oleq Zverevin rəhbərliyi altında 15-dən çox döyüş və təminat gəmisi manevrlərin praktiki mərhələsində iştirak etmək üçün açıq dənizə çıxıb.
Təlimlərə silahların praktiki şəraitdə tətbiqini nəzərdə tutan 25-dən çox döyüş epizodu daxildir. Onların arasında – pilotsuz katerlərin və pilotsuz uçuş aparatlarının zərbələrinin dəf edilməsi, eləcə də Xəzər dənizində iqtisadi fəaliyyət və gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi tədbirləri var.
Mətbuat xidmətinin xəbərinə görə, manevrlərin əsas vəzifəsi qeyri-standart tapşırıqların müasir silah və texnikadan istifadə etməklə həlli zamanı rəhbər heyətin idarəetmə bacarıqlarını artırmaqdır.
Hazırkı Rusiya-Azərbaycan münasibətlərini nəzərə alaraq, bu manevrlər ölkəmiz üçün nə dərəcədə təhlükəli ola bilər? Bu təlim, gözlənilməz hücuma və ya təxribata çevrilə bilərmi? Belə hadisələrin qarşısını almaq üçün Azərbaycan nə edə bilər?
Pressklub.az-ın suallarını tanınmış hərbi ekspert, Azərbaycan Müdafiə Nazirliyinin informasiya-analitik idarəsinin keçmiş əməkdaşı Azad İsazadə cavablandırıb.
Onun sözlərinə görə, hazırda Rusiya-Azərbaycan münasibətlərində gərginlik olduğundan, təbii ki, Rusiyanın istənilən hərbi fəaliyyəti bizi ehtiyatlı olmağa vadar etməlidir və başa düşməliyik ki, bu, bizim əleyhimizə yönəldilə və təxribatlar ola bilər.
“Amma qonşu ölkələrlə münasibətlərin səviyyəsindən asılı olmayaraq, hər hansı dövlət istənilən manevr və ya təlim keçirdikdə, qonşu dövlətlər mətbuatda səsləndirmədən, bəyanatlar vermədən dərhal öz qoşunlarını döyüş hazırlığı vəziyyətinə gətirirlər. Bundan əlavə, dəfələrlə müşahidə etmişik ki, qonşu dövlətlər hətta təlim zonasının yaxınlığında öz təlimlərini keçirməyə başlayırlar. Rusiyanın manevrləri zamanı NATO qoşunları belə edir. NATO və ya ABŞ hər hansı təlim keçirdikdə Rusiya eyni addımı atır. İran təlimlər keçirdikdə, bizim qoşunlar sərhəd boyu təlimlərə başlamasalar belə, öz döyüş hazırlığının gücləndirilməsi tədbirlərini həyata keçirirlər”, – ekspert izah edib.
O, əlavə edib ki, biz Rusiyanın Xəzərdəki təlimlərinin yalnız Azərbaycana yönəlmiş nümayiş olmadığını başa düşməliyik. Eyni zamanda, təlimlərə bu element də daxildir. “Mən ehtimal edirəm ki, bu təlimlərin ssenarisində hansısa təxribat xarakterli addımlar da var. Məsələn, təlimin bir hissəsinin Azərbaycanın dəniz sərhədlərinə çox yaxın ərazidə keçirilməsi və s. Amma onu da xatırlatmaq istəyirəm ki, təxminən bir ay əvvəl Ukrayna Rusiyanın Xəzər donanmasının gəmisinə hücum etmişdi. Səhv etmirəmsə, bu, Həştərxan vilayətindəki Olya limanında baş vermişdi. Onlar raketlə deyil, dronlarla, pilotsuz uçuş aparatları ilə zərbə endirdilər. Deməli, təbii ki, Rusiya tərəfi buna qarşı müdafiə məqsədilə dəniz təlimləri keçirməlidir.
İkincisi, Azərbaycanla münasibətlərin gərginliyi fonunda həm onlar, həm də biz pilotsuz uçuş aparatlarına, pilotsuz katerlərə və digər diversiyalara qarşı fəal əməliyyatlar üçün şəxsi heyətin təlimini keçiririk. Buna uyğun olaraq, Rusiyanın indi belə təlimlər keçirməsi səbəbindən, biz də heç bir elan vermədən öz dəniz sərhədlərimizin qonşu ölkələrin bizə qarşı istifadə edə biləcəyi müxtəlif pilotsuz, ekipajsız vasitələrindən müdafiə etmək üçün tədbirlər həyata keçirməliyik”, – İsazadə yekunlaşdırıb.